Avropa İttifaqının statistika qurumu olan Eurostat üzv ölkələrdəki iş müddətini araşdırıb.
Medianews.az xəbər verir ki, hesabata görə, 2025-ci ildə 27 üzv ölkədə 20-64 yaşlı şəxslər həftədə orta hesabla 36 saat işləyib.
Ən qısa iş müddəti Niderlandda (həftədə 31,9 saat), ən uzun iş müddəti Yunanıstanda (39,6 saat) qeydə alınıb.
Almaniya və Danimarkada həftəlik iş müddəti 33,9 saat, Avstriyada 34 saat, Belçikada 34,3 saat, Finlandiyada 34,7 saat göstərilib.
İrlandiyada həftəlik iş müddəti 35,1, İsveçdə 35,4, Fransada 35,6, Lüksemburqda 35,7 saatı keçməyib.
İtaliyada həftəlik iş müddəti 36,1, Estoniyada 36,2, İspaniyada 36,3 saat davam edib.
Qalan ölkələr həftəlik iş müddətinə görə belə sıralanır:
Macarıstan və Portuqaliya – 37,4 saat
Çexiya və Malta – 37,5 saat
Slovakiya – 37,6 saat
Xorvatiya və Kipr – 37,7 saat
Latviya – 37,9 saat
Rumıniya – 38,2 saat
Sloveniya – 38,3 saat
Litva – 38,4 saat
Bolqarıstan və Polşa – 38,7 saat.
Avropa İttifaqını Belçika, Fransa, İtaliya, Qərbi Almaniya, Lüksemburq və Niderland 1957-ci ildə Avropa İqtisadi Birliyi kimi yaradıb.
1973-cü ildə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya Avropa İqtisadi Birliyinə qoşulub.
1990-cı ildə Şərqi Almaniya və Qərbi Almaniya vahid Almaniya dövlətində birləşib.
1992-ci ildə Avropa İqtisadi Birliyinin əsasında Avropa İttifaqı təsis olunub.
1995-ci ildə Avstriya, Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib.
2004-cü ildə Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya və Sloveniya Avropa İttifaqına qoşulub.
Bolqarıstan və Rumıniya 2007-ci ildən, Xorvatiya 2013-cü ildən Avropa İttifaqının üzvüdür.
Böyük Britaniya 2020-ci ildə Avropa İttifaqını tərk edib.
Toğrul Əli,
Medianews.az