Türkiyənin İzmir şəhərində 18 yaşlı qonşusu Betül Ç.-ni küçədə 5 dəfə bıçaqlayaraq mobil telefonunu oğurlamaqda təqsirləndirilən 17 yaşlı Çağlar Efe D. barəsində verilən hökm apellyasiya məhkəməsi tərəfindən ləğv edilib.
Medianews.az xəbər verir ki, yenidən baxılan iş üzrə məhkəmə onun məhkəmə nəzarəti altında və ölkədən çıxışına qadağa qoyulmaqla girov müqabilində azadlığa buraxılmasına qərar verib.
Türkiyə mətbuatının məlumatına görə, hadisə 2024-cü il oktyabrın 25-də İzmirin Kemalpaşa rayonunda baş verib. İddialara əsasən, Çağlar Efe D. bir neçə aydır izlədiyi qonşusu Betül Ç.-yə küçədə hücum edib. Gənc qız qaçmağa çalışsa da, şübhəli onu bıçaqlayaraq mobil telefonunu götürüb hadisə yerindən qaçıb.
Yaralı Betül Ç. xəstəxanaya çatdırılıb və tibbi müdaxilədən sonra evə buraxılıb. Şübhəli isə bir gün sonra atasının evində saxlanılıb. Axtarış zamanı zərərçəkmişə məxsus mobil telefon da aşkar edilib.
İstintaq zamanı məlum olub ki, Betül Ç. hadisədən əvvəl də Çağlar Efe D.-nin onu aylarla izlədiyini və bu səbəbdən hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.
Hadisə ərazidəki təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb. Görüntülərdə şübhəlinin gənc qızı izlədiyi, ona hücum etdiyi və daha sonra qaçdığı əks olunub. Buna baxmayaraq, Çağlar Efe D. ifadəsində ittihamları qəbul etməyərək görüntülərdəki şəxsin özü olmadığını iddia edib.
İzmir 2-ci Yetkinlik Yaşına Çatmayanlar Ağır Cinayətlər Məhkəməsi onu "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə 12 il, "silahlı soyğunçuluq" maddəsi ilə isə 6 il 8 ay olmaqla ümumilikdə 18 il 8 ay azadlıqdan məhrum etmişdi.
Lakin Regional Apellyasiya Məhkəməsi bəzi hüquqi məsələlərin tam araşdırılmadığını əsas gətirərək hökmü ləğv edib və işi yenidən birinci instansiya məhkəməsinə qaytarıb.
İşə yenidən baxan məhkəmə təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulması və məhkəmə nəzarəti altında girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.
İzmir Baş Prokurorluğu isə bu qərardan apellyasiya şikayəti verib.
Medianews.az