Medianews.az
Diplom əhəmiyyətini itirir? - Tələblər dəyişir -
158 baxış

Diplom əhəmiyyətini itirir? - Tələblər dəyişir - AÇIQLAMA

Son illərə qədər ali təhsil diplomu uğurlu karyeranın əsas açarı sayılıb. Məktəbi bitirən gənclərin qarşısında demək olar ki, tək yol ali məktəbə qəbul olmaq, dörd-beş il təhsil almaq və diplom əldə etmək olub. Lakin rəqəmsal iqtisadiyyatın, süni intellekt texnologiyalarının və sürətlə yenilənən əmək bazarının təsiri ilə bu yanaşma dəyişməyə başlayıb. Artıq işəgötürənlər namizədin hansı universiteti bitirməsindən çox hansı bacarıqlara sahib olduğunu və onları real iş mühitində tətbiq edib-etmədiyini qiymətləndirirlər.

Bu dəyişiklik təhsil sistemində də yeni anlayışların meydana çıxmasına səbəb olub. "Mikrosertifikat", "mikrotəqaüd", "nanodərəcə" (nanodegree), "rəqəmsal nişan" (digital badge) kimi qısamüddətli və konkret bacarıqlara yönəlmiş proqramlar bütün dünyada sürətlə yayılır. Bir neçə həftə və ya ay davam edən bu proqramlar iştirakçılara əmək bazarında tələb olunan spesifik bilik və bacarıqları qazanmaq imkanı verir. Dünyanın aparıcı texnologiya şirkətləri və nüfuzlu təhsil platformaları artıq minlərlə belə proqram təklif edir.

Bu tendensiya mühüm bir sualı gündəmə gətirir: gələcəyin əmək bazarında ali məktəb (universitet, akademiya) diplomu əvvəlki əhəmiyyətini qoruyacaq, yoxsa mikrosertifikatlar və digər çevik təhsil modelləri onun alternativinə çevriləcək?

Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, əmək bazarına inteqrasiya istiqamətində əvvəlki illərdə diplom tələb olunurdusa və müəyyən təyinatlar verilirdisə, artıq kapitalist cəmiyyətinin və rəqəmsallaşmanın əsas tələbləri ön plandadır. Onun sözlərinə görə, bu tələblər qarşısında gənc ali təhsil müəssisəsini bitirməsinə rəğmən, mütləq öz ixtisası üzrə müasir bilik və bacarıqlara yiyələnməlidir: “Eləcə də çağdaş dövrün və əmək bazarının tələblərinə uyğun gələn xüsusi ixtisasları seçmək məcburiyyətindədir. Çünki artıq süni intellekt və rəqəmsallaşma dövrüdür. Zamanın tələblərinə cavab verən ixtisaslar seçilmədikdə əmək bazarında mövqe tutmaq çətin məsələdir. Ona görə də gənclərimiz mütləq düşünməli, əmək bazarının tələbinə uyğun olan ixtisas və sahələri seçməlidirlər.

Diplom bir vasitətdir. Əsas olan gəncin bilik və bacarığıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə də Avropada elə sertifikatlar var ki, artıq beynəlxalq əhəmiyyət daşıyır. Bu sertifikatları əldə edən gənclər, xüsusən də informasiya texnologiyaları və kompüter yönümlü digər sahələr üzrə əmək bazarında rahatlıqla mövqe tuta bilirlər.

Bu onu göstərir ki, artıq diplom olmadan da müəyyən bilik, bacarıq və sertifikat əldə edən gənclərin əmək bazarına qoşulmasına imkanlar açılır. Bəlkə də bir neçə il sonra diplom formal xarakter daşıyacaq. Çünki bir neçə ölkədə artıq distant və hibrid təhsil formalaşıb. İnsanlar bu formatlarda rahatlıqla diplom alaraq lazımi bilik və bacarıqlarla əmək bazarına qoşulmaq imkanı əldə edirlər. Ona görə də gənclərin əsas məqsədi diplomla yanaşı dövrün tələb olunan ixtisaslarına müraciət etmək və bu ixtisaslar üzrə özlərini təkmilləşdirmək olmalıdır.

R.Nurəliyev vurğulayıb ki, ali təhsil müəssisələrinin də üzərinə müəyyən vəzifələr düşür: Ali təhsil müəssisələri gənclərin əmək bazarına rahat qoşulmasında böyük təsir qüvvəsinə malikdir. Əgər ali təhsil müəssisəsi gənclərə lazımi bilik və bacarıqları aşılayarsa, onlar həm diplom alacaq, həm də əmək bazarına qoşulmaq üçün lazımi potensiala sahib olacaqlar. Müəyyən bilik və bacarıqlara yiyələnməyənlər isə gec-tez əmək bazarından sıxışdırılıb çıxarılacaqlar.

Əmək bazarında artıq diplom deyil, bilik və bacarıq vacibdir. Bilik və bacarıq yoxdursa, 10 dənə də diplomun olsa, heç bir faydası olmayacaq. Amma biliyi və bacarığı olan, diplomu olmayan şəxs bu gün əmək bazarında mövqe tutursa, bu, həmin peşə və sahə üzrə biliklərin genişləndirilməsindən irəli gəlir. Düşünürəm ki, bizdə də hazırda bu istiqamətdə müvafiq addımlar atılır. Çünki işəgötürənlər sadəcə diploma deyil, diplomla yanaşı şəxsin bilik və bacarığına xüsusi diqqət yetirirlər.

Ona görə də gənclərə tövsiyəmiz odur ki, əmək bazarına rahat inteqrasiya olunmaq üçün təhsil aldıqları ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirsinlər, təcrübə və könüllülük proqramlarına qoşulsunlar, praktiki biliklərini gücləndirsinlər və müxtəlif kurslar vasitəsilə qabiliyyətlərini artırsınlar. Yenə təkrar edirəm, diplom bir vasitədir. Bu vasitənin olması arzuolunandır, amma bilik və bacarıq ən əsas meyar və üstünlükdür.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun