"Mən uzun illər Azərbaycan Dövlət Televiziyasının səsyazma evində direktor işləmişəm. Cabbar Qaryağdıoğlundan başlayaraq indiki oxuyanların hər biri səslərini orada lentə yazırdılar. Mən hətta onu deyim ki, 1941-ci Füzulinin 800 illiyində Üzeyir Hacıbəylinin "Sənsiz", Sevgili canan" əsərləri orkestırla orada yazılıb. Ora bizim gənc oxuyanlarımız gələndə mahnılar yazırdılar. Biz o mahnılara rəy verməsəydik, radionun "Qızıl Fond"na daxil ola bilməzdi. Gənclər gəlirdilər, məsələn "Qurban adına" mahnısını oxuyurlar. Görürəm ki, səhv ifa edirlər. Çünki bu əsərləri mən Şövkət Ələkbərova, Gülağa Məmmədov, Mobil Əhmədovla birgə lentə yazmışam. Deyirəm ki, səhv oxuyursuz, kimdən öyrənmisiz? İndiki oxuyanların adını çəkirdilər. Onlara məsləhət görürdüm ki, gedin bu mahnıları onların ilk ifaçısından öyrənin. Hansı ki, bəstəkar ilk dəfə o müğənniyə öyrədib onu. Cahangir Cahangirov, Seyid Rüstəmov əsər yazanda fikirləşirdi ki, bunu Şövkət xanıma verim yoxsa Gülağa Məmmədova? Bəstəkar onu belə öyrədib. Məsləhətimə gedib qulaq asırdılar, gəlib yeni-klassik müğənnilərin oxuduğu kimi ifa edirdilər".
Bunu Medianews.az-a tanınmış tarzən Şahin Verdiyev deyib.

O daha sonra əlavə edib: "Bu gün "Kəsmə şikəstə"ni hamı Fatma Mehrəliyevadan öyrənir. Öyrənməlidirlər də. Fatma xanım nə olsun ki, dərs keçməyib, kiməsə nəsə öyrətməyib, müğənnilər bu gün də ondan nələrsə öyrənirlər. Fatma xanımdan sonra nə qədər bu ifaya müraciət etsələr də, hamısı Fatma xanımın şikəstəsini oxuyublar".
Şahin Verdiyev təklif edib ki, "Kəsmə şikəstə"nin adı dəyişdirilərək "Fatma şikəstəsi" adlandırılsın: "Fatma xanımın 100 illik yubileyidir. 1996-cı ildə Vahid poeziya evində Fatma Mehrəliyevanın yubileyində bütün sənətkarlar çıxış edirdilər. İslam Rzayev orada təklif etdi ki, "Kəsmə şikəstə" "Fatma şikəstəsi" adlandırılsın. İslam müəllimin yaddan çıxan xahişini mən də bu gün təklif edirəm. Bu Fatma xanımın əbədi xatirəsinə həsr olunsun və "Fatma şikəstəsi" adlandırılsın. Mənə elə gəlir ki, bu təklifə heç bir sənət adamı, heç bir xanəndə qarşı çıxmaz. O vaxt Xudayar Yusifzadə şəhid olmamışdan öncə Əlibaba Məmmədovun "Vətən yaxşıdır" mahnısını ifa etdi. O vaxt sənətkarın özü sağ idi. Ona zəng vurub təklif etdilər ki, olarmı bu mahnınız "Xudayar təsnifi" adlandırılsın? O da etiraz etmədi, dedi ki, "mənim 100-dən çox mahnım var, olmasın bir mahnım, qurban olsun şəhidimizin yatdığı torpağa". "Kəsmə şikəstə"də həmçinin. Orada sadəcə ad dəyişdirilir. Mən sizin vasitənizlə Milli Konservatoriyanın rektoruna, "Muğam" kafedrasının rəhbəri, Xalq artisti Mənsum İbrahimova müraciət edirəm. Onlar təşəbbüs göstərsələr bunu edə bilərlər".
Medianews.az-a açıqlama verən Xalq artisti Mənsum İbrahimov bildirib ki, Şahin Verdiyev bu təklifi şəxsən ona da deyib.

"Bu mümkün olan bir məsələ deyil. Ona görə ki, bu Fatma xanımdan illər əvvəl yaranmış şifahi bir əsərdir. Ondan əvvəl də oxunub, ondan sonra da bu şikəstə oxunur. Ona görə də bu şikəstəni kiminsə adı ilə dəyişmək mümkün deyil. Bu doğru deyil. Muğamın proqramı var, Üzeyir bəy bunu belə yazıb, bizə miras qoyub. Bu mümkünsüzdür. "Vətən yaxşıdır" Əlibaba Məmmədovun əsəri idi, ona görə "Xudayar təsnifi" adlandırılmasına icazə verdi. "Kəsmə şikəstə" xalq tərəfindən yaranan, 100 illər tarixi olan mövzudur. Ona görə də bunu kimsə dəyişə bilməz. Əlbəttə ki, kim istəsə oxuyanda "Fatma şikəstəsi" deyə bilər. Adın tamamilə dəyişməsi mümkün deyil", - xalq artisti deyib.
Əli Əsgər,
Medianews.az