Medianews.az
Həm bol, həm də baha - Niyə belədir? -
149 baxış

Həm bol, həm də baha - Niyə belədir? - Qiymətlər enə bilərmi?

Mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə danısan Prezident İlham Əliyev deyib ki, yerli istehsal sayəsində Azərbaycan özünü tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə ilə 107 faiz təmin edir.

Eyni zamanda xatırladaq ki, Azərbaycanın ixracında neft-qaz sektorundan və qızıldan sonra ilk yerdə meyvə-tərəvəz gəlir. 2026-cı ilin yanvar-may aylarında Azərbaycan xaricə 354,8 milyon dollarlıq meyvə-tərəvəz satıb.

Azərbaycanın özünü meyvə-tərəvəzlə tam təmin etdiyi, hətta xaricə də kifayət qədər meyvə-tərəvəz ixrac edə bildiyi halda nə üçün ölkəmizdə meyvə və tərəvəzlərin qiyməti mövsümə görə çox bahadır? Bu qədər bolluqda qiymətlər niyə aşağı düşmür?

Medianews.az-ın suallarını cavalandıran iqtisadçı Xalid Kərimli bildirib ki, meyvə-tərəvəzin baha olmasının bir sıra səbəbləri var. Onun sözlərinə görə, səbəblərdən biri yetişdirmə xərclərinin yüksək olmasıdır: “İkincisi, məhsuldarlıqla bağlı məsələlər var. Çünki meyvə-tərəvəzin qiymətinin formalaşmasında məhsuldarlığın nə qədər olması əhəmiyyətli rol oynayır. Üçüncüsü, işçilik xərclərin çox olması, dərman xərclərinin artması, daşıma xərclərinin yüksəlməsidir. Yəni inflyasiya gedir, meyvə-tərəvəzin qiyməti də artır.

Bolluq məsələsinə gəldikdə, məsələ ondadır ki, meyvə-tərəvəz ixracata da gedir. İxracatın olması isə meyvə-tərəvəzin qiymətini artıran faktordur. İxrac o deməkdir ki, məhsulun bir hissəsi yerli bazara çıxmır, yönəlir xaricə. İxracın olması çox yaxşıdır, vacib məsələdir. Fermerlər buradan pul qazana bilirlər və fermerin də pul qazanması ölkəmiz üçün xeyirlidir”.

İqtisadçı qeyd edib ki, iki il bundan qabaq dizelin qiyməti 80 qəpik idi: “Sonra 1 manat oldu. 2025-ci ilin sonunda isə daha 10 qəpik bahalaşdı. Bu da daşıma xərclərini artırır. İşçiliyin inflyasiyası var, işçilik qiymətləri artır. Yəni fermerin meyvə yetişdirmək xərcləri artır, daşıma xərcləri artır, pul dəyərini itirir və buna görə satdığı məhsulun qiymətini artırmalıdır ki, qazana bilsin.

Sahibkar sata bildiyi ən yüksək qiymətə satmağa çalışır. Sahibkar, fermer və yaxud da tacir bizim daha ucuz almağımızı yox, özü daha baha necə sata bilir, onu fikirləşir. Yalnız görəndə ki, məhsulu əlində qalıb, sata bilmir, xarab olmasın deyə o halda satış qiymətini aşağı salır.

Beləliklə, meyvə-tərəvəzin qiyməti həm xərclərdən asılıdır, həm də məhsuldarlıqdan, bazara çıxarılan məhsulun, təklifin həcmindən. O biri yandan da ötən illərlə müqayisədə xərclər əhəmiyyətli dərəcədə artıb”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun