Rövşən Hacıbəyli
Sən demə, həyat “başqatmaq”lardan ibarət imiş.
Hicran
Gözlənilməz idi? Yox. Gözləyirdim? Yenə də yox. Heç o barədə düşünmək belə istəmirdim. Baxmayaraq ki, həkimlər başqa şey deyirdi. İnanmırdım onların dediklərinə, inanmaq istəmirdim. Sanki hər şey bir anda baş verdi. Necə ola bilərdi? Adam gözünün qabağında kökündən qoparılmış lalə kimi solsun, bir anda...
Özümü bağışlaya bilmirəm, ona uşaqlıq travmasını, dərdini unutdura bilmədim. Bacarmadım... Mənə “super geroy” deyib hər şeyin öhdəsindən gələn biri kimi baxsa da. Nəvələr də onun dilindən götürüb “super geroy baba” deyirdilər. Sınan oyuncaqlarını təmir etmək, oyuncaqların batareyasını dəyişmək, balaca oturacaqlar düzəltmək onların gözündə böyük bacarıq idi...
Çoxları onun həmişə gülərüz olmasından, təbəssümündən yazır, ancaq o təbəssümün arxasında nələr dayandığından xəbərsizdilər. Çünki dərdini başqalarına yükləməkdən uzaq idi. Eləcə də dərdli adamlara qulaq asa bilmirdi, buna dözümü qalmamışdı. Başqalarının da dərdini ürəyinə salırdı. Avtobusda, parkda, həyətdə o söhbətləri qulağı alan kimi yerini dəyişirdi... Evdə bir hissəsi kəsik şəkillər var, aramızdan vaxtsız gedən dostların onunla birgə şəkilləri, baxa bilmirdi belə fotolara, kəsib əl çatmayan yerə qoyurdu...
“Ulduz” jurnalının materialları gələndə son illər dərd canını alırdı, cəmiyyətin pessimist ovqatı yazılara da hopmuşdu, gənc yazarların dərdli, qəmli şeirləri, kədərli hekayələri... Hicran da son illər jurnala gələn materialları “dərd, vərəm yazıları” adlandırırdı... Çətinliklə oxuyurdu bu yazıları...
Xəstəliyi ilə bağlı bəlli ünvana da onu apara bilmədim. Adı pis çıxmışdı bu xəstəxananın. Orada xəstələrə yaxşı münasibət olmadığı deyilirdi həmişə. Onunsa həkimlərdən, tibb bacılarından umduğu xoş münasibət idi, dərdinə çarə tapmasalar belə... Elə ətrafdakı adamlardan da istədiyi, umduğu xoş münasibət idi...
Uşaqlıqda vurulan yaralar çox ağır olur, sağalmaz izlər qoyur adamda. 14 yaşı olanda anasını itirmişdi, 46 yaşında... Barışmadığı itkiydi. Hər şeyi ürəyinə salırdı. Demək olar, anasından heç danışmırdı, içində çəkirdi, kim bilir, bəlkə də bölüşsəydi ağrıları daha az olardı.
Anasının adı Qərənfil idi. Gülləri hədsiz çox sevsə də, qərənfili sevməzdi... Ən çox sevdiyi isə kasmeya idi. Hər il müxtəlif rənglilərin toxumunu kimdənsə, hardansa alıb əksək də göyərdə bilmirdik. Qardaşım Xaliqin bağında kasmeyanın narıncı rəngdə olanı vardı, hər il gətirib əkirdik, ancaq Hicran başqa rənglərini istəyirdi.
Bu da Tanrının işidir, bu il əkdiyim kasmeya toxumlarının hamısı çıxdı: ağ, bənövşəyi, qırmızı, çəhrayı... Ancaq Hicran artıq yataqdaydı... Hər çiçək açanda şəkillərini çəkib gətirib göstərirdim. Bunu da yaxşıya yozdu, “yaxşı əlamətdir, mən sağalacam, arzularım yerinə yetir” deyirdi...
Ağlamağı da bacarmırdı... Uşaqlara da möhkəm-möhkəm tapşırmışdı ki, mən öləndə ağlamayın... Niyə ağlamayaq?!. Görünür, bizim itkimizin miqyasını o da təsəvvür eləmirmiş; bizə “möhkəm olun”, “bir gün gələn bir gün gedir”, “ölənlə ölmək olmaz”, “kişilər ağlamaz” kimi sözlərlə təsəlli verənlər kimi... Ancaq onunla ən azı bir yol ünsiyyətdə olan adamlar dilinə gətirməz bu sözləri...
Anası hər anında yaşayırdı, indi özü bizim hər anımızda yaşadığı kimi. Bir şeirində də var:
Qara, qıvrım saçlar düşdü yadıma,
Gördüm səni o ağrılı anımda.
Heç kim görmürdü məni
çağırdım gəlmədin onda
Gələ bilməzdin axı.
Gördüm səni yuxu kimi gəlib keçən
Sevimli günlərimdə.
Hamı görürdü məni
“xoşbəxt” də deyirdilər.
Mən isə xoşbəxt deyildim,
Sən yox idin yanımda.
Yenə görürəm səni
Hər gün olduğu kimi,
Ruhun mənim yanımda
Ölənəcən ağlayacam səninçün
A-naa!
Mən də onu xoşbəxt etməyi bacarmadım... Yaralarına məlhəm ola bilmədim. İndi, onun yoxluğunda anladım ki, heç bacara da bilməzdim. Elə yaralar var heç vaxt qaysaq bağlamır, qaysaq bağlamayan yaranısa sağaltmaq mümkün deyil, üstəlik, ətrafda, işdə, cəmiyyətdə yaranı qaysaq bağlamağa qoymayan nə qədər ikiayaqlı var: ibarəli danışan, hər fürsətdə ürəyə xəncər kimi saplanan sözlər deyən, qəlb qıran... Hicran kimi hədsiz həssas adamlar üçün çətin idi bu həyat, çox çətin... Bu halda heç vaxt sağalmazdı o yara; bizim yaramız kimi... Xoşbəxt günlərimiz də arxada qalıb, onunla bərabər olduğumuz günlərdə... İndi anladım bunu: xoşbəxt günlər yaşanmış günlərdir, xoşbəxt gələcək arzusu isə nağıldır...
Hər anımızdasan
Dünya özü boyda sual əvəzliyidi və bütün əvəzlikləri əvəz edir.
Hicran
Çox yaşamaq istəyirdi. “Biz uzun, xoşbəxt yaşayacağıq, qocalacağıq, eləmi?” deyirdi. Bunu deyəndə həmişə atamın dilindən eşitdiyim Mirzəli Möcüzün misralarını xatırladırdım:
Mən saqqalı, sən zülfü həna ilə boyarsan
Verrux o zaman əl-ələ, bulvarı dolannux...
Arzularımız ürəyimizdə qaldı...
“Mən sağlamam, mən xoşbəxtəm” – son illər təkrarladığı sözlər idi. Bunu ona görə deyirdi ki, kimsə məsləhət görmüşdü: kosmosa xoş mesajlar ötürməlisən, cavabında da xoş mesajlar alarsan... Deyirdi, ancaq xəstəliyi bir an da olsun yadından çıxmırdı. “Özündən uzaqlaşdır, yadından çıxart, xəstəliyin üstünə get”, deyirdim. Olmurdu, kiminçünsə adidən də adi söz hisslərinə toxuna bilərdi, toxunurdu da. Son illər daha kövrək olmuşdu, onunla dərdləşəndə mümkün qədər ehtiyatla danışır, hər sözü xüsusi seçməyə çalışırdım. Yaxın rəfiqələri də sözləri seçirdi onunla danışanda. 2019-cu ildə onkoloji xəstəlik bəlli olanda bütün dünyası, dünyamız tar-mar olmuşdu. Uşaqkən yaşadıqlarını Tanrı yenidən yaşadırdı. Niyə? Çəkdikləri az idimi? Bu suallara indi cavab tapa bilmirəm, sağlıq olsun, Tanrı hüzurunda yenə soruşacam... İpək kimi, pambıq kimi qəlbi olan, tanıdığı, tanımadığı hər kəsə yaxşılıqlar edən, bundan mənəvi zövq alan adama bu qədər zərbənin səbəbi nəydi? Bəs İlahi ədalət harda qaldı? Bilmirəm... Hamıya namaz üstündə dua edirdi. Elə hey arzulayırdı ki, Tanrının köməyi ilə bu xəstəliyin əlacı tapılsın... “Yalnız onda rahat ola bilərəm” deyirdi. Gecə-gündüz əlini Tanrının dərgahına açmışdı. Son günlərində yenə əl açırdı: “tezliklə məni bu əzablardan qurtar, daha dözümüm qalmayıb” deyirdi. İllərlə edilən duaları yox, bu istəyi tez eşitdi sidq-ürəkdən inandığı Tanrı...
Bir şeirində soruşmuşdu da Tanrıdan...
Nəfəsi külək,
Ulduzları çiçək,
Günəşi göyçək TANRIm!
“Ucalardan ucasan,
Kimsə bilməz necəsən!”
Mən bilirəm: Qadirsən, Rəhman,
Rəhim, Kərimsən!
Çiçək ulduzlarınmı soldu, TANRIm,
Göyçək günəşinmi söndü,
külək nəfəsinmi təngidi –
Səndən sevinc istəmişdim,
Nooldu?..
Yuxuları həmişə çin çıxırdı. Eynən anam kimiydi. Səhər durub deyirdi ki, bu gecə yaxşı yuxular görmüşəm. Evdə uşaqlarla bağlı hansısa çətinlik olanda da bizi sakitləşdirirdi, gördüyü yuxunu yaxşıya yozurdu, həmişə də onun dediyi kimi olurdu...
Evimiz qonaq-qaralı olub, demək olar, hər gün. Hamını da xoş üzlə qarşılayıb, gücü çatan hədiyyə ilə yola salırdı. Hədiyyə almaq hobbisiydi, yaxınlar, uzaqlar, iş yoldaşları ad günlərində, şad günlərində hədiyyəsiz qalmazdı. O kiçik maaşıyla bunu necə edirdi, hələ də anlaya bilmirəm... Çay dəsmalı almaq da hobbisiydi. O qədər çay dəsmalı alırdı ki... Mağazaya girəndə ilk işi çay dəsmalı axtarmaq olurdu. Bir dəfə uşaqlardan biri mağazada demişdi: “Ana, qoy çay dəsmalından başqalarına da qalsın...”
Hamıya dəstək olan, hamının qayğısını çəkən adamın ancaq özünə gücü çatmadı, özünü toparlaya bilmədi, bunu bacarmadı. Dirçələ bilmədi. 2020-ci ildə Ankaraya, Gülhanəyə getməyimiz, əməliyyatın uğurlu alınması da vəziyyəti dəyişmədi, üstəlik, bəzi həkim və tibb personalının münasibətindən narazı qalmışdı. Qardaş saydığımız ölkədə adama bir “gəlmə, yabançı” münasibəti vardı; “türksoylu” olsaq belə... Bunu qəbul edə bilmirdi. Ondan asılı deyildi, mən özümü tox tutub vecimə almasam da, o dözə bilmirdi belə şeylərə...
2024-ə qədər bir qədər rahatlaşmışdıq sanki. Üç aydan bir analizlər verir, KT-dən keçirdik. 2024-cü ilin yanvarında analizin nəticələri dəyişdi. Türkiyəyə getmək istəmədi. Gülhanədən DTX-nin hospitalına gələn Ramazan Acarın qəbuluna bir rəfiqəsinin məsləhəti ilə getdik. O da, sən demə, ayda bir dəfə gəlirmiş, xəstələrinə burda Tahir Tahirov baxırdı...
Bu ilin mart ayından başlayaraq durumu hər gün pisləşirdi. Yenə hamıdan qaçırdı, qohumların, dostların, rəfiqələrin onu gəlib görməsini istəmirdi. Yazılan dərmanları ona içdirənəcən zülm çəkirdim, sistemləri yalvar-yaxarla köçürürdük. Damara da çətinliklə düşürdü tibb bacısı. Daha ayaqları da işləmirdi, bütün günü yataqda qalmaq üzürdü onu.
Ancaq ünsiyyət istəyirdi, “danış” deyirdi. Nədən danışmaq olardı? Gərək elə mövzu seçəsən ki, xəstəliyə toxunan olmasın. Əslində, yataq xəstələrinə televiziya maraqlı verilişləri ilə dayaq ola bilər, bunu xəstəyə baxanda daha çox anladım. Çox təəssüf, Azərbaycan telekanalları bu baxımdan qaniçən rolundaydı. Səhər açılan kimi həkim verilişləri başlayır, demək olar, bütün telekanallarda. Azərbaycan tamaşaçısı səhərini ah-naləylə açır, həkimlər sağalmaz xəstəliklərdən danışmaq üçün növbəyə düzülür. Kanalları dəyişməyin faydası yoxdu. Hamısı sözləşibmiş kimi evlərə soxulub dərd artırırlar. Nisbətən rahatlığı İlahənin “Əlaçı” verilişində, Fatehin “Milyonların şousu”nda tapırdı...
Son günlərində mənə kitab oxutdururdu. “Kimdən oxuyum” deyirdim:
- Mirzə Cəlil, Çexov, Turgenev, Markes, Skandinav yazıçıları – Astrid Lindqren, Andersen, Anne-Katrine Vestli...
- Dərd, vərəm yazıları olmasın...
Qısa hekayələr seçirdim. Çalışırdım ölüm-itim mövzuları olmasın, ancaq hekayənin içində qəfil hansısa həssas cümlələr olanda üstündən keçirdim. Bəzən mövzudan tuturdu, ya da oxuduqları olanda “bunu oxuma” deyirdi.
Son üç ayda gecələr az yatırdı, pərdəni də tam örtməyə qoymurdu, gecənin tez keçməsini, səhərin tez açılmasını istəyirdi, “qoy bayırı görüm” deyirdi...
“Ana bilir”
Ana sözünün mənasını kiməsə izah etməkdə çətinlik çəksəniz, heç düşünmədən onu misal göstərə bilərsiz. Fədakar analar çoxdur: hərtərəfli, savadlı, səviyyəli, hər şeyin yerini bilən, ölçülü, uşaqla uşaq, böyüklə böyük olan, ən başlıcası, onun kimi kübar ANAlar azdır, çox az... Kübarlığı da anasından gəlirdi, əslən şuşalı olan Qərənfil xanımdan...
Azərbaycan dilinin qrammatikasını çox sevirdi. Uşaqlarımız məktəbli olduqları vaxt evdə, yol gedəndə maşında, ya da avtobusda onların ağzından çıxan hər sözün, hər cümlənin təhlil olunmasını tələb edirdi. Bu üsulla öyrədirdi. Pulsuz hazırlaşdırırdı: qohumların, dostların, qonşuların, heç tanımadığı adamların uşaqlarını. Evə gələ bilməyənlərə telefonla dərs keçirdi. Bəlkə də dünyada ən zövq aldığı iş idi uşaqlara Azərbaycan dilini öyrətmək. Azərbaycan filmlərinə baxmağı da həmisə uşaqlara tapşırardı. Hər il imtahan vaxtı azarkeşlik etdiyimiz abituriyentlər vardı. Demək olar, hamısının imtahanına gedirdik. Bir uşağı diqqətsiz qoymazdı. Hamısına hədiyyə alardı, qohum, yad, qonşu; fərqi yox idi. Hədiyyə seçməkdə də zövqünə söz ola bilməzdi. “Ana bilir” onun tez-tez işlətdiyi söz idi. Evdə kimsə qoyduğunu tapmayanda, hansısa mahnının bəstəkarını, sözlərinin müəllifini unudanda, ya hansısa yazıçının adını, əsərinin adını xatırlamayanda, hansısa filmdən aforizmə çevrilmiş söz yada düşməyəndə dadımıza çatan o idi, ancaq qabaqca “Ana bilir” deyirdi. Ensiklopedik bilik də demək olar buna...
