Medianews.az
Bir "layk" hər şeyi dəyişə bilər –
211 baxış

Bir "layk" hər şeyi dəyişə bilər – Alqoritm bizim dalımızca düşüb, yoxsa biz alqoritmin?

Əvvəllər insan hansı kitabı oxuyacağını, hansı televiziya proqramına baxacağını və ya hansı qəzeti alacağını özü seçirdi. Bu gün isə milyonlarla gəncin qarşısına çıxan videoların, xəbərlərin böyük hissəsini platformaların alqoritmləri müəyyənləşdirir. Bir videoya baxmaq və ya bir paylaşımı bəyənmək növbəti günlərdə oxşar məzmunda saysız-hesabsız materialla üz-üzə qalmağa kifayət edir.

Belə olduğu təqdirdə ortaya sual çıxır: gənclər həqiqətən istədiklərini öyrənirlər, yoxsa sosial media platformalarının alqoritmləri onların qarşısına çıxardığı məzmuna uyğun düşüncə və maraq formalaşdırır?

Mövzu ilə bağlı Medianews.az-a danışan sosioloq Naib Niftəliyev qeyd edib ki, bu məsələ kifayət qədər aktual və gündəmdə olan problemlərdən biridir: “Təbii ki, insanların internetdə müəyyən axtarışlar etməsi, nəyisə seçməsi və ya izləməsi normaldır. Bu axtarışlar müəyyən sosial maraqları, fərdi davranışlara bağlı gözləntiləri təmin etmək, həmçinin işgüzar əlaqələri formalaşdırmaq məqsədi daşıyır. Hazırda internetdən fərqli şəxsi məqsədlər üçün istifadə edənlər cəmiyyətdə əhəmiyyətli çoxluq təşkil edir. Aydın məsələdir ki, hər bir insan internetdən həm işgüzar, həm də şəxsi və faydalı məqsədlər üçün yararlanmağa çalışır. Lakin buradakı alqoritmlər müəyyən mənada seçim imkanlarını optimallaşdırmaq üçün formalaşdırılıb.

Bəlli olan odur ki, son dövrlərdə bu alqoritmlər həddən artıq fəal və çevik işləyir. Onlar az qala insanın davranışını, fəaliyyətini və motivlərini fərqli bir istiqamətə yönəldərək, aşkar və ya gizli reklam kontentləri təqdim edir, bununla da altşüura birbaşa təsir göstərir. Belə olan halda, həmin alqoritmlərin müəyyən bir təsir mexanizminin daşıyıcısına çevrilməsi qaçılmaz olur. Yəni biz istəsək də, istəməsək də, hansı kontentə üstünlük veririksə, qarşımıza daha çox o mövzular çıxır. İnsanlar bu məsələni bilməli, həmçinin prosesə qarşı diqqətli və ehtiyatlı olmalıdırlar. Ən yaxşı alternativ isə insanların fərqli istiqamətlərdə müxtəlif axtarışlar etməsi, yəni eyni kontentdən təkrar-təkrar istifadə etməməsidir. Bu vəziyyəti dərk edərək çıxış yolları tapmaq tamamilə mümkündür.

Nəzərə almaq lazımdır ki, texnoloqlar və alqoritmləri hazırlayanlar bütün bu incəlikləri, detalları öncədən hesablayırlar. Buna görə də müəyyən mənada platformalarda etik baryerlər, etik tövsiyələr gözlənilməli və insanların seçim imkanlarına hörmətlə yanaşılmalıdır. Görünən odur ki, insan həm texnologiyadan müəyyən qədər uzaq durmağı bacarmalı, həm də bu alqoritmlərin iş prinsiplərini və incəliklərini az-çox mənimsəməlidir. Burada olduqca mürəkkəb, incə və həssas məqamlar var. Bir tərəfdən texnologiya səni yönəldib sosiallaşdırır, digər tərəfdən isə o, birbaşa sosial keyfiyyətlərin daşıyıcısı deyil. Bu kontenti, bu məzmunu texnologiyaya ötürən və yükləyən bizik, lakin sonradan həmin kontentin qarşısında müəyyən mənada aciz qalırıq. Nəticədə kimlərsə bu prosesdən faydalanır, böyük çoxluğun isə itkiləri qazancından daha çox olur. Məsələn, hər hansı bir problem ətrafında 5 dəqiqəyə məlumat tapmaq istəyən insan qarşısında yüzlərlə, minlərlə, hətta milyonlarla oxşar və bənzər alternativlər görür. Beləliklə, 5 dəqiqəlik iş bəzən 5 günə, hətta 5 ilə qədər uzana bilir ki, bu da böyük bir qeyri-müəyyənlik yaradır”.

Sosioloqun fikrincə, burada vacib məqam alqoritmlərin insan düşüncəsini birbaşa idarə edə bilməməsidir: “Onlar sadəcə istifadəçinin axtardığı kontent üzərindən texnogen bir siqnal qəbul edir və buna uyğun digər məzmunları ardıcıl olaraq təqdim etməyə çalışırlar. Bu, artıq hər kəsə bəlli olan və diqqət mərkəzində saxlanılması gərəkən bir reallıqdır.

Digər mühüm məsələ isə həmin kontentdən necə və hansı şərtlər daxilində faydalanmağı bilməkdir. Məsələn, elmi elektron kitablar axtararkən qarşımıza müxtəlif variantların çıxması bizim üçün maraqlıdır. Xüsusilə elmi tədqiqatlarda bu çoxvariantlıq nəticə çıxarmaq baxımından çox önəmli və dəyərlidir. Lakin tutaq ki, "Qaçaq Nəbi"yə həsr olunmuş hər hansı bir bədii ədəbiyyat axtarırıqsa və qarşımıza fərqli məzmunlar, müxtəlif yazıçıların əsərləri və ya çəkilmiş filmlər çıxırsa, bu artıq qarışıqlıq yaradır. Çünki bədii təxəyyüllə real faktoloji yanaşma arasında ciddi fərqlər var və bu fərqlər faktlara əsaslanan yanaşma ilə təxəyyül məhsulu olan obrazların sintezini müəyyən mənada məhdudlaşdırır. Reallıqla arzulanan arasındakı bu fərqi aradan qaldırmaq üçün platformaların alqoritmlərinin təkcə üzdə deyil, xüsusi kontent istiqamətlərində dərindən işləməsi vacibdir.

Bizə lazım olan kontenti düzgün ifadə etməyi öyrənməklə bərabər lazım olmayanı rədd etməyi, onun üzərindən keçməyi və ya digər faydalı alternativləri tapmağı da bacarmalıyıq. Ümumən indiki gənclər bu məsələlərdən məlumatlıdırlar. Sadəcə olaraq, bunun fərqinə varmayan çoxluq da mövcuddur ki, bu da gənclərdən daha artıq digər yaş qruplarına aid məsələdir”.

N.Niftəliyev qeyd edib ki, hazırda informasiya istehlakı ilə bağlı rəqəmsal mədəniyyətin formalaşdırılmasına böyük ehtiyac var: “Bu baxımdan, həm intellektual inkişaf, həm də cəmiyyətin informasiya təhlükəsizliyi kontekstində hədsiz yönləndirmələrin, rəqəmsal və sosial media asılılığının aradan qaldırılması üçün müəyyən təhlükəsizlik tədbirləri görülməlidir. İstənilən halda, hər hansı bir kitabı oxumaq, istədiyimiz məzmunu seçmək və ya onunla tanış olmaq niyyətindəyiksə, vizual təqdimatdan daha çox kontentin mahiyyətinə diqqət yetirməliyik. Düzgün məzmuna yönələndə və axtarış zamanı açar sözlərdən düzgün istifadə edəndə bu kimi problemləri əhəmiyyətli dərəcədə aradan qaldırmaq mümkündür.

İnsan bu növ qeyri-müəyyənliklərə və alqoritmlərin yaratdığı dalğalara hər zaman hazır olmalıdır. Çünki zaman keçdikcə və texnologiya daha əlçatan olduqca bizə yönələn potensial təsir imkanları da artır. Rəqəmsal təsirlər artdıqca gələcəkdə 3D, 5D, hətta 7D formatında müəyyən virtual obrazlar real kontentə çevrilə bilər. Gələcəkdə bütün bunları nəzərə almaq, öncədən preventiv (qabaqlayıcı) sosial davranış modelləri işləyib hazırlamaq, bunları cəmiyyətə təlqin etmək və rəqəmsal etik davranışın sabit hədəflərini müəyyənləşdirmək vacibdir”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a bildirib ki, haqqında danışdığımız məsələ müasir rəqəmsal fəlsəfənin, koqnitiv psixologiyanın və kibersosiologiyanın ən fundamental dilemmalarından biridir.

E.Abbasovun sözlərinə görə, insan iradəsinin rəqəmsal mühitdə nə dərəcədə müstəqil olub-olmaması ilə bağlı bu mürəkkəb vəziyyəti iki qarşılıqlı təsir müstəvisində izah etmək olar: “Birinci müstəvidə, platformaların tətbiq etdiyi proqram təminatı alqoritmlərinin gənclərin qarşısına çıxardığı məzmuna uyğun düşüncə və maraq formalaşdırdığı inkaredilməz bir həqiqətdir. Alqoritmlər sadəcə passiv süzgəclər deyil. Onlar istifadəçinin platformada qalma müddətini maksimallaşdırmaq üçün neyro-psixoloji tətikləyicilərdən və dopamin dövriyyəsindən istifadə edən aktiv memarlıq strukturlarıdır. Gənclər hər hansı bir mövzuya (məsələn, müəyyən bir siyasi baxışa, həyat tərzinə və ya subkulturaya) dair kiçik bir rəqəmsal iz qoyduqda, sistem onlara fərqli və alternativ baxış bucaqlarını tamamilə qapadaraq onları "filtr qabığı" (Filter Bubble) daxilinə salır. İnsan beyni mütəmadi olaraq eyni tipli informasiya ilə bəsləndikdə, onun tənqidi təfəkkür qabiliyyəti zəifləyir və təqdim olunan reallığı yeganə həqiqət kimi qəbul etməyə başlayır. Yəni gənclər çox vaxt öz azad seçimləri ilə nəsə öyrəndiklərini düşünsələr də, əslində alqoritmlərin onların daxili qərəzlərini, zövqlərini və maraq dairələrini manipulyasiya edərək yenidən formalaşdırdığı bir ssenarinin iştirakçısıdırlar.

İkinci müstəvidə isə unutmamaq lazımdır ki, alqoritmlər bu maraqları tamamilə yoxdan var etmir, onlar ilkin mərhələdə istifadəçinin daxili meyllərini və gizli istəklərini güzgü kimi əks etdirirlər. Problem gənclərin nəyi istəməsində deyil, alqoritmin həmin ilkin istəyi aqressiv şəkildə hipertrofiyalaşdırmasında (həddindən artıq böyütməsində) və insanı digər intellektual stimullardan məhrum etməsindədir. Müasir rəqəmsal dünyada gənclərin həqiqətən öz istədiklərini öyrənməsi və intellektual suverenliyini qoruması yalnız yüksək səviyyəli kiber-gigiyena və rəqəmsal savadlılıq vərdişləri ilə mümkündür. İstifadəçi şüurlu şəkildə fərqli və özünə zidd mövzuları axtarmadıqca, platformaların rəqəmsal yaddaşını vaxtaşırı sıfırlamadıqca və tənqid təfəkkürünü aktiv saxlamadıqca, o öz düşüncələrinin sahibi deyil, sadəcə alqoritmlərin dizayn etdiyi rəqəmsal profilin məhsulu olaraq qalacaq”.

Medianews.az-ın sualını cavablandıran uzman klinik psixoloq Nigar Eyvazova bildirib ki, əslində bu mövzüda qəti bir cavab vermək doğru olmaz: “İnsan müəyyən maraqlarla sosial mediaya daxil olur, lakin alqoritmlər həmin maraqları gücləndirən bir sistem kimi işləyir. Psixoloji baxımdan beynimiz təkrarlanan məlumatı daha tanış və daha doğru qəbul etməyə meyllidir. Eyni mövzuda məzmunla dəfələrlə qarşılaşdıqda həmin mövzu bizim üçün daha vacib və daha real görünməyə başlayır. Məsələn, bir gənc təsadüfən müəyyən bir mövzuda videoya baxır. Alqoritm bunu maraq kimi qəbul edir və növbəti günlərdə ona eyni istiqamətdə daha çox məzmun təqdim edir. Bir müddət sonra həmin gəncdə elə bir təəssürat yarana bilər ki, sanki bütün dünya yalnız bu mövzudan danışır. Halbuki bu, reallığın tam mənzərəsi deyil, alqoritmin təqdim etdiyi seçilmiş informasiya axınıdır.

Yeniyetməlik və gənclik dövrü şəxsiyyətin, dəyərlərin və dünyagörüşünün formalaşdığı ən həssas mərhələlərdən biridir. Bu yaşlarda insanlar kim olduqlarını, nəyə inanacaqlarını və həyatda hansı yolu seçəcəklərini müəyyənləşdirirlər. Əgər bu prosesdə qarşılarına çıxan informasiya müxtəlif deyil, yalnız alqoritmin seçdiyi oxşar məzmundan ibarətdirsə, onların düşüncə çevrəsi məhdudlaşa bilər. Bu, tənqidi düşünmə bacarığının zəifləməsinə, fərqli baxışlara qarşı dözümsüzlüyün artmasına və sosial müqayisələrin çoxalmasına səbəb ola bilər”.

Psixoloq vurğulayıb ki, xüsusilə ideal həyat tərzini, uğuru və gözəlliyi göstərən məzmunların davamlı izlənməsi özünəinamın azalması, narazılıq hissi və narahatlıq kimi psixoloji nəticələr yarada bilər: “Şəxsiyyətin formalaşması dövründə bu kimi problemlə qarşılaşmaq sonrakı dövrlərdə psixi pozuntulara, şəxsiyyət pozuntusu, nevrotik və affektiv pozuntular yarada bilər.

Ümumi olaraq bunu deyə bilərik ki: sosial media nə yaxşıdır, nə də pis. Hər şey ondan necə istifadə etməyimizdən asılıdır. Bu platformalar düzgün istifadə edildikdə öyrənmək, inkişaf etmək, yeni bacarıqlar qazanmaq üçün çox güclü vasitədir. Problem alqoritmin mövcudluğunda deyil, istifadəçinin bunun necə işlədiyini bilməməsindədir. İnsan başa düşməlidir ki, qarşısına çıxan məzmun obyektiv reallıq deyil. Bu, onun əvvəlki davranışlarına əsasən seçilmiş informasiya axınıdır.

Gənclər özlərinə sual verməyi öyrənməlidirlər: “Mən bunu həqiqətən maraqlı hesab etdiyim üçün izləyirəm, yoxsa qarşıma dəfələrlə çıxdığı üçün?” Fərqli mənbələrdən məlumat almaq, müxtəlif baxışları oxumaq, sosial media xaricində kitab və etibarlı mənbələrə müraciət etmək çox vacibdir.

Valideynlər isə yalnız ekran vaxtını məhdudlaşdırmaqla kifayətlənməməlidirlər. Onlar övladları ilə izlədikləri məzmun haqqında söhbət etməli, suallar verməli və birlikdə tənqidi düşünmə bacarığını inkişaf etdirməlidirlər.

Alqoritmlər sizin diqqətinizi idarə etməyə çalışır, amma düşüncənizi idarə edib-etməmək artıq sizin seçimdir. Psixoloji sağlamlığın vacib göstəricilərindən biri məlumatı sorğulaya bilmək, fərqli fikirlərə açıq olmaq və qərarları yalnız qarşına çıxan məzmuna deyil, öz dəyərlərinə və tənqidi düşüncənə uyğun əsaslandırmaqdır. Sosial mediadan istifadə edin, amma onun sizi necə istiqamətləndirdiyinin də fərqində olun”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

Bizə qoşulun