Medianews.az
Ermənistan: hökumətdən gedən nazir türkoloqdur
128 baxış

Ermənistan: hökumətdən gedən nazir türkoloqdur

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanın yeni hökumətdə yer almayacağı bəyan olunub. Məlumata görə, nazir özü postda qalmaq istəməyib.

Medianews.az bildirir ki, 1990-cı il təvəllüdlü Mxitar Ayrapetyan Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində türkologiya üzrə bakalavr və magistr təhsili alıb.

2011-ci ildən qeyri-hökumət qurumlarında çalışıb, bir neçə qəzetdə Yaxın Şərq və Türkiyə üzrə ekspert fəaliyyəti göstərib.

2018-2019-cu illərdə diaspor naziri, 2019-2023-cü illərdə parlamentin deputatı olub. 29 dekabr 2023-cü ildən yüksək texnologiyalar sənayesi naziridir.

Vətəndaş Sazişi Partiyasının üzvüdür.

Baş nazir Nikol Paşinyanın kabinetində bu şəxslər də var: Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Srbui Qalyan – ədliyyə naziri, Arpine Sərkisyan – daxili işlər naziri, Gevork Papoyan – iqtisadiyyat naziri, Vaqe Ovannisyan – maliyyə naziri, David Xudatyan – ərazi idarəçiliyi və infrastruktur naziri, Arsen Torosyan – əmək və sosial məsələlər naziri, Janna Andreasyan – elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan – səhiyyə naziri, Ambarsum Matevosyan – ətraf mühit naziri.

Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkisində 105 nəfərlik qanunverici orqana 64 mandat alaraq yenidən hökumət qurmaq hüququ əldə edib.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən deputat mandatı alıb.

2017-ci ildə Vətəndaş Sazişi Partiyasının daxil olduğu “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək taxtdan düşüb.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

Medianews.az

Bizə qoşulun