Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətovun polis general-leytenantı ali xüsusi rütbəsinə layiq görüldüyü təsdiqlənib.
Medianews.az xəbər verir ki, iyulun 5-də Süleyman Neymətovun Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş tərcümeyi-halı yenilənib və Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri artıq polis general-mayoru kimi deyil, polis general-leytenantı kimi təqdim edilib.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə şəxsi heyətin iyulun 2-də Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi haqda xəbər və fotoşəkillər yayıb. Ziyarət fotoşəkillərində Süleyman Neymətov general-leytenant paqonunda əks olunub.
Xatırladaq ki, general-leytenant rütbəsinin paqonu üzərində iki ulduz yerləşir. General-mayor paqonunda isə bir ulduz olur.
Süleyman Neymətovun polis general-leytenantı rütbəsinə layiq görüldüyü haqda məlumat ilk dəfə iyulun 2-də sosial şəbəkələrin Azərbaycan seqmentində yayılmış, iyulun 3-də xəbər ölkənin onlayn mediasında da işıq üzü görmüşdü.
Lakin xəbər hələ rəsmən təsdiqlənməmişdi.
Medianews.az bildirir ki, ölkədə zabitlərə ali xüsusi rütbələrin verilməsi haqda bəzi sərəncamlar rəsmi mətbuatda dərc olunmaya da bilər.
Süleyman Neymətov 2023-cü ilin iyun ayının 25-də ilk dəfə general rütbəsinə layiq görüləndə də bu barədə dövlət başçısının imzaladığı sərəncam ictimaiyyətə elan edilməmişdi. Yalnız beş gün sonra – iyunun 30-da Süleyman Neymətov rəsmi tədbirdə general uniformasında iştirak edəndə jurnalistlər Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin polis general-mayoru ali xüsusi rütbəsinə layiq görüldüyündən xəbər tutmuşdular.
Süleyman Neymətova polis general-leytenantı rütbəsi Prezident İlham Əliyevin 2026-cı ildə 2 iyul Azərbaycan Polisi Günü ərəfəsində imzaladığı sərəncamla verilib.
Neymətov Süleyman Əsgər oğlu 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
1991-1993-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2000-ci ildə DİN-in Polis Akademiyasını bitirib.
1993-cü ildən daxili işlər orqanlarında xidmət edir.
1993-1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994-2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektor, 2005-2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013-2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016-2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020-2022-ci illərdə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət edib.
2022-ci il dekabrın 28-dən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziridir.
Cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üzrə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidentinin sərəncamları ilə 2002-ci ildə “İgidliyə görə”, 2020-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ailəlidir, üç övladı var.


