“Mahnı var ürək və beyin üçündür, mahnı da var ayaq üçündür”
“O vaxt Azərbaycanda bir kanal var idi. İki dənədə Ümumittifaq kanalı mövcud idi. Hər televiziyanın öz “qara siyahı”-sı var idi. Kim ki, toylara gedirdi, sədr tapşırıq vermişdi ki, “onları çəkməyin, efirə buraxmayın”. Toya gedən müğənnilərə pis baxırdılar. İndi isə əksinə olub. Efirlərdə ancaq toya gedən müğənnilər çıxış edir və nədənsə onlar təbliğ olunur”
Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Sərxan Sərxan deyib.
O daha sonra toya gedən müğənniləri qınamadığını bildirib:
“Mən artıq toya gedən müğənniləri qınamıram. O vaxt alternativ variantlar var idi. “Azkonsert” birliyi mövcud idi. Müğənni oradan qazanc əldə edirdi. İndiki zamanda estrada janrında ifa edən müğənni harada gedib işləyə bilər?! Opera və Balet Teatrında çıxış edə bilməz, çünki opera müğənnisi deyil. Filarmoniyada işləyə bilməz, çünki klassik müğənni deyil, dramatik teatrda işləyə bilməz, çünki aktyor deyil. Bəs estrada şöbəsi harada var?! Dövlət idarələrində yoxdur. Müğənni də istəyir gözəl konsertlər versin. Kim ona təşkil edəcək?! Belə təşkilatçılar yoxdur. Məcbur olur ki, toya getsin. Toy musiqisi bir janrdır. Camaat toya gəlir ki, əylənsin, yeyib-içsin, oynasın. Toylarda ciddi, dərin mahnılar lazım deyil. Oxusan belə bir də gördün ki, toy yiyəsi deyir “qardaş oxuyursan, amma bu mahnına gəlib konsertində qulaq asaram, bir az şənlik olsun”. Müğənni də məcbur olur ki, repertuarına toy mahnıları əlavə etsin. Bəlkə də arzulayırdı ki, gözəl mahnılar ifa etsin, amma arzusu ürəyində qalır. Mahnı var beyin üçün, ürək üçün, bir də ayaq üçün. Yəni oynamaq üçün.. Bu vaxt sənət də ölməyə başlayır. Bəzi toylarda proqramlar var. 30-40 dəqiqə öz repertuarlarını oxuyurlar. Onların alternativ yerləri yoxdur. Hər yerdə belə olub. Rusiyada da belədir. Orada sadəcə təşkilatçılar var. Prodüserlər qastrol səfərləri təşkil edirdilər. O vaxt bizdə də qastrol səfərləri var idi. 90-cı illərin əvvəllərində artıq vəziyyət dəyişdi. Qıtlıq idi, aclıq idi, konsertə bilet alıb gedən kim idi?”.
Əli Əsgər
Medianews.az
08.07.2026, 08:13
162
baxış
TURAN
“AzTV-nin sədri toya gedən müğənniləri “qara siyahı”ya salmışdı” - ÖZƏL
Paylaş: