“Liverpul”un hücumçusu Uqo Ekitike UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı oyunun ilk hissəsində zədələnərək əvəzlənib.
Medianews.az xəbər verir ki, fransalı futbolçu rəqib müdaxiləsi olmadan zədələnib. “Canal+”-un yaydığı məlumata görə, Ekitikenin zədəsi kifayət qədər ciddidir. O, klub mövsümünün qalan hissəsini buraxacaq və 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində çıxış etməyəcək.
Ulduz futbolçu sağ axilles vətərinin qismən və ya tamamilə yırtılıb-yırtılmadığını müəyyən etmək üçün hərtərəfli müayinədən keçəcək. Hər iki halda da zədə əməliyyat və geniş reabilitasiya tələb edəcək.
Qeyd edək ki, “Liverpul” doğma meydanda PSJ-yə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Arne Slotun komandası indi diqqətini İngiltərə Premyer Liqasında ilk dördlük uğrunda mübarizəyə yönəldəcək.//Publika.az