Mərkəzi Bank 2026-cı ilin ilk iş günündə 1 unsiya qızılı 7488,6530 manata satıb. Fevral 7950,7215, mart 9104,6985, aprel 7950,8490, may 7834,7050, iyun 7675,2960, iyul 6759,4465 manatla başlayıb.
1 unsiya 31,1 qrama bərabərdir. Bu hesabla qızılın qramı ilin əvvəlində 240,7 manata, ilin ortasında 217,3 manata təklif olunub.
Azərbaycanda qızılın qiymətinə hansı amillər təsir edir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Standartlaşdırma İnstitutunun “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırması üzrə Texniki Komitəsinin sədri, “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin sədr müavini Rövşən Əmircanov bildirib ki, ölkəmizdə qızılın qiymətinə həm beynəlxalq maliyyə bazarlarındakı proseslər, həm də daxili bazar amilləri təsir edir: “İlk növbədə qeyd edilməlidir ki, qızıl qlobal əmtəə və investisiya bazarlarında əsasən ABŞ dolları ilə qiymətləndirilən qiymətli metal və kapitalın qorunması aləti kimi çıxış edir. Bu səbəbdən beynəlxalq birjalarda qızılın unsiya üzrə qiymətində baş verən dəyişikliklər Azərbaycanda da onun yerli bazar dəyərinə təsir göstərir.
Qızılın qiymətinə təsir edən əsas amillərdən biri beynəlxalq bazarda tələb və təklif nisbətidir. Geosiyasi gərginliyin, maliyyə bazarlarında qeyri-müəyyənliyin və inflyasiya gözləntilərinin artdığı dövrlərdə investorlar kapitalın dəyərini qorumaq məqsədilə qızıla daha çox üstünlük verirlər. Bu isə investisiya tələbinin və müvafiq olaraq qiymətlərin yüksəlməsinə səbəb ola bilər.
Digər mühüm amil ABŞ dollarının beynəlxalq valyuta bazarlarındakı dəyəri və aparıcı mərkəzi bankların monetar siyasətidir. Qızılın dünya bazarında əsasən ABŞ dolları ilə ticarət edilməsi dollar indeksindəki dəyişikliklərin qiymətli metala olan tələbə təsir göstərməsinə səbəb olur. ABŞ dollarının bahalaşması digər valyutalardan istifadə edən investorlar üçün qızıl alışını nisbətən bahalaşdıra və tələbi zəiflədə bilər”.
R.Əmircanovun sözlərinə görə, faiz dərəcələrinin səviyyəsi də investorların seçiminə təsir göstərir: “Faiz dərəcələri yüksəldikdə dövlət istiqrazları, depozitlər və digər faiz gəliri yaradan maliyyə alətləri daha cəlbedici olur. Qızıl isə faiz və ya dividend gəliri yaratmadığından belə şəraitdə ona investisiya marağı qısamüddətli dövrdə azala bilər. Faiz dərəcələrinin aşağı düşməsi isə əks təsir göstərərək qızıla tələbi artıra bilər.
Daxili bazarda zərgərlik məmulatlarının pərakəndə satış qiyməti yalnız xalis qızılın beynəlxalq dəyəri əsasında müəyyən edilmir. Yekun satış qiyməti məmulatın əyarı və çəkisi, istehsal texnologiyası, emal keyfiyyəti, dizayn mürəkkəbliyi, istifadə olunan qiymətli daşların dəyəri, habelə idxal, logistika və ticarət xərcləri nəzərə alınmaqla formalaşır. Buna görə də beynəlxalq bazarda və Azərbaycan Mərkəzi Bankının göstəricilərində əks olunan xalis qızılın dəyəri ilə pərakəndə satışda təqdim edilən hazır zərgərlik məmulatlarının qiyməti fərqlənə bilər.
Ümumilikdə ölkədə qızılın qiymət dinamikası beynəlxalq əmtəə və maliyyə bazarlarındakı meyillər, valyuta bazarında baş verən dəyişikliklər, aparıcı mərkəzi bankların monetar siyasəti, inflyasiya və geosiyasi risklər, habelə daxili tələb və təklif nisbəti ilə müəyyən olunur”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də Medianews.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda qızılın qiymətinə həm qlobal, həm də daxili iqtisadi amillər təsir göstərir. Onun szölərinə görə, əsas amil beynəlxalq bazarlarda qızılın qiymətidir: “Qızıl dünya bazarında ABŞ dolları ilə qiymətləndirildiyi üçün beynəlxalq qiymətlərdə baş verən dəyişikliklər Azərbaycanda da birbaşa hiss olunur.
Bununla yanaşı, ABŞ dollarının digər valyutalara nisbətdə məzənnəsi, aparıcı mərkəzi bankların faiz siyasəti, inflyasiya gözləntiləri, geosiyasi risklər və qlobal iqtisadi qeyri-müəyyənlik qızılın qiymətinə təsir edən əsas amillərdəndir. İnvestorlar risklərin artdığı dövrlərdə qızılı etibarlı investisiya vasitəsi kimi daha çox aldıqları üçün onun qiyməti yüksələ bilir.
Daxili bazarda isə qiymətlərə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi qızıl qiyməti, manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyi, idxal və logistika xərcləri, emal və satış marjası, həmçinin bazarda tələb və təklif nisbəti təsir göstərir. Zərgərlik məmulatlarında bu amillərlə yanaşı, istehsal xərcləri, dizayn, işlənmə keyfiyyəti və satıcıların kommersiya marjası da son qiymətin formalaşmasında mühüm rol oynayır”.
A.Nəsirlinin sözlərinə görə, ilin müxtəlif aylarında qızılın qiymətində müşahidə olunan dəyişikliklər əsasən dünya bazarlarında qiymət dalğalanmaları və beynəlxalq maliyyə bazarlarındakı proseslərlə əlaqədardır: “Buna görə də Azərbaycanda qızılın qiyməti daxili bazar amillərindən daha çox qlobal iqtisadi proseslərin təsiri altında formalaşır”.
Nailə Qasımova,
Medianews.az