İsrailin 1994-cü ildə imzalanmış Vadi Ərəbə Sazişi çərçivəsində İordaniya ilə qüvvədə olan su təchizatı razılaşmasını yeniləməyəcəyi iddia olunur.
Medianews.az xəbər verir ki, sazişə əsasən İsrail hər il Tiberiya gölündən İordaniyaya 50 milyon kubmetr suyu hər kubmetri 1 sent olmaqla güzəştli qiymətə tədarük edir.
İsrailin dövlət televiziyası KAN-ın xəbərində adı açıqlanmayan bir rəsminin sözlərinə istinadən bildirilib ki, hazırda müqavilənin yenilənəcəyi ilə bağlı heç bir gözlənti yoxdur. Mənbə qeyd edib ki, belə bir qərar İordaniyada narazılığa səbəb ola bilər.
Məlumata görə, İsrail tərəfi sazişin niyə yenilənmədiyi ilə bağlı hər hansı rəsmi səbəb açıqlamayıb. İordaniya hökuməti də məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
Xəbərdə xatırladılır ki, İranın İsrailə raket və pilotsuz uçuş aparatları ilə hücumları zamanı İordaniya öz hava məkanından keçən bəzi sursatları zərərsizləşdirmişdi. Amman bu addımın İsraili müdafiə etmək üçün deyil, ölkənin suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədi daşıdığını bəyan etmişdi.
Bununla yanaşı, İordaniya dövlət televiziyası Əl-Məmləkə daha əvvəl hökumətin İsraildən su asılılığını azaltmaq və ölkənin su təhlükəsizliyini təmin etmək üçün alternativ plan üzərində işlədiyini bildirmişdi.
Qeyd edək ki, İordaniya ilə İsrail arasında 1994-cü ildə imzalanan Vadi Ərəbə Sazişi iki ölkə arasında sülh münasibətlərinin əsasını təşkil edir. Sonrakı razılaşmalara əsasən, İsrail hər il İordaniyaya ümumilikdə 50 milyon kubmetr suyu güzəştli qiymətlə tədarük edir.
Medianews.az