Medianews.az
Qələm adamlarının yadda qalan çılğınlıqları:
417 baxış

Qələm adamlarının yadda qalan çılğınlıqları: kim nədən danışdı? - SORĞU

Azərbaycan yazıçılarının həyat yolunda yer alan qeyri-adi və cəsarətli addımlar oxucular üçün həmişə maraqlı olub. Onların fərqli dövrlərdə etdikləri çılğınlıqlar bəzən yaradıcılıqlarına yön verib, bəzən də şəxsi talelərində iz qoyub. Bu mövzu ədəbiyyat adamlarının xarakterindəki cəsarəti və həyatla münasibətini anlamaq üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan yazıçılarının həyatlarında hansı çılğınlıq ən yadda qalan olub?

Medianews.az mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Yazıçı Səfər Alışarlı:

“Yadıma gəlmir. Olubsa da, o qədər mənasız şeylər olub ki, onları yadda saxlamağa enerji sərf edilməyib”.

Yazıçı Eluca Atalı:

“Çılğınlıq dəliliklə eyni anlamı daşıyan bir kəlmədir, amma məncə, dəlilikdə bir uzunmüddətlilik var, çılğınlıq daha qısa olur. Ən yaddaqalan və ömrümdə iz buraxmış çılğınlıq dövrüm, bəlkə də, dəli olmaq səviyyəsinə qədər ağlımı itirdiyim günlər yaşamışam. 2021-ci ilin yayında “İran Hizbullah zindanında” romanının üçüncü kitabı olan “Qanlı orkestr”i yazanda. Edam olunan qız uşaqlarının və hamilə gənc qadınların güllə qabağında durması halını canlandırmaq çox ağır idi. Özümü zindanın içində hiss edir, edam olunanları doğmalarım sayırdım. Uzun müddət onlarla həmsöhbət olur, bəzən reallıqla xəyalı bir-birinə qarışdırırdım. O zaman beyin tutmalarım da olub və bu ağrılar günlərlə çəkib, şiddətlənib. Kaş, adam sevincdən çılğınlıq halı yaşaya!”

Şair Cəlil Cavanşir:

“Gənclik illərində davakar olmuşam. Xüsusən toylarda tez-tez dava salırdım. Amma məncə ən böyük çılğınlığım yəqin ki, evlənib övlad sahibi olmaq. Bundan yaddaqalan dəlilik xatırlamıram”.

Yazıçı Sevinc Elsevər:

“Çılğınlıqdırsa, yadda qalmağı labüddür. Elə çılğın adam deyiləm əslində. Ona görə yaddaqalan çılğınlığım yoxdur. Məsələn, şəlalədən hoppanmamışam, atamın maşınını götürüb evdən qaçmamışam. Çılğınlığı xəyalımda eləmişəm mən ancaq. Belə yaddaqalan çılğınlığım yoxdur”.

Yazar Ülviyyə Heydərova:

“Şuşa azad olan günü sevincimdən hönkür-hönkür ağlamağın nə olduğunu anladım”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun