Lionel Messi Argentina milli komandasında çıxışlarını bitirdiyini bəyan edib. Xəbər iyulun 21-də yayılıb.
İyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilmiş 23 dünya futbol çempionatı Lionel Messinin yenidən parlaması ilə də yadda qalıb.
Argentina qrup raundunda Əlcəzair (3:0), Avstriya (2:0) və İordaniyanı (3:1), 1/16 finalda Kabo Verdeni (3:2), 1/8 finalda Misiri (3:2), dörddə bir finalda İsveçrəni (3:1), yarımfinalda İngiltərəni (2:1) məğlub edib, finalda İspaniyaya yenilərək (0:1) gümüş medallara sahib çıxıb. Lionel Messi turnirdə 8 qola imza atıb.
Medianews.az bildirir ki, 2005-ci ildən başlayaraq Argentina yığmasının heyətində 207 oyun keçirən Lionel Messi 125 qol vurub, Amerika kubokunun sahibi (2021, 2024), dünya çempionu (2022) olub.
1987-ci il iyunun 24-ü Argentinanın Rosario şəhərində doğulan Lionel Messi ilk futbol dərslərini “Qrandoli” və “Nyuells Old Boyz” komandalarında alıb, 2000-ci ildən İspaniyanın “Barselona” komandasında yetişib.
Hücumçu 2004-2021-ci illərdə “Barselona”da, 2021-2023-cü illərdə Fransanın PSJ komandasında oynayıb, 2023-cü ildən ABŞ-ın “İnter Mayami” komandasındadır.
10 dəfə İspaniya çempionu, 2 dəfə Fransa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 7 dəfə İspaniya superkubokunu, 1 dəfə Fransa superkubokunu qazanıb.
4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 3 dəfə UEFA superkubokunu qazanıb, 3 dəfə klublar arasında dünya çempionluğu əldə edib.
MLS (ABŞ və Kanadanın yüksək liqası) çempionu, Şimali Amerikanın liqa kubokunun sahibidir.
Argentinanın gənclər yığması ilə dünya çempionu (2005) və olimpiya çempionu (2008) titullarına sahib çıxıb.
2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatı alıb.
Toğrul Əli,
Medianews.az