Azərbaycan Ordusunun ehtiyatda olan general-mayoru Qabil Məmmədov feysbuk şəbəkəsində “Müasir müharibələr xaosunda çeviklik: Auftragstaktik doktrinası və onun geosiyasi reallıqları” adlı analitik məqaləsini paylaşıb. Məqaləni Medianews.az oxucularının da diqqətinə çatdırırıq.
Son illərdə inkişaf etdirilmiş hərbi texnologiya və silahlar, yaranmış hərbi-siyasi vəziyyət və qlobal münaqişə ocaqları – bütün bunlar klassik hərbi doktrina və idarəetmə sistemlərinin fundamental şəkildə yenidən nəzərdən keçirilməsini hamıya diktə edir.
Artıq demək olar ki, bu günün qabaqcıl orduları, keçmiş əsrlərin "dumanlı döyüş meydanı" (fog of war) reallığından tamamilə uzaqlaşmış və yaxud uzaqlaşma üzrədirlər.
Müasir müharibələr - kəşfiyyat və zərbə dronları, real vaxt rejimində peyk izləmə sistemləri, sərrastlığı ilə fərqlənən uzaqmənzilli raketlər, elektron mübarizə vasitələri və süni zəka alqoritmlərindən istifadə nəticəsində tamamilə şəffaf, vizual, dinamik və dağıdıcı xarakter daşıyır.
Belə bir mühitdə hər hansı bir bölmənin/qrupun hərəkəti, mövqeyi və ya qərargahların koordinatları saniyələr içində aşkarlanır. Bu isə o deməkdir ki, planların mərkəzləşdirilmiş qaydada, günlərlə və ya saatlarla yuxarı qərargahlarda müzakirə edildiyi, bürokratik təsdiqlərdən keçirildiyi konservativ ordular artıq döyüş meydanlarında uğur qazana bilməz və demək olar ki, məhvə məhkumdurlar.
Bu yeni reallığın ən bariz nümunələrini Ukraynada və Yaxın Şərqdə İran ətrafında formalaşmış asimmetrik qarşıdurmalarda aydın şəkildə görmək mümkündür.
Ukrayna cəbhəsi göstərdi ki, sovet hərbi mirasından imtina edərək NATO standartlı qərarvermə sərbəstliyinə keçən ukraynalılar sayca çox olan, ləng və mərkəzdən əmr gözləyən ruslar üzərində ciddi taktiki üstünlüklər qazanır.
Müasir müharibələrin mərkəzdənqaçma xarakterini sübut edən daha bir unikal və dramatik nümunə isə İranın Yaxın Şərqdə qurduğu "Müqavimət oxu" şəbəkəsi və onun hərbi-strateji idarəetmə modelidir.
Regionda baş verən irimiqyaslı gərginliklər və kəşfiyyat müharibələri zamanı qarşı tərəf hədəf olaraq birbaşa "şaquli komandanlığın zirvəsini" seçdi. Bu kontekstdə, sistemin ideoloji və strateji nüvəsi hesab olunan ali rəhbər ayətullah Xameneinin, Silahlı Qüvvələrin baş qərargah rəisinin, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) generallarının və digər öncül liderlərin (məsələn, Hizbullah və Həmas rəhbərliyinin) hədəf alınması, dəqiq zərbələrlə sıradan çıxarılması və ya tamamilə izolyasiya edilməsi ssenariləri reallığa çevrildi.
Klassik hərbi idarəetmə nəzəriyyəsinə və Befehlstaktik (Əmr taktikası) prinsiplərə görə, dövlətin ali rəhbərinin, baş qərargah rəisi və digər yüksək rütbəli generalların eyni anda sıradan çıxarılması ordunun və hərbi mexanizmin tamamilə iflic olmasına, rabitənin pozulmasına, cəbhədəki qüvvələrin panikaya düşərək idarəetməni itirməsinə səbəb olmalı idi. Lakin reallıq göstərdi ki, hərbi-siyasi piramidanın ən üst qatı – yəni ali rəhbər və baş qərargah zərbə altında qaldıqda və ya tamamilə yox edildikdə belə, yerlərdəki qüvvələr, avtonom regional strukturlar idarəetməni əsla itirmədilər. Onlar vahid mərkəzdən gələsi gündəlik, detallı əmrləri gözləmədən döyüş fəaliyyətini tam sərbəst şəkildə davam etdirə bildilər. Çünki bu strukturlar rəhbərliyin anlıq əmrləri deyil, əvvəlcədən beyinlərə həkk olunmuş ümumi strateji niyyət, missiya və hədəflər çərçivəsində təkbaşına qərar vermək fəlsəfəsi üzərində proqramlaşdırılmışdı. Bu da öz növbəsində, mərkəzdən asılı olmadan, lakin qəbul edilmiş ümumi strateji niyyətə uyğun fəaliyyət çevikliyinin nə dərəcədə həlledici rol oynadığını sübut edir.
Məhz davam edən bu müharibə və toqquşmalar fonunda, Prussiya hərbi məktəbinin ən böyük strateji miraslardan olan Auftragstaktik (Missiya taktikası) doktrinası müasir müharibələrin xilasedici düsturu kimi yenidən gündəmə gələrək ondan istifadəni qaçılmaz edir.
Bugünkü müasir texnoloji xaosun, şəbəkə müharibələrinin, komandanlığın və ali rəhbərliyin hədəf alındığı müharibələrdə duruş gətirib müqavimət göstərə bilməyin yeganə yolu - nizamnamə şablonlarından imtina etmək, idarəetməni mərkəzsizləşdirmək və tabeçilikdəki komandirlərə ümumi tapşırıq çərçivəsində tam təşəbbüskarlıq azadlığı verməkdir.
İki fundamental hərbi idarəetmə fəlsəfəsinin - Auftragstaktik (Missiya taktikası) və Befehlstaktik (Əmr taktikası) qarşıdurması müasir müharibələrin taleyini müəyyən edə bilər.
1. Auftragstaktik və Befehlstaktik anlayışları
Auftragstaktik (Missiya taktikası) nədir?
Bu doktrinaya əsasən, yuxarı komandanlıq tabeçiliyindəki komandirə yalnız məqsədi (nəyi) və bu məqsədin ümumi strateji plandakı əhəmiyyətini (yerini və rolunu) izah edir. Həmin məqsədə necə çatılacağı, hansı taktiki gedişlərdən istifadə olunacağı isə tamamilə cavabdeh komandirin ixtiyarına buraxılır.
Befehlstaktik (Əmr taktikası) nədir?
Befehlstaktik - mərkəzləşdirilmiş, sərt şaquli və xətti idarəetmə sistemidir. Burada yuxarı komandanlıq öz tabeliyindəki bölmələrə yalnız məqsədi bildirmir, həm də bənd-bənd, addım-addım həmin məqsədə necə (hansı marşrutla, hansı saatda, hansı üsulla) çatmalı olduqlarını diktə edir. Aşağı rütbəli komandirlər sadəcə icraçıdırlar və plandan zərrə qədər kənara çıxmaq səlahiyyətləri yoxdur.
2. Auftragstaktikin əsas prinsipləri
Üst komandanlığın ana niyyəti (Kommandeursabsicht): tabeçilikdəki komandirlər hər şey alt-üst olduqda belə, üst komandanlığın yekun hədəfinin nə olduğunu bilir.
Qarşılıqlı etimad. Komandanlıq tabeçilikdəki komandirlərin peşəkarlığına inanır, tabeçilikdəkilər isə səhv etdikdə cəza almayacaqlarını bilirlər.
Təşəbbüskarlıq və müstəqillik. Komandirlər rabitə kəsildikdə, idarəetmə və yaxud plan pozulduqda "yuxarıdan əmr gözləmək" bəhanəsini gətirmir, qərar qəbul edərək məsuliyyətini öz üzərinə götürür.
3. Befehlstaktikin əsas prinsipləri
Mütləq mərkəzləşmə. Bütün qərarlar, hətta ən kiçik taktiki yerdəyişmələr belə üst qərargah tərəfindən qəbul edilərək təsdiqlənməlidir.
Ciddi iyerarxiya və tabeçilik. Tabeçilikdəki komandirin əsas vəzifəsi təşəbbüs göstərmək yox, verilən əmri nöqtə-vergülünə qədər icra etməkdir (əks halda cinayət işi açılır).
Standartlaşdırılmış alqoritmlər. Döyüş fəaliyyətləri əvvəlcədən təyin edilmiş dərsliklər, şablonlar və ciddi qrafiklər əsasında planlaşdırılır və aparılır (yəni keçmiş müharibələrdə əldə edilmiş təcrübə əsasında).
İdarəetmə. İnformasiya axını yuxarıdan əmrlər şəklində qəbul edilir, aşağıdan yuxarıya isə yalnız mövcud vəziyyət və icra hesabatları ötürülür.
4. Hər iki sistemin müqayisəli analizi, müsbət və mənfi cəhətləri
a) Auftragstaktik
Göstəricilər
Qərarvermə sürəti - Çox sürətli. Sahədəki komandir anında qərar verir.
Komandir hazırlığı - Çox yüksək. Savadlı, intellektual və cəsur komandir heyəti tələb edir.
Rabitə asılılığı - Aşağı. Rabitə kəsilsə də, bölmələr müstəqil döyüşə bilir.
Resursların idarə olunması - Dağınıq. Resurslar tabeçilikdəki komandirlərin ixtiyarına verilir, risk yarana bilər.
Qoşunların idarə olunması - Çətin. Orduda vahid koordinasiyanı saxlamaq yüksək peşəkarlıq tələb edir.
b) Befehlstaktik
Göstəricilər
Qərarvermə sürəti - Ləng. Qərarın üst qərargahda təsdiqlənməsi vaxt aparır.
Komandir hazırlığı - Aşağı/orta. Komandirlərin müstəqil düşünməsinə ehtiyac yoxdur, icraçılıq bəs edir.
Rabitə asılılığı - Kritik. Rabitə itdikdə sistem iflic olur, bölmələr donub qalır.
Resursların idarə olunması - Mərkəzləşdirilmiş. Böyük resurslar (artilleriya, logistika) bir əldə effektiv cəmlənir.
Qoşunların idarə olunması - Asan. Milyonluq orduları və az təlim görmüş çağırışçıları idarə etmək üçün idealdır.
Müsbət və mənfi cəhətlərin izahı
Befehlstaktikin üstünlüyü ondadır ki, az təlim keçmiş, say tərkibi böyük olan orduları vahid yumruq kimi idarə etməyə imkan verir. Strateji səviyyədə yanılma riski azdır, çünki resurslar mərkəzdən paylanır və idarə olunur. Lakin bunun mənfi cəhəti müasir müharibələrdə ölümcüldür: cəbhədə vəziyyət dəyişdikdə (məsələn, düşmən gözlənilməz cinah hücumu etdikdə), tabelikdəkilər icazə və qərar gözləyənə kimi adətən artıq çox gec olur, bölmə/hissə darmadağın edilir.
Auftragstaktikin üstünlüyü isə “xaos” içində möcüzələr yaratmasıdır. Lakin onun mənfi cəhəti ondan ibarətdir ki, əgər tabeçilikdəki komandir heyəti kifayət qədər savadlı deyilsə, onların müstəqil verəcəkləri səhv qərar bütün cəbhə xəttində gərginliyin yaranmasına da səbəb ola bilər.
5. Hərb tarixinə ekskurs
Prussiya-Fransa müharibəsi (1870-1871): Prussiyanın Auftragstaktik sistemi Fransanın mərkəzləşdirilmiş Befehlstaktik modelini darmadağın etdi.
İkinci Dünya müharibəsi: Alman Vermaxtı bu sistem sayəsində müharibənin ilk illərində sürətli qələbələr qazandı. Lakin qarşı tərəfdə Sovet ordusu tam mənası ilə Befehlstaktik (Stalin və baş qərargahın qəti əmrləri) tətbiq edirdi. Müharibənin sonuna yaxın böyük resurs və insan kütləsinin mərkəzləşdirilmiş idarə olunması sayəsində Sovet modeli qalib gəlsə də, bu, fəlakətli canlı qüvvə itkiləri hesabına başa gəldi. Və əlbəttə ki, 1944-cü ildə 2-ci cəbhənin açılması da almanların resurslarının parçalanmasına səbəb oldu.
Yaxın Şərq müharibələri (1967): İsrail ordusunun missiya taktikası ərəb ordularının (Misir, Suriya) sovet tipli sərt əmr taktikasını tamamilə iflic etdi.
6. Döyüş hazırlığı sisteminə baxışlar
Auftragstaktik sülh dövründə formalaşdırılan bir ordu mədəniyyətidir.
Befehlstaktik sülh dövründə şablon əsaslı nizamnamələrin kor-koranə əzbərlənməsini, parad hazırlığını və rəhbərliyin hər bir təlimatının sorğusuz icrasını tələb edir. Burada təlimlər ssenari üzrə gedir.
Auftragstaktik təlimlərdə qəsdən xaotik şərait yaradır. Təlimlərdə rabitə qəsdən kəsilir, yuxarı komandanlığın "həlak olması" ssenariləri oynanılır və çavuşların təkbaşına qərar verməsi yoxlanır. Ən əsası, "səhv etmək sərbəstliyi" tanınır: təşəbbüs göstərən və səhv edən zabit cəzalandırılmır, analiz edilir. Fəaliyyətsizlik isə ən böyük cinayət sayılır.
Yekun
Mövcud hərbi-siyasi reallıqlar, xüsusilə Ukraynadakı yüksək texnologiyalar müharibəsi və İranın Yaxın Şərqdəki asimmetrik qarşıdurmaları göstərir ki, Befehlstaktik artıq özünü bitirmiş bir modeldir. Peyk kəşfiyyatının döyüş meydanını saniyələr içində hər iki tərəf üçün şəffaf etdiyi bir dövrdə mərkəzdən əmr gözləyən hər bir struktur bir neçə dəqiqə ərzində dəqiq idarə olunan artilleriya və ya kamikadze dronlarının hədəfinə çevrilir.
Ukrayna ordusunun müharibənin ilkin mərhələsində Rusiyanın mərkəzləşdirilmiş və eşelonlaşdırılmış qoşun qruplaşmalarını dayandıra bilməsinin kökündə NATO proqramları ilə təlim keçmiş çavuş və zabit heyətinin Auftragstaktik çevikliyi dayanırdı. Eyni zamanda, İranın regional fəaliyyət strategiyasına nəzər saldıqda onların da asimmetrik müharibə şəraitində öz səlahiyyət sahiblərinə geniş fəaliyyət azadlığının verildiyini, mərkəzin isə sadəcə strateji ideoloji xətti və resurs təminatını idarə etdiyini görürük.
Yekun olaraq qeyd etmək olar ki, Auftragstaktik sadəcə bir hərbi idarəetmə üsulu deyil, o, insana, onun zəkasına və məsuliyyətinə olan etimadın təzahürüdür. XXI əsrin və gələcəyin müharibələrində qalib gəlmək istəyən ordular mütləq şəkildə nizamnamə şablonlarından imtina etməli, sülh dövründən etibarən sərbəst düşünən, riskə atılan və məsuliyyətdən qorxmayan komandirlər nəsli yetişdirməlidir. Müasir döyüş meydanında ən təhlükəli silah intizamlı robotlar deyil, yaradıcı və çevik zəkadır.
Xüsusi qeyd
Təqdim olunmuş material parlaq şəkildə göstərir ki, Auftragstaktik taktika deyil, etikadır. Bu, rəis və tabeliyində olan şəxslər arasında ən kiçik etimadsızlıq və ya karyerizm təzahüründən qaynaqlanan son dərəcə mürəkkəb sosial bir müqavilədir və burada əsas prinsiplər aşağıdakılardan ibarətdir (komandirlər üçün “qanun”):
a) Əmr alarkən – onda "Niyyət"i (niyə?) axtarın, "Təlimat"ı (necə?) yox.
b) Döyüşdə – əgər vəziyyət dəyişibsə və əmr köhnəlibsə, yeni vəziyyətə uyğun hərəkət edin. Nəticəyə görə məsuliyyət indi sizin üzərinizdədir.
c) Sülh dövründə – əgər siz komandirsinizsə, tabeliyinizdə olanı şəxsi təşəbbüs göstərdiyinə görə, hətta uğursuz olsa belə, danlamayın. Hərəkətsizliyə görə danlayın. Bu, "kağız əsgərlər" yox, "döyüş komandirləri" yetişdirməyin yeganə yoludur.
Qabil Məmmədov,
ehtiyatda olan general-mayor
