Medianews.az
Kababxanaya gedir, mal ürəyi yeyir, məşq yerinə odun yarır, çiy süd içir... –
168 baxış

Kababxanaya gedir, mal ürəyi yeyir, məşq yerinə odun yarır, çiy süd içir... – Ulduz futbolçunun qəribəlikləri

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 23-cü dünya futbol çempionatı davam edir. Dördüncü dəfə final mərhələsinə vəsiqə almış Norveç millisi 1/8 finala yüksəlib. Komandanın hücumçusu Erlinq Holann 5 qolla bombardirlər siyahısındadır.

ABŞ-nin “Nyu Yorker” jurnalı hazırda dünyanın diqqət mərkəzində olan 25 yaşlı bu futbolçu barədə maraqlı məlumatlar dərc edib.

Medianews.az-ın məlumatına görə, jurnal yazır ki, Erlinq Holann bəzən məşq eləmək əvəzinə meşədə odun yarır, daha doğrusu, məşqlərini hərdən bu cür keçirir. Gündə təxminən altı min kalori qəbul edir, ən çox sevdiyi yeməklərdən biri isə mal ürəyidir. Məşqdən sonra çiy süd içir.

İngiltərənin “Mançester Siti” klubunda çıxış etsə də, vaxtının çoxunu ölkəsinin Brüne şəhərində keçirir. Bu şəhərdə “Yummy Time” adlı kababxana var, ən çox ora gedir. Kəndli ləhcəsi ilə danışır.

Jurnal qeyd edir ki, boyu 1 metr 95 santimetr, çəkisi 90 kiloqram olan bu dəli-dolu hücumçunun uzun sarı saçlarını vikinqlərin saçlarına bənzədirlər: “Həqiqətən də Holann futbol meydançasında əsl vikinq yürüşünü xatırladan bir aqressivliklə oynayır”.

Onun zəngli saatına UEFA Çempionlar Liqasının himnini yazdırdığı, səhərlər bu himnlə yuxudan durduğu vurğulanır. Holann özü də bir dəfə etiraf edib: “Mən daima futbol haqqında düşünürəm”.

Futbolçunun Lüksemburqda qeydiyyatdan keçmiş, vergi güzəştlərindən yararlanan “Pillage” adlı investisiya şirkəti var. XIII əsrə aid qədim Skandinaviya dastanının 130 min dollara satın aldığı bir nüsxəsini isə Holann kitabxanaya hədiyyə edib və bunu belə əsaslandırıb: “Kitab oxumağa heç vaxt çox bənd olmamışam”.

Bir dəfə o, təyyarədən çəkib paylaşdığı şəklin altından yazıb: “Əlimə telefon götürmədən, yatmadan, dilimə su, yemək vurmadan yeddi saat uçdum”.

“Nyu Yorker” yazır ki, Norveç hökuməti milli komandanı 2026-cı ilin dünya futbol çempionatına yola salanda komanda üçün 300 kiloqram balıq və 100 kiloqram pendir də göndərib.

Erlinq Holann 2000-ci il iyulun 21-də İngiltərənin Lids şəhərində doğulub. Həmin vaxt onun atası Alf-İnqe Holann bu şəhərin eyniadlı futbol klubunun oyunçusu olub. 3 yaşından Erlinq Holann tarixi vətənində yaşayıb, futbolçu kimi “Brüne” komandasında yetişib, sonra “Molde”nin formasını geyinib, 2019-cu ildə “Zalsburq”da (Avstriya), 2020-2022-ci illərdə “Borussiya”da (Dortmund, Almaniya) çıxış edib, 2022-ci ildə “Mançester Siti”yə transfer olunub. Norveç yığmasında 2019-cu ildən oynayır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun