Son zamanlar gündəm qazilər və onların problemləridir. Qazilərin Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinə daxil olması, nazirin onların suallarına cavab vermək istəməməsi əsas müzakirə mövzusudur. Qazilərimiz onlara veteranlıq statusunun verilməməsindən, laqeyd münasibətdən narazıdırlar.
Mövzu barədə Medianews.az-a danışan xalq artisti Afaq Bəşirqızı dedi ki, bu hadisənin səbəbi işi icra edən məmurların etinasızlığıdır:
“Mən bütün hallarda qazilərimizi, o vətən sevərləri, o qeyrətli balalarımı dəstəkləyirəm. Burada yenə də məmur etinasızlığı var. Çünki mənim qazilərim heç vaxt öz şəxsi ambisiyalarına görə hay-küy qaldırmazlar. Amma evdə balaları var. Onları buna məcbur edənlərə ar olsun və utansınlar. Ümumiyyətlə, belə şeyə laqeyid yanaşmaq olmaz”.
O, həmçinin bildirdi ki, bütün hallarda qazilərimizin tərəfindədir:
“Onların heç birinin səhhəti qənaətbəxş deyil. Onlar orada canlarını qoyublar, sağ qalsalar da. İndi həmin o canlarının ağrıları, bir az da onların bu can qoyduqları iş üçün ayrılan köməkliyin belə etinasız verilməsi və ya verilməməsi üçüncü qrup əlilə birinci, birinci qrup əlilə üçüncü qrup əlillik verilməsi, kimi məsələlər onları buna vadar edir. Allah onların gözünü doyursun ki, bəlkə heç olmasa, yaxşını pisdən, qeyrətlini qeyrətsizdən ayıra bilsinlər. Mən bütün hallarda qazilərimizin tərəfindəyəm”.
Zərif Ülvizadə
Medianews.az