Medianews.az
Bakının etirazı Moskvanı çəkindirə biləcəkmi?
118 baxış

Bakının etirazı Moskvanı çəkindirə biləcəkmi?

Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinin yenidən hədəfə alınmasını birmənalı olaraq tam təsadüf kimi qiymətləndirmək, eyni zamanda bu hücumların yalnız Azərbaycana ünvanlanmış siyasi mesaj olduğunu da mövcud faktlarla qəti şəkildə təsdiq etmək çətindir.

Rusiya-Ukrayna müharibəsi gedişində SOCAR-a məxsus obyektlərə zərər vurulması faktları əvvəllər də baş verdiyi üçün son hücumun təsadüfən edilməsi versiyası tam inandırıcı görünmür. Adətən eyni xarakterli hadisənin bir neçə dəfə oxşar şəkildə təkrarlanması faktı onun təsadüf olması ehtimalını zəiflədir. Bununla belə, siyasi mesaj olduğunu tam sübut edən faktiki material da yox dərəcəsindədir.

Güman etmək olar ki, Ukrayna Rusiyanın yanacaq infrastrukturunu müntəzəm və sistemli şəkildə vurduğu kimi, Rusiya da Ukraynanın yanacaq və enerji infrastrukturunu sıradan çıxarmaq istəyir. Ümumiyyətlə, Rusiyanın son vaxtlar Ukraynanın enerji və yanacaq infrastrukturuna zərbələrinin kəskin şəkildə artması, hətta mülki obyektlərin də vurulması müşahidə olunur. Müxtəlif ölkələrə məxsus və ya müxtəlif operatorlar tərəfindən idarə olunan obyektlər də zərər görüb.

Bu baxımdan SOCAR-a məxsus yanacaqdoldurma məntəqələri də Ukraynanın yanacaq və enerji şəbəkəsinin tərkib hissəsi kimi Rusiyanın hücumlarının hədəfinə gəlir. Lakin məqsəd Ukraynanın yanacaq infrastrukturu olsa da, SOCAR-a məxsus obyektlərin seçilməsi Rusiyanın Azərbaycana bu yolla siyasi mesaj verməsi anlamına da gələ bilər. Eyni zamanda bu məsələdə həm hərbi, həm də siyasi motiv mövcud olması da mümkün sayılmalıdır.

Bu kontekstdə ən inandırıcı görünən mümkün variant budur ki, hücumların birbaşa hərbi məqsədi Ukraynanın yanacaq infrastrukturunu zəiflətmək olsa da, onların Azərbaycan-Rusiya münasibətlərinin onsuz da gərgin olduğu həssas bir vaxtda baş verməsi bu zərbələrə əlavə siyasi məna qazandırır.

Ümumiyyətlə bu son hadisəni Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan gərginliyin yeni keyfiyyət mərhələsi kimi yox, növbəti epizodu kimi qiymətləndirmək daha düzgün olardı. Belə ki, son bir neçə ayda iki ölkə arasında etimadın bir neçə istiqamətdə azalması özünü göstərir. Etimadın azaldığını göstərən amillərə diplomatik ritorikanın sərtləşməsi, qarşılıqlı etiraz notaları və səfirlərin Xarici İşlər Nazirliklərinə çağırılması, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı qarşılıqlı narazılıqlar, xüsusən Rusiyadakı Azərbaycan diasporunun fəallarının sistemli şəkildə həbsləri, Azərbaycanda cinayət törətdiyinə görə həbs olunan Rusiya vətəndaşlarının dərhal azad edilməsi tələbləri, media məkanında qarşılıqlı tənqidlərin və ittihamların artması, Bakıdakı “Rus evi”nin fəaliyyətinin bərpasının tələbi və s. aid edilə bilər. Məhz belə bir şəraitdə Ukraynada Azərbaycana məxsus dövlət şirkətinin obyektlərinin növbəti dəfə zərər görməsi hadisəyə sırf hərbi epizod kimi baxılmasını çətinləşdirir.

Güman etmək olar ki, Rusiyanın SOCAR-a məxsus obyektlərə zərbə endirməklə Azərbaycanın Ukraynadakı iqtisadi iştirakının risk daşıdığını göstərmək, ölkəmizin regional siyasətinə təsir etmək və Azərbaycanın xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırmaq, beynəlxalq aləmdə Azərbaycanın Qərbyönlü enerji və nəqliyyat layihələrinin tam təhlükəsiz olmadığı barədə təsəvvür yaratmaq istəyir.

Eyni zamanda Rusiya Güney Qafqazda və Qara dəniz hövzəsində əsas güc mərkəzlərindən biri olaraq qaldığını və zəifləmədiyini, regiondakı proseslərə təsir etmək imkanlarını qoruduğunu, regional təhlükəsizlik arxitekturasında hələ də əsas aktorlardan biri olduğunu, geosiyasi və geoiqtisadi maraqlarına toxunan məsələlərdə daha sərt, o cümlədən hərbi addımlar atmaqla reaksiya verməyə qadir olduğunu nümayiş etdirmək istəyir.

Rusiya həm də hər hansı formada Ukraynaya dəstək verən dövlətlərə bütövlükdə iqtisadi aktivlərin də geosiyasi mübarizənin təsirindən kənarda qalmadığını, müharibə şəraitində xarici investisiyaların yüksək risk altında olduğunu, Ukraynada iqtisadi fəaliyyət göstərən xarici aktorların da təhlükəsizlik problemləri ilə üzləşə biləcəyini göstərmək istəyir.

Rusiya həmçinin daxili auditoriyaya ünvanlanaraq geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün qətiyyət nümayiş etdirməsi obrazını gücləndirmək, hakimiyyətin daha sərt güc tətbiq etmək imkanlarını göstərmək, müharibə şəraitində siyasi legitimliyi möhkəmləndirmək məqsədi daşıya bilər.

Hesab edirəm ki, Azərbaycanın diplomatik etirazı zəruri və hüquqi baxımdan əsaslandırılmış addımdır. Beynəlxalq praktikada etiraz notası yalnız narazılıq ifadə etmək üçün verilmir. Etiraz notası həmçinin konkret məsələyə dair dövlətin rəsmi hüquqi mövqeyini ifadə edir, qarşı tərəfə hadisənin qəbuledilməz olduğunu bildirməklə analoji addımdan çəkindirmək məqsədi daşıyır, gələcək danışıqlar və ya beynəlxalq müstəvidə mümkün hüquqi-siyasi arqumentlər üçün əsas yaradır, qarşıdurmaya yol vermədən narazılığı diplomatik yollarla həll imkanının olduğunu ifadə edir.

Bu baxımdan Azərbaycanın reaksiyası beynəlxalq diplomatik praktikaya tam uyğundur. Lakin etiraz notasının Rusiyanın gələcək hücumların qarşısını təkbaşına alacağına zəmanət vermək mümkün deyil. Əgər zərbələr Ukraynanın yanacaq, enerji və logistika infrastrukturuna qarşı ümumi kampaniyanın tərkib hissəsidirsə, Azərbaycanın etirazı onların tam dayanmasına ciddi təsir göstərməyə bilər.

Lakin əgər SOCAR-a məxsus obyektlərə hücumlarda Azərbaycana yönəlmiş siyasi mesaj komponenti də varsa, diplomatik etirazın müəyyən çəkindirici təsiri ola bilər. Belə ki, Rusiya Azərbaycana müəyyən formalarda təsir göstərmək imkanını nümayiş etdirsə də, münasibətlərin tamamilə pozulmasını istəmir. Azərbaycan Güney Qafqazda Rusiya üçün tamamilə əhəmiyyətsiz aktor deyil, enerji, nəqliyyat, Xəzər regionu və Şimal-Cənub marşrutu kimi sahələrdə qarşılıqlı maraqlar qalmaqdadır. Bu mənada diplomatik jestlər müəyyən korrektələrə səbəb ola bilər.

Qulamhüseyn Əlibəyli,
siyasi təhlilçi

Bizə qoşulun