İslamı qəbul etdikdən sonra xeyriyyəçilik fəaliyyəti ilə tanınan və sosial şəbəkələrdə 3 milyona yaxın izləyicisi olan avstraliyalı fenomen Lili Cey Hinson barədə ciddi iddialar irəli sürülüb.
Medianews.az xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) News Verify komandası tərəfindən aparılan araşdırma zamanı Lili Cey Fondunun ianə toplamaq məqsədilə paylaşdığı bəzi xeyriyyə videolarının süni intellekt vasitəsilə hazırlandığı müəyyən edilib.
Araşdırmada fondun Uqandada uşaq evi və Qəzza zolağında çörək sexi açdığı barədə iddialarla bağlı isə heç bir sübutun tapılmadığı bildirilib.
Məlumata görə, Uqandada uşaq evinin açılışını əks etdirdiyi iddia olunan videoda binanın üzərindəki "Lili Cey Fondu" yazısının görüntü zamanı yoxa çıxması, həmçinin uşaqların barmaqlarındakı vizual təhriflər süni intellektdən istifadəyə dair əlamətlər kimi qiymətləndirilib.
Qəzzada çəkildiyi deyilən digər videoda da fonda aid bannerdə süni manipulyasiya izlərinin olduğu qeyd edilib.
ABC-nin araşdırmasına əsasən, Uqandada fəaliyyət göstərdiyi iddia olunan uşaq evi ilə bağlı rəsmi qeydiyyat məlumatı aşkarlanmayıb. Bölgədə çalışan dövlət qurumları və yardım təşkilatlarının nümayəndələrinin də belə bir müəssisədən xəbərsiz olduqları bildirilib.
Eyni zamanda, Qəzzada fəaliyyət göstərdiyi iddia edilən çörək sexinin mövcudluğunu təsdiqləyən hər hansı müstəqil dəlil və ya geolokasiya məlumatı da əldə olunmayıb.
Araşdırma zamanı fondun sosial media hesablarında paylaşılan və Lili Cey Hinsonun guya "2026-cı il Avstraliya Qlobal Humanitar Liderlik Mükəmməlliyi Mükafatı"na layiq görüldüyünü göstərən görüntülərin də süni intellekt vasitəsilə hazırlandığı müəyyən edilib. Bildirilir ki, belə bir mükafat təşkilatı ümumiyyətlə mövcud deyil.
İddialardan sonra Lili Cey Fondu açıqlama yayaraq, yalnız "çox məhdud sayda" tanıtım materiallarının giriş hissələrində süni intellektdən istifadə olunduğunu təsdiqləyib.
Fond bildirib ki, süni intellektlə hazırlanmış qısa vizuallar yalnız diqqət cəlb etmək məqsədi daşıyıb, videoların davamında isə real humanitar fəaliyyətləri əks etdirən görüntülər yer alıb.
Açıqlamada həmçinin vurğulanıb ki, münaqişə zonalarında həyata keçirilən layihələrin dəqiq ünvanları təhlükəsizlik səbəbindən açıqlanmır və fondun bütün yardım fəaliyyətləri realdır.
Medianews.az


