Bəlkə də yazının başlığı şişirtmə kimi qəbul olunacaq. Ancaq tələsməyin. Bir bu sözü oxuyun:
choʻl
Bu, əhalisinin sayına görə dünyada ikinci ən böyük türk dövləti olan Özbəkistanın hazırda istifadə etdiyi latın qrafikalı əlifbada, özbək dilində yazılmış bir sözdür.
İndi özbəklər latın qrafikalı əlifbada dəyişiklik etmək qərarına gəliblər. Qərar iyulun 6-da Özbəkistan parlamentinin (Ali Məclis) aşağı palatasında (Qanunvericilik Palatası) üçüncü oxunuşda qəbul olunub və baxılması üçün yuxarı palataya (Senat) göndərilib. Özbəkistanda latın qrafikalı əlifbada dəyişikliyi nəzərdə tutan qanun Senatda da təsdiqlənsə, bütün lazımi hüquqi proseduralardan keçib qüvvəyə minsə, özbəklər choʻl sözünü belə yazacaqlar:
çöl
Bəli, bu eynən Azərbaycan dilindəki çöl sözüdür. Özbəkistanın latın qrafikalı əlifbasında çe səsi CH,ch, ö səsi Oʻ,oʻ kimi qəbul edildiyinə görə çöl sözü choʻl yazılır.
Əgər Ali Məclisin Qanunvericilik Palatasının iyulun 6-da qəbul etdiyi qanun qüvvəyə minsə, özbəklər CH,ch və Oʻ,oʻ hərflərinin yerinə Azərbaycan əlifbasındakı kimi Ç,ç və Ö,ö yazmağa başlayacaqlar.
Bu hələ son deyil. Aşağıdakı sözü oxuyun:
xushchaqchaq
İndi bu sözü oxuyun:
xuşçaqçaq
Hansını rahat oxudunuz? Əlbəttə ki, ikincisini. Çünki ikincisində özbək dilindəki söz Azərbaycan əlifbasında yazılıb. Əgər iyulun 6-da qəbul edilmiş qanun qüvvəyə minsə, onda Özbəkistanda da xoşxasiyyət, xoşsifət, xoşnud, həmişə şən insan mənalarını verən xuşçaqçaq sözünü elə xuşçaqçaq kimi yazmağa başlayacaqlar. Qanunvericilik Palatasının qəbul etdiyi qanunda şe səsini SH,sh kimi yox, Ş,ş kimi yazmaq qərara alınıb.
Ardı da var. Aşağıdakı sözü oxuyun:
toʻgʻri
Bu, özbək dilində doğru, düzgün sözüdür. Əgər 6 iyul qanunu qüvvəyə minsə, özbəklər bu sözü belə yazacaqlar:
töğri
Başqa nümunələr:
oʻgʻil - öğil (oğul deməkdir)
yogʻ - yoğ (yağ deməkdir)
gʻoʻra - ğöra (qora deməkdir)
Latın qrafikalı özbək əlifbasında ğe səsi Gʻ,gʻ kimi yazılır. Qanunvericilik Palatasının üzvləri Gʻ,gʻ qrafik işarəsini dəyişib ğe səsini Ğ,ğ kimi yazmaq qərarına gəliblər.
Azərbaycanın bəzi dialektlərində “nq” diftonqu (məsələn, sənə, mənə sözlərinin “sənqə”, “mənqə” kimi deyilməsi) olsa da, əlifbamızda həmin diftonqu bildirən qrafik işarə - “sağır nun” hərfi yoxdur. Özbəkistan əlifbasında isə var. Və bu diftonq əlifbada NG,ng kimi yazılır.
Aşağıdakı sözü oxuyun:
ming
Özbək dilində min sözü belə yazılır. Qanunvericilik Palatası NG,ng hərfini əlifbadan çıxarmaq qərarına gəlib. Deməli, yenilik qəbul edilsə, özbəklər ming sözünü belə yazacaqlar:
min
ming odam – min odam (min adam deməkdir)
ming yil – min yil (min il deməkdir)
Əlbəttə, Özbəkistan Azərbaycan əlifbasına keçmir. Amma Özbəkistan Azərbaycanın da işlətdiyi ortaq türk əlifbasına və faktiki olaraq bu ortaq əlifbada eynən Azərbaycanın işlətdiyi bir əlifbaya keçir. Yazıya “Dünyanın ən böyük ikinci türk dövləti Azərbaycan əlifbasına keçir” başlığını bu hadisənin türk dünyası, xüsusilə Azərbaycan üçün nə qədər mühüm məsələ olduğunu oxucuya daha yaxşı çatdırmaq məqsədilə seçmişik. Yəni bu, hadisəni şişirtmək yox, hiss etdirmək, anlatmaq üçün seçilmiş bir başlıqdır. Hadisənin özü əslində başlıqda ifadə olunandan daha böyük əhəmiyyət daşıyır.
Özbəkistanın latın qrafikalı əlifbasında yalnız dörd hərf Azərbaycan əlifbasından fərqli yazılır. Qanunvericilik Palatası həmin dörd hərfin hamısını dəyişməyə, Azərbaycan əlifbasında olmayan hərfin (“sağır nun” hərfi) isə ləğvinə səs verib.
Ali Məclisin aşağı palatasında qəbul edilmiş qanunda əlifbada apostrof işarəsinin (’) saxlanması da qərara alınıb ki, həmin işarə oʻ və gʻ hərflərindəki apostrof (əslində tərs apostrof: ʻ) kimi səs dəyişdirici funksiya daşımır, hərfi dəyişmir. Özbəkistan əlifbasındakı apostrof (düz apostrof: ’) eləcə vaxtilə Azərbaycanda da işlədildiyi kimi səsin kəsik və ya uzanaraq tələffüz olunmasını təmin edir. Məsələn, bir vaxt biz məna sözünü apostrofla yazırdıq: mə’na. Özbəklər indi də bu sözü apostrofla yazırlar: ma’no.
Beləliklə, Özbəkistan Ali Məclisinin aşağı palatasının qəbul etdiyi əlifba layihəsi Azərbaycan əlifbasından yalnız apostrofuna görə (özbəklər apostrofa tutuq belgisi deyirlər) fərqlənir. Başqa fərq yoxdur.
Ortaq türk əlifbası - latın qrafikalı vahid türk əlifbası deməkdir. Sadə şəkildə izah etsək bu o deməkdir ki, türk xalqlarının hamısı, təbii ki, ilk növbədə türk dövlətləri, birincisi, latın qrafikalı əlifbaya keçir; ikincisi, bu əlifbaya keçərkən vahid bazadan – 34 hərflik ortaq əlifbadakı hərflərdən yararlanır, özünə lazım olan hərfləri yalnız bu bazadan götürür, fərqli hərf (qrafik işarə) qəbul etmir, nəticədə eyni səslər eyni hərflə, yəni “a” səsi hər yerdə “a”; “ce” səsi hər yerdə “c”; “şe” səsi hər yerdə “ş” kimi yazılır. “Ə” səsi üçün isə iki variantdan birini seçmək təklif olunur: “Ə, ə”, ya da “Ä, ä”.
Türk dünyasında vahid əlifba ideyasının yüz illik tarixi var. 1926-cı ildə Bakıda təşkil olunan Birinci Türkoloji Qurultayda qarşıya qoyulan məsələlərdən biri türk xalqlarının latın qrafikalı əlifbaya keçməsi, eyni zamanda bu məqsədlə latın qrafikası əsasında ortaq bir əlifbanın hazırlanması olub.
1928-ci ildə Türkiyə, 1929-cu ildə Azərbaycan, daha sonra digər türk xalqları latın qrafikalı əlifbaya keçib. Ancaq 1930-cu illərin sonunda Sovet İttifaqında proses dayandırılıb, türk xalqları, o cümlədən Azərbaycan kiril əlifbasına keçirilib.
1939-cu ildə Sovet İttifaqında türk xalqlarını kiril əlifbasına keçirəndə daha bir hiyləgərliyə əl atılıb, nəticədə türkdilli respublikaların heç birinin əlifbası bir-biri ilə tam üst-üstə düşməyib. Yəni Sovet İttifaqı ərazisində yaşayan türk xalqlarının hamısı kiril qrafikalı əlifbaya keçsə də, həmin əlifba heç də onlar üçün ortaq bir əlifba olmayıb.
1990-cı illərdə Sovet İttifaqının süqutu yenidən latın qrafikasına qayıdış şansı verib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edən kimi latın qrafikalı əlifbaya qayıdıb. Türkiyənin əlifbasında 29 hərf var. Azərbaycan həmin hərflərin hamısını tətbiq edib. Amma Azərbaycanda əlifbaya üç hərf - ə, q, x hərfləri də əlavə olunub.
Hazırda həmin üç hərfin hamısı ortaq türk əlifbasında var. Özbəkistan əlifbasında isə onlardan ikisi (q və x hərfləri) var.
1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunsa da, icrası bir qədər uzanıb. Bu prosesə 2001-ci ilin yayında nöqtə qoyulub. Həmin ilin avqustundan ölkə ərazisində bütün qurumlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçib, kiril əlifbasından istifadə qadağan olunub.
Sovet İttifaqının süqutu ilə dövlət müstəqilliyini bərpa etmiş Mərkəzi Asiyanın türk respublikalarında (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) isə proses hələ yekunlaşmayıb. Həmin respublikalar latın qrafikasına keçmək üçün yeni əlifbalar hazırlayıb qərarlar qəbul etsələr də, orada hələ ilk növbədə kiril əlifbasından istifadə edilir.
Toğrul Əli,
Medianews.az
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının qəbul etdiyi yeni əlifba:

Ortaq türk əlifbası:
