Medianews.az
"Arzum"a sosial şəbəkə yasağı: Hansı məntiqə söykənir? -
334 baxış

"Arzum"a sosial şəbəkə yasağı: Hansı məntiqə söykənir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsi “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edərkən ona vatsapda xaricdəki ailə üzvləri ilə danışmağı çıxmaq şərtilə sosial şəbəkələrdən istifadə yasağı da qoyub.

Azərbaycanda ilk dəfədir barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən şəxsə sosial şəbəkələrdən istifadənin qadağan edildiyi haqda məlumat yayılır. Yəni Bakı Apellyasiya Məhkəməsinin İlduzə Hacıyeva ilə bağlı qərarı Azərbaycanın məhkəmə təcrübəsində sosial mediadan istifadənin ayrıca məhdudlaşdırıldığı ilk ictimailəşmiş məhkəmə qərarıdır.

Məsələ ilə bağlı Medianews.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov da deyib ki, o, Azərbaycanda ev dustaqlığına buraxılan şəxsə sosial şəbəkələrlə bağlı məhdudiyyətin qoyulduğunu ilk dəfədir eşidir: “Adətən müəyyən saatlarda harasa getməyə məhdudiyyət qoyulur. Mən başa düşdüyüm qədər, ev dustaqlığına buraxılan şəxsə sosial şəbəkələrlə bağlı məhdudiyyət ölkəmizdə ilk dəfədir tətbiq edilir. Bəlkə hansısa məhkəmə işində olub, mən eşitməmişəm.

Amma xaricdə bu, geniş yayılmış təcrübədir. Ona görə belə bir məhdudiyyətdə qeyri-adi heç nə yoxdur və bizim qanunvericilik də buna yol verir. Ev dustaqlığı zamanı məhkəmə müxtəlif məhdudiyyətlər, o cümlədən kommunikasiya məhdudiyyəti tətbiq edə bilər.

İlduzə Hacıyevanın sosial şəbəkə fəalı olduğunu nəzərə aldıqda məhdudiyyətin səbəbini də ehtimal etmək mümkündür. Bildiyimə görə, o, sosial mediada kifayət qədər fəaldır və ictimai rəyə təsir edə bilir. Bu da son nəticədə məhkəmənin yekun qərarına təzyiq kimi qiymətləndirilə bilər. Yəni evdə olmasından istifadə edib ictimai rəyi formalaşdırmağa cəhd göstərə bilər ki, bu da məhkəməyə təzyiq kimi qəbul oluna bilər. Mən bu qərarın səhv və ya doğru olduğundan danışmıram, sadəcə məhkəmənin niyə belə etdiyini fikirləşir və ehtimalımı bölüşürəm.

Bütövlükdə hesab edirəm ki, ev dustaqlığı düzgün qərardır. Çünki o xanım elə bir ictimai təhlükəli şəxs deyil ki, mütləq həbsdə saxlansın.

Bakı Apellyasiya Məhkəməsinin yekun qərarının necə olacağını bilmirik. Ancaq sosial şəbəkə məhdudiyyətinə gəldikdə, burada doğrudan da bir məntiq tapmaq mümkündür. Bu, bizdə eşitdiyimiz ilk təcrübə olsa da, xaricdə var”.

Ölümlə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən İlduzə Hacıyeva iyulun 2-də Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. Bu hökm hələ qüvvəyə minməyib, iş apellyasiya instansiyasına daşınıb.

İyulun 2-də Xəzər Rayon Məhkəməsi azadlıqdan məhrumetməyə dair hökmlə bərabər İlduzə Hacıyeva barəsində həbs qətimkan tədbiri də seçmişdi və o, həmin gün hələ qüvvəyə minməyən 5 il 2 aylıq azadlıqdan məhrumetmə hökmünə görə deyil, həbs qətimkan tədbirinə görə tutulmuşdu.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun