ABŞ və İran arasındakı atəşkəs sazişinin pozulacağı heç kəsə təəccüblü görünmədi.
Lap əvvəldən bəlli idi ki, tərəflər hələ apreldə, 40 gün boyunca bir-birinə raket atandan sonra atəşi kəsmək istərkən, sadəcə nəfəs dərmək istəyirlər. İyun ayında təntənə ilə imzalanmış ikinci atəşkəs sazişinin də qalıcı sülhə gətirməyəcəyi bəlli idi.
Çünki nə münaqişəni doğuran səbəblər aradan qalxmışdı, nə də tərəflərdən biri əlini üç dəfə yerə çırparaq, “daha bəsdir, təslim oluram” demişdi.
Əksinə, hər iki tərəf qələbə qazandığı barədə öz ölkəsində car çəkir, dünyaya eşitdirirdi. Onlar heç olmasa savaşın heç-heçə bitdiyini də demirdilər, ikisi də qələbədən danışırdı.
Böyük müharibələr isə heç vaxt heç-heçə ilə bitmir, tərəflərin biri ya tam məğlub olmalıdır, ya da darmadağın olacağını bilərək ziyanın yarısından qayıtmalı, təslim olmalı, qarşı tərəfin şərtlərini yerinə yetirməlidir.
İran məruz qaldığı böyük itkilərə baxmayaraq şərt irəli sürürdü. Özü də bunlar ağır şərtlər idi, ABŞ-nin onları qəbul edəcəyi mümkün görünmürdü.
Bunun qarşılığında ABŞ prezidenti Donald Tramp harada mikrofonlu tribuna görürdüsə, ötkəm-ötkəm deyirdi ki, İran tərəfi onun şərtlərini qəbul edəcək, nüvə proqramını inkişaf etdirməyəcək, Hörmüz boğazını açacaq.
Bir sözlə, Trampın sözlərindən belə çıxırdı ki, İran üzdə olmasa da, pərdə arxasında məğlubiyyəti ilə barışıb və bundan sonra özünü ağıllı, konstruktiv aparacaq.
İran dövlətinin idarəçiliyini tamamilə ələ keçirmiş hərbi qüvvələrin siyasi xadimlərlə (prezident və parlament sədri ilə) davranışı, həm ölkə xalqına, həm də xaricə verdiyi mesajlar isə göstərirdi ki, rəhbərlik gerçəkdən də bu savaşdan güclənərək çıxdığını düşünür və heç bir halda heç kimə heç nədə güzəştə getməyəcək.
İsrail tərəfi atəşkəs sazişinin imzalandığı ilk günlərdə bu razılaşmanın süni olduğunu, sürəkli olmayacağını, İranın səmimi olmadığını və öz bildiyini edəcəyini, niyyətlərindən geri çəkilməyəcəyini desə də, Tramp israrla “savaş bitib” deyib dururdu.
Savaş isə bitməmişdi. İran ali rəhbərini və onun yaxın silahdaşlarını itirmişdi, strateji obyektləri dağıntılara məruz qalmışdı, böyük ziyana düşmüşdü, amma təslim olmamışdı. Bir dövlət təslim olmadıqca məğlub sayılmır.
Tezliklə, ali rəhbərin postu tutuldu, generalların yeri də boş qalmadı. Dağıntılar isə zaman məsələsi idi, 90 milyon əhalisi olan ölkənin əlində onları tam bərpa etmək uzun çəkməyəcəkdi.
Ona görə də İran “atəşkəs” adlanan taym-autu həvəslə götürmüşdü və yaralarını sarımağa başlamışdı.
Regionda baş verənlər isə bütün dünyanın gözü qarşısında idi. Körfəz ölkələri görürdü ki, atəşkəsə baxmayaraq, regionda sülh prosesi getmir, əksinə, intriqa, düşmənçilik davam edir. Yenə neft daşıyan tankerlər təhlükəyə məruz qalır, Hörmüz boğazı gah aşılıb, gah bağlanır, İran generalları hələ də təhdid sovururlar və s.
Bir sözlə, İran tez-tez fikir dəyişməsi və impulsiv qərarlar verməsi ilə məşhur olan Trampın sözünə, imzasına ümid olaraq, riskə getməməli, başının salamatlığını istəyirdisə, atəşkəs sazişində nəzərdə tutulmuş şərtlərə riayət etməliydi.
Əslində, yeni ali rəhbər Müctəba Xamneyinin 4 ay 10 gündən bəri üzə çıxmaması, ictimai yerlərdə, öz iqamətgahında görünməməsi, hətta atasının vida mərasiminə qatılmaması onun göstəricisi idi ki, İran rəhbərliyi Trampın müharibənin bitdiyinə dair 40 dəfədən çox verdiyi bəyanatın səmimiliyinə inanmır.
Bu məsələdə SEPAH generalları haqlı çıxdılar. Əgər dünən gecə Müctəba Xamneyinin yeri məlum olsaydı, İrana tuşlanan raketlərin bir hədəfi də o olardı.
İndi məlum olur ki, İran da Trampı zərərsizləşdirmək niyyətindədir. ABŞ prezidentinin həyatına sui-qəsd planlarının mövcudluğu barədə xəbərlər boşuna deyil. Bu niyyət lap əvvəlcədən var, sadəcə, bunu həyata keçirməyin effektiv yolu, mexanizmləri mövcud deyil. Məşhur lətifədə deyildiyi kimi, “zınqırovu pişiyin boynuna hansı siçanın necə asacağı” müəyyənləşməyib.
NATO-nun Ankarada keçirilən sammitində İranın Trampa sui-qəsd etmək imkanına malik olması və Tehranın bundan vaz keçməsi isə havayı söhbətdir. Bu Türkiyəyə minnət qoymaq cəhdidir. Əslində Tehranın əlində belə bir imkan olsaydı, edərdi.
Bəs bunun nəticəsi necə olardı? Aydın məsələdir ki, elə bir terror hücumu olsaydı, zərər çəkən təkcə Tramp olmazdı, onunla bərabər bir çox liderlər, Avropanın qüdrətli dövlətlərin rəhbərləri də hücuma məruz qalardılar. Bu təqdirdə sərəncamlarında nüvə arsenalı olan ABŞ və Avropa dövlətləri İrana necə cavab verərdilər, onu heç cür doğru təxmin etmək mümkün deyil.
Beləliklə, ABŞ-İran “hərbi oyunu”nun nəticəsi, idman terminləri ilə desək, əlavə edilmiş vaxtda məlum olacaq. Ən qorxulusu tərəflərin “penaltilər seriyası”na getməsidir. ABŞ-nin əlimdə rəqibin bunkerlərinin qapısına dəqiq zərbə vurmaq üçün güclü topları var.
Xalid KAZIMLI