İyulun 25-də Ukrayna Xəzər dənizində İranın ticarət gəmisinə dron zərbəsi endirib. Nəticədə gəmidə partlayış baş verib, dənizçilərdən biri həlak olub, biri isə yaralanıb.
Ukrayna tərəfi bəyan edib ki, pilotsuz uçuş aparatları Xəzər dənizində beynəlxalq sanksiyalar altında olan və İranla Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə edilən yük gəmisini vurub.
İran Xarici İşlər Nazirliyi isə bunu "düşmənçilik və cinayət xarakterli hərəkət" kimi qiymətləndirib. Nazirlik qeyd edib ki, bu hücum beynəlxalq hüququn pozulması, müharibənin, qeyri-sabitliyin coğrafiyasını təhlükəli şəkildə genişləndirmək cəhdidir.
Bəzi məlumatlara görə, Ukraynanın vurduğu gəmi Rusiyadan İrana silah daşıyırmış.
Gəminin Xəzərin hansı sektorunda vurulduğu haqda isə indiyədək hər hansı məlumat açıqlanmayıb.
Məlum olduğu kimi, Rusiya və İrandan başqa Xəzər dənizinin sahilində yerləşən və onun sərhədlərini əhatə edən daha üç ölkə var. Hadisələr həmin ölkələrdən biri olan Azərbaycanın, o cümlədən digər ölkələrin (Qazaxıstan və Türkmənistan) təhlükəsizliyini təhdid edirmi?

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Rusiya-Ukrayna savaşı başlanandan Xəzər regionunun da gərginlik coğrafiyasına çevrilicəyi ilə bağlı narahatlıq var idi: “Təəssüf ki, bu ehtimallar özünü doğrultdu. Belə ki, savaşın elə ilk dövrlərindən Rusiya Ukrayna ərazilərini Xəzər dənizində yerləşdirdiyi donanması vasitəsilə də hədəf almağa başladı. Ukrayna da - xüsusilə son bir ildə - bu istiqamətdə hədəfləri vurmağa davam edir.
Son hadisəyə gəldikdə, bu, İranla Ukrayna arasında onsuz da gərgin olan münasibətləri bir az da mürəkkəbləşdirir. Nəzərə alaq ki, xüsusilə son bir neçə ayda Ukrayna Rusiya ərazilərində, xüsusilə onun dərinliklərində geniş əməliyyatlar həyata keçirir, rus ordusunun təminat və təchizat-logistika mərkəzlərini vurur, logistika xətlərini sıradan çıxarır, yanacaq və enerji sektorunu hədəfə alır, eyni zamanda strateji əhəmiyyət daşıyan hərbi və sənaye müəssisələrinə zərbələr endirir.
Ukrayna-İran münasibətləri Tehranda Ukraynanın sərnişin təyyarəsinin vurulması, ardınca 2022-ci ilin payızından İranın Moskvaya hərbi dəstək verməsi, Rusiyanı xüsusilə "Şahid" dronları ilə təmin etməsi hadisələrinə görə xeyli müddətdir kifayət qədər gərgindir”.
O.Qasımov qeyd edib ki, Ukrayna tərəfi son aylarda apardığı əməliyyatlarla Rusiya ordusunun təminat və təchizat xətlərini kəsməyə çalışır: “Vurulan İran gəmisi də məhz bu təyinatlı obyekt hesab olunur. Ukrayna tərəfi öz mövqeyini belə ifadə eləyib ki, bu cür gəmilər Ukraynanın legitim hədəfləridir.
İran tərəfinin bəyanatı gərginliyin bundan sonra da artacağını və coğrafiyasının genişlənəcəyini göstərir. Şübhəsiz ki, Xəzər hövzəsi regionunda gərginliyin artması nə Azərbaycanın, nə də bölgədə yerləşən Qazaxıstan və Türkmənistan kimi digər türk dövlətlərinin maraqlarına uyğun deyil. Bölgədə gərginliyin artması təhlükəsizliyə müəyyən risklər yaradır. Azərbaycan son beş ildə bu gərginliklərdən yayınmağa nail olub. Düşünürəm ki, bundan sonrakı dönəmdə də oxşar addımlar atılacaq, Azərbaycan özünün şimalında və cənubunda baş verən savaşlardan mümkün qədər uzaq dura biləcək”.
Nailə Qasımova,
Medianews.az