Evdə oyun oynamağı çox sevirdi. İTV-də gedən “Əlaçı”, “Milyonçu” verilişlərini, başqa intellektual oyunları birgə oynayırdıq, cavabların çoxu ondan gəlirdi. Həm də elə-belə oynamırdıq, ortada pul da vardı, böyük məbləğ... – 20 qəpik... Evdə qonaqlar (heç qonaqsız günümüz olmurdu) olanda onları da oyuna qoşurdu. Sakitliyi heç sevməzdi. Qələbəlik xoşlayırdı. Evin işıqları gur yanmalı idi, “qoy çıraqban olsun” deyirdi. Yataqda olduğu günlərdə qonşuda təmir gedirdi, bəzən səs dözülməz olurdu.
- Gedim deyim bir az sakit olsunlar.
- Yox, getmə, məni narahat eləmir.
Həyətdə də uşaqların səs-küyündən xüsusi zövq alırdı... İndi yay vaxtıdır, həyət dolub-daşır, uşaqların səsi aləmi götürüb, ancaq bu səs-küyü sevən adam yoxdur artıq...
Hələ obaşdan quşların səsi. Birinci mərtəbə... arxada həyətimiz... ağaclarda quşlar səhərlər bir həngamə çıxarır, gəl görəsən...
Adamlara ad qoymağı sevirdi. Kanallardan birinin iki aparıcısına ad qoymuşdu: Durna, Mütəkkə, həm də o qədər yerində olurdu bu adlar. Şrek, Krokodil, Şinel, Kirpi (çoxunu xatırlamıram) adı verdiyi adamlar da vardı. Toyuqlarımız vardı: Durna, Ella və Milla. Pişiyimizin adını Xalça qoymuşdu. Ağ pişiyimizi isə Koroleva deyə çağırırdı. Tələbə yoldaşlarımızı da adsız qoymamışdı: Buray, Niqor, Ema, Donka...
Bizi birləşdirən... Hicran
“Əslində, hər şeyin qiyməti ona necə yanaşmağımızdan asılıdı və həyat bunu hər gün sübut edir.
Hicran
Bazar günü, iyunun 21-də ASAN xidmətdən ölüm kağızını aldım. Biz heç cürə bu itkini qəbul etməsək də, ölüm sözünü yaxına buraxmasaq da rəsmiləşdirdilər bunu. Artıq əlimizdə möhürlü kağız da var. Heç bir sözünə inanmadığımız adamlar rəsmi sənəd veriblər bizə. Yoxluğu ilə barışmağımızı istəyirlər...
İşlədiyi “Ulduz” jurnalında əməkdaşların votsap qrupu var. Yayın ilk günündə, iyunun 22-də ordan mesaj gəldi. Azərbaycan dilində danışan, onun saflığı uğrunda çalışan, jurnalın yazılarında filologiya üzrə fəlsəfə doktorlarının, akademiklərin dilini adam dilinə salan redaktora, yəni sənə rusca mesaj yazılmışdı: “Dürr danəsi удалил(-а) вас. Вы не можете отправлять сообщения в эту группу, так как больще не являетесь ее участником.
Tərcüməsi belədir: Dürr danəsi sizi sildi. Bu qrupa mesaj yaza bilməzsiniz, çünki artıq siz üzv deyilsiniz...
Ancaq acı həqiqət də var bu mesajda; nə dilində yazılmasından asılı olmayaraq. Daxili qrupdur, belə də olmalıdır, lap çıxartmasaydılar da sən artıq o qrupa nə mesaj yaza, nə də müzakirələrə qoşula bilərsən...
Sən bizi başqaları ilə birləşdirən, bağlayan, yadları doğma, doğmaları daha yaxın edən dəyər idin. Nə qədər yad sənin sayəndə ailəmizin dostu olmuşdu; istər o taydan, istər bu taydan. O bağlar qəfil və biryolluq qırıldı... Əminliklə deyirəm...
Sən əziz saydıqlarından, hər dərdinə, kədərinə, sevincinə şərik olduqlarımızdan başsağlığına belə gəlməyənlər oldu... Sevənlərinsə saysız imiş...
Təbrizdən ailə dostumuz şair Xosrov Barişan sənin yoxluğundan çox kədərləndiklərini yazmışdı: Başın sağ olsun, gözəl insanlıq!
Adını heç sevmirdi, bu da tale qismətidir, onun sevmədiyi adın - Hicranın nə qədər sevəni varmış, ilahi!..
Elə adlar var ki, onu harasa yazmaq, ya hardansa silmək mümkünsüzdür; ürəkdə olan adlar kimi...
Sən bizim ailənin üzvüsən, yanımızdasan, bizimləsən, hər anımızdasan, hər sözümüzdəsən...
Son günlərdə nəvələri mümkün qədər sənin yanına buraxmırdıq. Elə həsrətlə baxırdın onlara... Bir gün Cahan narahatlıqla dedi:
- Niyə başqaları tez sağalır, ancaq Cici nənə elə yataqdadır, dura bilmir, niyə?
Cavab verə bilmədik onda...
Səndən sonra qapıdan girən kimi divana, boş qalmış yerinə baxıb soruşurlar:
- Bəs Cici nənə hardadı?
Gülər aldadır, “Amerikaya gedib” deyir. İpəyinsə sualları bitmir:
- Axı Cici nənə yeriyə bilmirdi, necə getdi?..
Amerika Gülərin ağlına hardan gəlmişdi, bilmirəm. Sənin getməyi çox arzuladığın Skandinaviya ölkələri idi axı. Norveç nağıllarını çox sevirdin, elə Skandinav boşqablarını da... “Uzuncorab Peppi”dən uşaqlara danışırdın... Anne-Katrine Vestlinin “Ata, ana, nənə və səkkiz uşaq meşədə”ni də uşaqlara oxumaqdan ayrıca zövq alırdın. Qonşu uşaqlarına belə oxutdururdun bu nağılı. Səkkiz uşağın adını da əzbərləmişdi nəvələr. İsveçdə yaşayan qardaşım qızı Altunaygil də söz vermişdilər ki, qonaq çağırmaq imkanımız olan kimi Hicran bacını dəvət edəcəyik... Altunayın oğlu Alpayı isə Mortenə oxşadırdın, elə bil skandinaviyalıdır, deyirdin. Zaman keçdi və onlar İsveçə mühacirət etdilər, skandinaviyalı oldular...
İndi hər gələndə, Cahan, İpək soruşur:
- Bəs nənə nə vaxt gələcək başqa ölkədən? Niyə gəlmir?
Saysız suallara göz yaşına boğularaq cavab veririk.
Bir gün Cahan üzümə diqqətlə baxıb dedi:
- Baba, sənin gözlərin niyə qızarıb, elə bil ağlamısan...
Bilirsən, bir neçə ay qabaqdan İpək avqustda 5 yaşını qeyd etməyə hazırlaşır, sifarişləri var. Kimin nə alacağını hamıya ayrılıqda deyir. Sənə də sifarişi var, İpəyə söz vermişəm: “Sənin istəyini mən çatdıracam Cici nənəyə...”
İyun-iyul, 2026-cı il
P.S. Bu gün ən çox sevdiyin, özünə hər il gül hədiyyə etdiyin bayramdır – Mətbuat Günü. Mətbuatın bayramlıq halı olmasa da, təqvimdə bayram sayılır, qeyd edilir... Bayramın mübarək!



Redaksiyanın qeydi: 1970-ci il noyabrın 7-də Füzuli rayonunda doğulan Hicran Hüseynova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “P.S” qəzetinin ədəbi işçisi olub. 1999-cu ildən “Ulduz” jurnalında çalışıb, tənqid və publisistika şöbəsinə redaktorluq eləyib.
Ədəbi fəaliyyətə orta məktəb illərində başlayıb.
“Yaşıl eskiz” kitabının müəllifidir.
Hicran Hüseynova 2026-cı il iyunun 4-də vəfat edib, Saatlının Azadkənd kəndində dəfn olunub.
Azadkənd Hicran Hüseynovanın ömür-gün yoldaşı, tanınmış jurnalist Rövşən Hacıbəylinin ata yurdudur. Onlar 1992-ci ildə ailə qurublar, iki övladları var.