Texnologiyaların sürətli inkişafı dünya iqtisadiyyatını dəyişir. Bu gün ölkələrin rəqabət üstünlüyü həm də innovasiya, süni intellekt və yüksək texnologiyalarla müəyyən olunur.
Azərbaycan bu dəyişikliklərə nə dərəcədə hazırdır? İnnovasiya iqtisadiyyatı nədir və Azərbaycan üçün niyə vacibdir? Azərbaycan innovasiya iqtisadiyyatına keçid baxımından hazırda hansı mərhələdədir? Ölkəmizdə bu sahənin inkişafı üçün ilk növbədə hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı ekspert, Böyük Britaniya Kral İqtisad Cəmiyyətinin üzvü Aslan Əzimzadə bildirib ki, hər 40-60 ildən bir dünya təsərrüfat sistemində yeni iqtisadiyyatın fundamental dəyişikliklərini səciyyələndirən texnologiyalar kəşf olunur.
A.Əzimzadənin sözlərinə görə, bu texnologiyaların kəşfi öz-özlüyündə milli təsərrüfat sisteminin bütün strukturunu dəyişir və yeni texnoloji quruluş, o cümlədən yeni texno-iqtisadi paradiqma formalaşdırır: “Bu, tədqiqatçılar üçün çox aktual bir məsələdir. Bu sahənin ilk tədqiqatçılarından - Yozef Şumpeter, Nikolay Kondratyev, Kristofer Friman, Karlota Peresdən tutmuş bir sıra dünya şöhrətli alim məhz texnologiyanın iqtisadiyyatda tətbiqi və onun necə effekt verməsini araşdırıb.
Hazırda VI texnoloji quruluş formalaşmaqdadır. Bu quruluşun aparıcı texnologiyaları bio və nano texnologiyalardır, o cümlədən helioenergetika və bəzi tədqiqatlara görə, süni intellektdir.
Bu texnologiyaları öz iqtisadiyyatına implementasiya edən ölkələr müxtəlif sektorlar üzrə bəzi hallarda 30 faiz, bəzi hallarda 70 faiz əlavə rentabelliyə nail ola bilirlər. Xüsusən kənd təsərrüfatı sahəsində, emal sənayesində olduqca effektli nəticələr əldə etməyi bacarırlar”.

A.Əzimzadə qeyd edib ki, ilk növbədə texnologiyaların tətbiqini səciyyələndirmək lazımdır: “Texnologiyalar adətən birbaşa investisiyalar çərçivəsində ölkəyə transfer olunur. Burada yalnız xarici deyil, daxili investisiyaları da səciyyələndirmək lazımdır.
Zənnimcə, Azərbaycanda VI texnoloji quruluşun müasir texnologiyalarını iqtisadiyyatın müxtəlif sektorlarına tətbiq eləmək üçün daxili investisiya konturlarının daha da inkişaf etdirilməsinə ehtiyac var. Xüsusən bank faiz dərəcələri sahibkarların rentabellik dərəcəsinə görə differensiasiya olunsa və yumşaq pul-kredit siyasətinə keçilsə – o şərtlə ki, ayrılan vəsait həqiqətən də iqtisadiyyatın real sektoruna, əlavə dəyər tutumlu sahələrə və mütərəqqi texnologiyalara istiqamətlənsin – texnologiyaların milli iqtisadiyyata tətbiqini görə bilərik.
Təbii ki, bu həm də ixracı artıran, alıcılıq qabiliyyətini qoruyan bir amildir. Digər tərəfdən bəzi təcrübələr göstərir ki, məhz belə texnologiyaların tətbiqi ölkədə məhsulların qiymətinin aşağı düşməsini səciyyələndirir.
Zənnimcə, Azərbaycan hazırda daxili investisiya konturlarının stimullaşdırılması çərçivəsində daha mütərəqqi pul-kredit siyasəti modelinə keçməlidir”.
Nailə Qasımova,
Medianews.az