Medianews.az
Peter Macarın Viktor Orbandan fərqi nədir?
171 baxış

Peter Macarın Viktor Orbandan fərqi nədir?

Macarıstanda parlament seçkisində qalib gəlmiş Peter Macarın liderlik etdiyi Hörmət və Azadlıq Partiyasının quracağı yeni hökumətin xarici siyasətinin (o cümlədən Ukrayna ilə bağlı) Orban hökumətinin siyasətindən fərqlənməyəcəyi barədə deyilənlər həqiqətdən uzaqdır.

Peter Macarın keçirdiyi mətbuat konfransında söylədiklərini öyrənmək cəmi 2 dəqiqəlik iş olduğu halda, bu barədə dezinformasiyalara niyə ehtiyac duyulduğunu anlamaq çətindir.

P.Macar bildirib ki, Avropa Birliyi tərəfindən Ukraynaya 90 milyard avro kreditin ayrılmasına veto qoymayacaq, çünki bu, artıq bitmiş məsələdir və qərar hələ ötən ilin dekabrında qəbul olunub. O, sadəcə olaraq, Macarıstanın bu yardıma töhfə verməyəcəyini, çünki ölkədə çox mürəkkəb iqtisadi vəziyyətin yarandığını söyləyib. Həqiqətən hazırda Macarıstanın özünün Avropa Birliyinin yardımlarına ciddi ehtiyacı var və P.Macar Orban dövründə dondurulmuş AB fondlarının tezliklə sərbəst buraxılmasına çalışır.

Rusiya-Ukrayna müharibəsi barədə sualı cavablandıran P.Macar bu müharibənin qurbanının Ukrayna olduğunu və Macarıstanda hər kəsin bunu bildiyini vurğulayıb. Onun sözlərinə görə, heç kimin haqqı yoxdur ki, hansı şərtlər daxilində anlaşma əldə etməklə bağlı kənardan Ukraynaya nəsə desin: “Əgər Macarıstan əraziləri işğal olunsaydı, biz öz ərazilərimizdən imtina etməzdik, bu, xəyanət olardı...”

P.Macar bütün qonşularla olduğu kimi, Ukrayna ilə də dostluq münasibətləri quracaqlarını və yaxın vaxtlarda Zelenski ilə görüşəcəyini açıqlayıb. O, Putinə zəng etməyəcəyini, Putin telefon edərsə, onunla danışacağını və ondan Ukraynada insanları öldürməyə son qoymağı istəyəcəyini bildirib: “Bu, yəqin ki, qısa bir söhbət olardı...”

P.Macar Rusiyanı təhlükə kimi qiymətləndirərək xatırladıb ki, Macarıstan öz tarixində bu təhlükə ilə üz-üzə gəlib. O, hesab edir ki, Avropa Birliyi və ayrı-ayrı üzv ölkələr buna hazır olmalıdır. Rusiya ilə enerji əməkdaşlığına gəldikdə, P.Macar deyib ki, onun hökuməti mənbələri çeşidləndirməyə, bu sahədə rəqabəti artırıb, ən ucuz enerjini almağa və ölkənin enerji təhlükəsizliyini təmin etməyə çalışacaq, lakin bu, Rusiya neftindən imtina demək deyil. O qeyd edib ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra AB zatən Rusiyaya qarşı sanksiyaları ləğv edəcək və bu ölkə ilə əməkdaşlığı bərpa edəcək.

P.Macarın Ukraynanın AB-yə sürətləndirilmiş üzvlüyünə qarşı çıxmasını Ukrayna ilə bağlı yeganə neqativ məqam kimi qeyd etmək olar. P.Macar bu mövqeyini seçki kampaniyasında da ifadə edirdi. (Orban ötən illər ərzində aramsız təbliğatla Ukraynanı o qədər şeytanlaşdırıb ki, bu mövzuda ölkə içərisində müsbət fikirlər söyləmək asan deyil). Onun sözlərinə görə, müharibə aparan ölkə AB-yə qəbul oluna bilməz və bir çox üzv dövlət də bu cür düşünür, müharibədən sonra isə Ukrayna digər ölkələr kimi, üzvlük üçün təşkilatın kriteriyalarını yerinə yetirməlidir.

Peter Macar və Viktor Orbanın ideoloji baxımdan eyniləşdirilməsi də yanlışdır. Hər ikisinin sağçı olması və bir müddət eyni partiyada təmsil olunması bütün məsələlər üzrə eyni baxışları bölüşdükləri anlamına gəlməz. Sağ da, sol da çox geniş anlayışlardır və bütün sağçıların öz aralarında, eləcə də bütün solçuların öz aralarında həmrəyliyindən danışmaq gülünc olar. Viktor Orban liberal-demokrat kimi siyasətə başlayıb, sonradan tipik bir opportunist kleptokrat olaraq hakimiyyət maraqları naminə sağın ən sağına doğru - qatı mühafizəkarlıq və populist millətçilik xəttinə yönəlib. Peter Macar isə sağ-mərkəzçidir və liberal konservatordur. Ümumiyyətlə, Orban kimi adamlar şəxsi mənafeləri naminə hər cildə girməyə hazır olan buqələmundur, onların sabit və prinsipial ideoloji mövqeyi olmur.

Şahin Cəfərli,
politoloq

Bizə qoşulun