23-cü dünya futbol çempionatı baş məşqçilərin istefası ilə də yadda qalır. Qrup mərhələsinin ilk turundan sonra Tunis millisinin baş məşqçisi postdan getdi. Bu yığıma qrupda qaldı və yeni baş məşqçi də istefa verdi.
Qrup raundunu dəf edə bilməyən Cənubi Koreya, Çexiya, Şotlandiya, Uruqvay, 1/16 finalda ələnən Almaniya, Niderland, Ekvador milli komandaları da baş məşqçiləri ilə vidalaşıb. Daha bir neçə baş məşqçi, o cümlədən mübarizəni 1/8 finalda dayandıran Braziliya millisinin baş məşqçisi istefa çağırışları ilə üz-üzədir.
Futbolda belə bir deyim var: komanda udur, baş məşqçi uduzur. Yəni çox vaxt məğlubiyyətə görə əsas məsuliyyəti baş məşqçi daşıyır. Bu, nə dərəcədə ədalətli yanaşmadır?

Mövzu ilə bağlı Medianews.az-a danışan “Futbol+” qəzetinin və Football-plus.az saytının baş redaktoru Mahir Rüstəmli bildirib ki, DÇ-2026-ya ev sahibliyi edən ölkələrin, xüsusən də ABŞ-nin təsiri ilə turnir ətrafında əzəmət qarışıq bayram ab-havası yaradılıb: “Şəxsən mənə bir qədər qəribə görünsə də, sanki bütün yığmalar bu turnirə varlığını sübut etmək üçün son imkan, son şans kimi baxır. Təbii ki, belədə nəticə və ya nəticəsizlik ön plana çıxır. Nəticəyə görə məsuliyyət daşıyan şəxs isə baş məşqçidir.
Bütün istefalara eyni şəkildə yanaşmaq olmaz. Dördqat dünya çempionu Almaniya 1/16 uduzursa, baş məşqçisi getməlidir. İkiqat dünya çempionı Uruqvay da eləcə. Dünya çempionu olmasalar da, bu, Niderlanda da aiddir.
Dünya çempionatı zirvədir, bu turnirdəki nəticədən dolayı baş məşqçilərin istefa verməsi təbiidir. Digər tərəfdən, belə məsələlələr əsasən turnir ərəfəsində federasiya rəhbərliyi ilə baş məşqçi arasındakı görüşdə razılaşdırılır. Yəni görüşdə anlaşma olur: baş məşqçi yığmanı hara qədər daşıya biləcəyini deyir, federasiya da hədəfə, məqsədə uyğun pul mükafatı müəyyənləşdirir. Kəsəsi, nəticəsizliyə görə məhz baş məşqçilərin istefaya göndərilməsində hansısa ədalətsizlik görmürəm. Öz aramızdır, ədalət axtarmalı olduğumuz o qədər yer, o qədər sahə var ki?!”
Nailə Qasımova,
Medianews.az