Medianews.az
Dünyada süni intellekt nizamı:
185 baxış

Dünyada süni intellekt nizamı: İkinci qütb yarandı

Pekinin dəvəti ilə Çinin texnologiya paytaxtı sayılan Şanxay şəhərində 29 dövlət bir araya gəlib. Bu dövlətlərin Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının (World Artificial Intelligence Cooperation Organization –WAICO) yaranmasına imza atdıqları 17 iyul 2026-cı il tarixə yeni dünya nizamının təşəkkülünün həlledici mərhələsinin başlandığı gün kimi düşəcək.

Pekinin təşəbbüsü ilə yaradılan WAICO-nun ABŞ-ın ötən il formalaşdırdığı “Pax Silica”ya alternativ olduğuna əmin olmaq üçün Çin dövlət başçısı Si Cinpinin Şanxayda keçirilən konfransın açılış mərasimindəki çıxışını oxumaq yetərlidir.

Si Cinpin çıxışı zamanı Çini süni intellekt sahəsində yeni qlobal nizamın müdafiəçisi kimi təsvir etməkdən, sürətlə inkişaf edən bu sektorda qaydaları müəyyən edən ABŞ-a ad çəkmədən meydan oxumaqdan ibarətdir. Bu hədəflərə nail olmaq üçün isə Si Cinpin inkişaf etməkdə olan ölkələrə süni intellekt imkanlarının inkişafına kömək edəcəklərinə söz verməklə texnologiyaya qeyri-bərabər çıxış səbəbindən “yeni tarixi ədalətsizliklərin” ortaya çıxacağı barədə xəbərdarlıq edərək ölkələri “tarixi fürsətindən” istifadə etməyə çağırıb. Süni intellektin əhəmiyyətini buxar mühərriki və elektrik enerjisinin ixtirası ilə müqayisə edən Si Cinpin çıxışında Çinin süni intellekt texnologiyasını və təcrübəsini Qlobal Cənub ölkələri ilə bölüşdüyünə də diqqət çəkməyə çalışıb.

Çinin dövlət mediası rəsmi Pekinin süni intellekt strategiyasını ABŞ-ın “Süni intellekt dəmir pərdəsi” yaratmaq cəhdinə cavab olaraq təqdim edir. Məsələn, dövlət televiziyası CCTV-yə bağlı “Yuyuan Tantian” WAICO təşəbbüsünün Çinin “bütün bəşəriyyətin və bütün ölkələrin gücünü birləşdirərək açıq, hərtərəfli süni intellekt ekosistemi qurmaq” yolu ilə “fərqli bir nizam” qurmağı hədəflədiyini yazıb. Çin dövlət mediası ABŞ-ın “Süni intellekt dəmir pərdəsi” ifadəsi altında ABŞ-ın ötən il formalaşdırdığı “Pax Silica”nı nəzərdə tutur.

Ekspertlər Pekinin təşəbbüsü ilə WAICO-nun yaradılmasını Çinin dünya liderliyinə can atması kimi dəyərləndiriblər. Vaşinqtonda yerləşən strateji konsaltinq şirkəti The Asia Group-un rəqəmsal təcrübə üzrə rəhbəri Corc Çenə görə, Si Cinpinin mesajı aydındır: Çin süni intellekt texnologiyası və standartlarında heç kimin ardınca getməyəcək. Bunun əvəzinə, Çin hər ikisində dünyaya liderlik etmək istəyir.

Si Cinpinin iddialı açıqlamalarına baxmayaraq Çinin təşəbbüsü ilə yaradılan WAICO-nun ABŞ-ın liderliyi ilə qurulan “Pax Silica”dan üstün olacağını təsəvvür etmək çox çətindir. Məsələnin mahiyyəti “Pax Silica”ya qoşulan dövlətlərin sayının WAICO-nu təsis edən dövlətlərin sayından çox olması bağlı deyil. Yeri gəlmişkən qeyd edim ki, “Pax Silica”ya 35 dövlət qoşulduğu halda, WAICO-nun yaranmasında 29 ölkə iştirak edib. Heç şübhəsiz ki, zamanla bu rəqəmlər dəyişəcək. Dövlətlər tədricən seçim qarşısında qalacaq və ittifaqlardan birinə qoşulacaqlar.

İkinci Dünya müharibəsindən sonra formalaşmış “Yalta-Potsdam dünya nizamı” zamanı dövlətlərin NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında seçim etməmək, bloklardan heç birinə qoşulmamaq və tərəfsiz qalmaları mümkün idi. Qoşulmama Hərəkatı da hərbi bloklardan birinə üzv olmaq istəməyən ölkələrin birliyi olaraq yaranmışdı. Süni intellekt əsrində texnologiya bloklarının hər ikisindən məsafə saxlamaq, qoşulmama siyasəti yürütmək mümkün olmayacaq.

“Pax Silica”nın təsisçiləri sırasında ABŞ-la yanaşı, Böyük Britaniya, Almaniya, Hindistan, Yaponiya, Cənubi Koreya, Avstraliya, Finlandiya, İsrail, Norveç, Niderland, Sinqapur, İsveç, Argentina, Çili, Kosta Rika, El Salvador, Panama, Filippin, Yunanıstan, Birləşmiş Ərəb Əmirliyi, Qətər və Qazaxıstan kimi ölkələr var.

Çox maraqlıdır ki, Qazaxıstan WAICO-nun yaranmasında iştirak edən 29 ölkədən biridir. Heç şübhəsiz ki, bu uzun müddət belə davam edə bilməz və Qazaxıstan WAICO ilə “Pax Silica” arasında seçim etməli olacaq. Qənaətimcə, Qazaxıstanın WAICO-nun yaranmasında iştirakı Pekinin və Moskvanın təzyiqləri nəticəsində mümkün olub. Qazaxıstanla yanaşı WAICO-nun yaranmasında Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Qırğızıstan, Braziliya, Kamboca, Kamerun, Konqo, Kuba, Efiopiya, İndoneziya, Keniya, Laos, Lesoto, Malayziya, Mozambik, Myanma, Nikaraqua, Oman, Pakistan, Seneqal, Serbiya, Cənubi Afrika, Venesuela və Zambiya iştirak ediblər. Siyahıdan da göründüyü kimi WAICO-nun yaranmasında iştirak edən dövlətlər Çin istisna olmaqla süni intellekt, yeni texnologiyalar sahəsində hər hansısa bir uğuru ilə fərqlənməyən ölkələr olduğu kimi, maliyyə resursları da məhdud olan ölkələrdir. WAICO-nun təsisçiləri sırasında Çindən sonra ikinci ən böyük dövlət olan Rusiyanın vəziyyəti Pekinin “Pax Silica”ya alternativ olaraq qurduğu ittifaqın uğurlu olacağını şübhə altına almağa imkan verən növbəti dəlillərdən biridir.

InfoWatch İT şirkətinin rəhbəri Natalya Kasperski vətəni Rusiyanın süni intellekt sahəsində ABŞ və Çinlə rəqabət imkanlarını eyni rels üzərində hərəkət edən piyada ilə qatarın sürəti ilə müqayisə edib. Xanım Kasperski RTVI-yə müsahibəsində bəyan edib ki, Rusiya artıq xeyli geridə qalıb. Natalya Kasperski onu da bildirib ki, Amerika və Çinlə rəqabət aparmaq üçün böyük resurslar tələb olunur. Rusiya dövləti isə geriliyi qanun qəbul etməklə aradan qaldırmağa çalışır. Rusiya Dövlət Duması “Süni intellekt texnologiyalarının inkişafını dəstəkləmək haqqında” qanunu ikinci və üçüncü oxunuşda bir neçə gün öncə təsdiqləyib. Qanun layihəsini təqdim edən Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarski qanunun zərurətini ABŞ və Çinlə rəqabəti uduzmamaq istəyindən irəli gəldiyini bildirib. Dövlət Duması “Süni intellekt texnologiyalarının inkişafını dəstəkləmək haqqında” qanunu ikinci və üçüncü oxunuşda qəbul etdiyi günlərdə Rusiyada 38 məlumat mərkəzinin (data center) tikintisi vəsait və elektrik enerjisi çatışmazlığı səbəbindən dayandırıldığı haqqında məlumat yayılıb. TechExpo və PKR Group tərəfindən aparılan araşdırmaya görə, son üç ildə Rusiyada 38 məlumat mərkəzinin tikintisi dayandırılıb. IBC Real Estate şirkəti isə Rusiyada məlumat mərkəzləri ilə bağlı digər problem məlumat mərkəzlərinin təxminən 75 faizinin enerji çatışmazlığı mövcud olan Moskva bölgəsində cəmləşməsini göstərir. “Rostelecom” şirkətinin prezidenti Mixail Oseevski enerji çatışmazlığının yeni məlumat mərkəzlərinin tikintisini məhdudlaşdırdığını bildirir.

Rəsmi məlumata görə, 2030-cu ildə Moskvanın enerji çatışmazlığı 1.6 QVt, 2042-ci ildə isə 4.2 QVt-a çatacaq. Enerji çatışmazlığı, nəhəng maliyyə resurslarının olmaması və talantlı yerli mütəxəssislərin məhdudluğu, əcnəbi mütəxəssislərin Rusiyada mövcud olan rejimdən qorxması Rusiyanın süni intellekt sahəsinin liderləri ilə rəqabət aparacaq gücə çevrilməsini istisna edir. Üstəlik, Ukraynaya qarşı cinayətkar müharibə bitdikdən sonra Rusiyanın böyük dəyişikliklərə məruz qalacağı şübhəsizdir.

“Pax Silica”nın təsisçiləri sırasında ABŞ-la yanaşı süni intellekt sahəsində öncül dövlətlər olan Böyük Britaniya, Almaniya, Hindistan, Yaponiya, Cənubi Koreya, Sinqapur, İsrail kimi texnoloji cəhətdən inkişaf etmiş dövlətlərlə yanaşı böyük maliyyə resurslarına malik Norveç, Niderland, Birləşmiş Ərəb Əmirliyi, Qətər kimi ölkələr də iştirak edir. Bütün bunlar göstərir ki, qüvvələr nisbəti böyük üstünlüklə “Pax Silica”nın xeyrinədir.

NATO-ya üzvlük üçün dövlətlər müəyyən meyarlara cavab verməli olduqları kimi, “Pax Silica”ya üzvlük üçün də müəyyən meyarlar mövcuddur. Sovet İttifaqı Albaniya, Bolqarıstan, Çexoslovakiya, Almaniya Demokratik Respublikası, Macarıstan, Polşa və Rumıniyanı təhdidlə Varşava Müqaviləsi Təşkilatına cəlb etdiyi kimi, WAICO-ya qoşulan dövlətlərin əksəriyyətinin də Pekinin təzyiqləri qarşısında bu təsisata qoşulduğu qənaəti çox güclüdür. Bütün bunlar WAICO-nun “Pax Silica” ilə rəqabətinin sonunun Varşava Müqaviləsi Təşkilatının NATO ilə rəqabətinin aqibətindən çox da fərqli olmayacağını ehtimal etməyə imkan verir.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun