Medianews.az
Macarıstandakı seçkinin əsas qüvvələri
144 baxış

Macarıstandakı seçkinin əsas qüvvələri

Medianews.az Macarıstanda parlament seçkisinə qatılmış əsas siyasi qüvvələrin siyahısına nəzər salıb.

Parlament seçkisi aprelin 12-nə təyin olunub. Səlahiyyət müddəti dörd il olan 199 nəfərlik Dövlət Məclisinin 106 üzvü majoritar sistemlə (dairələr üzrə), 93 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir. Hökumət qurmaq üçün 100 mandat gərəkdir.

Sağ təmayüllü hakim Macar Vətəndaş İttifaqı lideri Viktor Orbanı yenidən baş nazir postuna namizəd göstərib. Bu qüvvənin daimi müttəfiqi və koalisiya ortağı Xristian Demokrat Xalq Partiyasıdır.

1963-cü il təvəllüdlü Viktor Orban 1998-2002-ci illərdə baş nazir olub. 2010-cu ildən eyni postu tutur.

Sağ mərkəzçi Hörmət və Azadlıq Partiyası seçkinin əsas müxalif qüvvəsi sayılır. Peter Madyarın liderlik etdiyi partiya son rəy sorğularında irəli çıxır.

İfrat sağ, millətçi qüvvə sayılan Bizim Vətən Partiyasının və sol mərkəzçi Demokratik Koalisiya Partiyasının da parlamentə düşmək imkanında olduğu bildirilir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun