Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal olunan heyvanların yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmasına dair qərarı son günlər ictimai müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, bununla bağlı qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov bildirib ki, qəbul edilən qərar vaxtında verilmiş və düzgün addımdır.
Onun sözlərinə görə, qərarın əsas məqsədi heyvan sağlamlığını və rifahını qorumaq, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq və nəticədə istehlakçıları daha təhlükəsiz, keyfiyyətli ət məhsulları ilə təmin etməkdir.
Ekspert bildirib ki, uyğun olmayan nəqliyyat vasitələrində normadan artıq sayda heyvanın daşınması onların stress keçirməsinə, xəsarət almasına və ətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İxtisaslaşdırılmış nəqliyyat vasitələri isə beynəlxalq standartlara uyğun şərait yaratmaqla bu riskləri minimuma endirir.
İlkin Şirinov bəzi şəxslərin bu qərarın ətin qiymətini artıracağı ilə bağlı fikirləri ilə razı olmadığını da vurğulayıb.
"Daşınma prosesi düzgün təşkil olunduqda, bir neçə sahibkarın eyni ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən istifadə etməsi xərclərin bölüşdürülməsinə imkan verir və əlavə maliyyə yükünün yaranmasının qarşısını alır", – deyə o qeyd edib.
Bununla yanaşı, mütəxəssis hesab edir ki, AQTA qərarın icrasına nəzarət edərkən sahibkarların maraqlarını da nəzərə almalıdır. Onun fikrincə, nəzarət mexanizmləri elə qurulmalıdır ki, süni qiymət artımı, əsassız daşınma xərcləri və vasitəçilikdən irəli gələn əlavə maliyyə yükü formalaşmasın.
Ekspertin sözlərinə görə, bu yanaşma həm heyvan rifahının və qida təhlükəsizliyinin təmin olunmasına, həm istehlakçıların keyfiyyətli məhsulla təmin edilməsinə, həm də sahibkarların qanuni maraqlarının qorunmasına xidmət edəcək.
Medianews.az