Əmək Məcəlləsinə görə, havanın temperaturu azı 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində işçilərə müəyyən olunmuş qaydada fasilələr verilməli və iş dayandırılmalıdır. Eyni zamanda, havanın temperaturu 41 dərəcədən çox olanda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı, işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.
Qanunvericiliyə görə, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Həmçinin işəgötürən ilin isti vaxtlarında açıq havada və isti sexlərdə çalışan işçilərin istirahəti üçün otaqlar hazırlamalıdır.
İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilməlidir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
İşlərin dayandırılması və fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.
Bütün bunlar qanunun tələbləridir. Bəs reallıqda bu tələblərə əməl edilirmi?
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 25-26-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Medainaews.az saytına bildirib ki, açıq havada havanın temperaturunu süni surətdə tənzimləmək mümkün olmadıqda və temperatur müəyyən həddə çatdıqda - qanunvericiliyimizə əsasən bu, 41 dərəcədir - iş dayandırılmalıdır: “Ancaq elə işlər var ki, onları dayandırmaq mümkün olmur. Bu halda işəgötürən xüsusi tədbirlər görməlidir. Təhlükəsizlik qaydalarına xələl gətirməmək şərtilə, işçilər yüngül geyimlər (məsələn, həsir papaqlar və s.) ilə təmin olunmalıdır.
Bundan əlavə işçilərə tez-tez fasilələr verilməlidir. Açıq hava şəraitində iş yerinin yaxınlığında çətirlər quraşdırılmalıdır. Fasilə zamanı işçilərin günvurma və istivurmadan qorunması üçün onlara sərinləşdirici içkilər (ayran, qazlı su və s.) təklif edilməlidir.
Qanunvericilikdə bütün bunlar öz əksini tapsa da, təəssüf ki, təcrübədə fərqli mənzərə ilə qarşılaşırıq. Açıq havada, çölün düzündə asfalt çəkən və ya infrastruktur layihələrində çalışan işçilər üçün bəzən heç bir tədbir görülmür. Nəticədə işçilər kəskin istivurmaya məruz qalmasalar belə, günəş şüaları onların orqanizminə ciddi zərər vurur və uzunmüddətli perspektivdə sağlamlıqlarına mənfi təsir göstərir.
Əslində isə vəziyyət belə olmamalıdır. Qanunvericilik hər şeyi tənzimləyir, praktiki tətbiqdə isə müəyyən problemlər hələ də qalmaqdadır”.
Nailə Qasımova,