Medianews.az
Boşanma uşağa necə deyilməlidir? –
335 baxış

Boşanma uşağa necə deyilməlidir? – Psixoloqdan vacib TÖVSİYƏLƏR

Boşanma prosesi uşaqların emosional vəziyyətinə və psixoloji inkişafına təsir göstərən həssas mövzulardan biri hesab olunur. Bu mərhələdə valideynlərin uşağa vəziyyəti düzgün şəkildə izah etməsi və onu ailədaxili gərginlikdən uzaq tutması xüsusi əhəmiyyət daşıyır. Uşağın özünü təqsirkar hiss etməməsi və hər iki valideynin dəstəyini hiss etməsi vacib məqamlardan sayılır. Bəs boşanma xəbəri uşağa necə çatdırılmalıdır ki, bu proses onun üçün daha sağlam keçsin? Valideynlər bu prosesdə hansı davranışlardan çəkinməlidir? Uşağın emosional vəziyyətini qorumaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, boşanma uşaqların psixologiyasına necə təsir göstərir?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, boşanma uşağın həyatında ciddi dəyişiklik yaradan hadisələrdən biridir. Amma psixoloji baxımdan uşağa ən çox zərər verən məhz boşanmanın özü deyil, bu prosesin necə idarə olunmasıdır.

Onun sözlərinə görə, davamlı mübahisələr, aqressiya, qarşılıqlı ittihamlar və uşağın münaqişənin içinə çəkilməsi onun psixoloji sağlamlığına daha ağır təsir göstərə bilər:

“Boşanma xəbəri uşağa sakit, təhlükəsiz mühitdə və mümkün qədər hər iki valideyn tərəfindən birlikdə izah edilməlidir. Uşağa yaşına uyğun, sadə dillə bildirilməlidir ki, bu qərar valideynlər arasındakı münasibətlə bağlıdır və onun heç bir günahı yoxdur. Uşaq bilməlidir ki, valideynləri artıq birlikdə yaşamayacaqlar, amma hər ikisi onu əvvəlki kimi sevəcək və qayğı göstərəcək. Valideynlər bu prosesdə uşağı tərəf seçməyə məcbur etməməli, digər valideyni onun yanında günahlandırmamalı və uşağı vasitəçi kimi istifadə etməməlidirlər. “Atan bizi qoyub getdi”, “Anana görə ailəmiz dağıldı” kimi ifadələr uşağın emosional yükünü artırır və onda günahkarlıq, qəzəb və daxili konflikt yarada bilər”.

Psixoloq qeyd edib ki, boşanmadan sonra uşaqlarda kədər, narahatlıq, ayrılıq qorxusu, özünəqapanma, aqressiya, dərsə marağın azalması və ya davranış dəyişiklikləri müşahidə oluna bilər:

“Kiçik yaşlı uşaqlar bəzən valideynlərin yenidən barışacağını gözləyirlər, yeniyetmələr isə hisslərini daha çox aqressiya və ya susqunluqla ifadə edə bilirlər. Uşağın emosional vəziyyətini qorumaq üçün onun gündəlik həyatında mümkün qədər sabitlik saxlanılmalıdır. Məktəb həyatı, dostları, gündəlik rejimi və hər iki valideynlə münasibəti imkan daxilində davam etməlidir. Valideynlər uşağın hisslərini kiçiltmədən dinləməli, ağlamasına, kədərlənməsinə və sual verməsinə imkan yaratmalıdırlar. Əgər boşanmadan sonra uşaqda uzun müddət davam edən depressiv əlamətlər, güclü narahatlıq, yuxu və davranış pozuntuları, məktəbə uyğunlaşmada ciddi çətinliklər müşahidə olunursa, psixoloq dəstəyi almaq faydalı olar. Unutmaq olmaz ki, uşaq üçün ən vacib ehtiyac valideynlərinin birlikdə yaşaması deyil, özünü təhlükəsiz, sevildiyini və dəyərli hiss etməsidir. Valideynlər ayrılıqdan sonra da əməkdaşlıq edə və övladlarının emosional ehtiyaclarını ön planda tuta bilirlərsə, uşaq bu çətin dövrü daha sağlam şəkildə geridə qoya bilir”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun