Medianews.az
"Google"da gizli sürpriz:
156 baxış

"Google"da gizli sürpriz: Holannın adını yazanda nə baş verir?

Bir aydır davam edən 23-cü dünya futbol çempionatı boyu adı sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində ən çox hallanan oyunçulardan biri Norveç millisinin kapitanı Erlinq Holanndır.

Medianews.az xəbər verir ki, bir az qəribə, hətta bir qədər mistik təəssürat oyadan Erlinq Holannın bu populyarlığı “Google” axtarış sisteminə də təsir edib.

Hazırda “Google”da Norveç millisinin adını ingilis dilində (Erling Haaland) axtarışa verəndə "Viking Row" (Vikinq avarçəkməsi) animasiyası da görünür.

İnternet nəhənginin futbolçuya həsr etdiyi bu xüsusi "Easter egg" (gizli sürpriz) rəqəmsal dünyada böyük maraq doğurub. Axtarış düyməsini sıxandan dərhal sonra ekranın aşağı hissəsində Norveç bayrağı ilə bəzədilmiş qədim vikinq gəmisində ritmik şəkildə avar çəkən personajlar canlanır. İstifadəçilər bu animasiyanın üzərinə kliklədikdə isə nağara sədaları eşidilir və vikinqlərin sayı daha da artır.

Xatırladaq ki, Norveç millisi turnirdə hər qələbəsindən, o cümlədən Braziliya millisini məğlub edəndən sonra meydanda sevincini məhz bu cür "avar çəkmə" rəqsi ilə ifadə edir. Minlərlə azarkeş isə futbolçularla sinxron şəkildə "Hu!" sədaları altında bu vikinq ritmini təkrarlayır.

"Google" şirkəti bu cür animasiyaları indiyədək yalnız Lionel Messi və ya Kriştiano Ronaldo kimi futbol əfsanələrinin ən parlaq çağlarında təqdim edib. Erlinq Holannın bu siyahıya düşməsi onun müasir futbol dünyasında çəkisinin artmasına daha bir sübutdur. Ulduz hücumçunun özü də sosial media hesablarında pərəstişkarlarına müraciət edib, "Google-da məni axtarın" yazaraq bu gizli sürprizi kəşf etməyə çağırıb.

Erlinq Holann 2000-ci il iyulun 21-də İngiltərənin Lids şəhərində doğulub. Həmin vaxt onun atası Alf-İnqe Holann bu şəhərin eyniadlı futbol klubunun oyunçusu olub. 3 yaşından Erlinq Holann tarixi vətənində yaşayıb, futbolçu kimi “Brüne” komandasında yetişib, sonra “Molde”nin formasını geyinib, 2019-cu ildə “Zalsburq”da (Avstriya), 2020-2022-ci illərdə “Borussiya”da (Dortmund, Almaniya) çıxış edib, 2022-ci ildə “Mançester Siti”yə transfer olunub. Norveç yığmasında 2019-cu ildən oynayır.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun