Son dövrlərdə şəhər nəqliyyatında sürücülər arasında artan mübahisələr ictimai diqqəti çəkir. Stress və əsəbilik bu konfliktlərin başlıca səbəbi hesab olunsa da, mütəxəssislər eşitmə problemlərinin də rol oynadığını bildirir.
Medianews.az xəbər verir ki, türkiyəli audioloq Emel Çetin sürücülərdə dözümsüzlük və aqressiyanın əslində eşitmə qabiliyyətinin zəifləməsi ilə bağlı olduğunu deyir.
Mütəxəssisin sözlərinə görə, pasiyetləri əsəb olduqlarında şikayət edirlər.
Eşitmə zəiflədikdə insan cümləni tam qavraya bilmir, beyin isə çatışmayan sözləri tamamlamaq üçün daha çox enerji sərf edir. Bu isə zehni yorğunluq və aqressiv davranışa səbəb olur.
Emel Çetin vurğulayır ki, problem təkcə sosial münasibətlərlə məhdudlaşmır. Eşitmə itkisi yaddaşın zəifləməsi və demensiya riskinin artması ilə də əlaqələndirilir. Beyin tam eşidib anlamadığı məlumatı yaddaşa yazmır, nəticədə unutqanlıq və diqqət pozuntusu yaranır.
Mütəxəssis erkən diaqnozun vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müasir texnologiyalar sayəsində aparılan analizlər problemin səviyyəsini dəqiq müəyyənləşdirir. Fərdi həll yolları ilə eşitmə qabiliyyətini bərpa etmək mümkündür. Bu isə həm stressin azalmasına, həm də həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Medianews.az