Medianews.az
Niyə Moskva Güney Qafqazda bu formatı dirçəltməyə çalışır?
135 baxış

Niyə Moskva Güney Qafqazda bu formatı dirçəltməyə çalışır?

Rusiya yenidən “3+3” formatını dirçəltməyə çalışır. Bu formatı Güney Qafqazda son illərdə ən çox müzakirə olunan, lakin gerçəkləşməyən diplomatik platformalardan biri hesab etmək olar.

Üç Güney Qafqaz dövlətinin (Azərbaycan, Ermənistan və Gürcüstan) regionun üç böyük qonşu dövlətləri ilə (Rusiya, Türkiyə və İran) birlikdə təmsil olunmasını nəzərdə tutan bu mexanizm ilk baxışdan regional əməkdaşlıq təşəbbüsü kimi görünür. Lakin bu platformanın yaradılması istiqamətində ən ardıcıl və israrlı mövqe nümayiş etdirən dövlətin Rusiya olması nəzərə çarpır. Rusiya bu formatı regional qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq platforması kimi təqdim etməyə çalışır.

Hesab edirəm ki, bu formatda müəyyən iqtisadi maraqlar olsa da, mahiyyət etibarilə geosiyasi maraqlar üstünlük təşkil edir. Güney Qafqazda formalaşan yeni geosiyasi reallıq kontekstində bu israrlı tələb Rusiyanın Güney Qafqaz strategiyasının transformasiyasının və yeni mövqe axtarışının göstəricisi hesab oluna bilər.

Bir neçə il əvvəl “3+3” platforma layihəsi Rusiyanın regionda və regional proseslərdə üstünlüyünü möhkəmləndirmək mexanizmlərindən biri kimi meydana çıxmışdısa, bu gün həmin formatın gerçəkləşməsinə tamamilə başqa məqsədlə cəhd göstərilir.

Belə ki, son beş ildə Güney Qafqazın real geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionun aparıcı dövlətinə çevrilib, Türkiyənin regional proseslərə təsir imkanları dəfələrlə artıb, Avropa İttifaqı və ABŞ regional proseslərdə daha fəal iştirak etməyə başlayıb və təsir imkanlarını artırmağa çalışır, regionda yeni nəqliyyat kommunikasiya xətlərinin qurulması prosesi gedir, Rusiyanın ənənəvi forpostu hesab olunan Ermənistan tədricən Rusiyadan uzaqlaşır və Qərbə üz tutur.

Uzun müddət özünü regionun yeganə təhlükəsizlik təminatçısı hesab edən, regional sülh prosesində alternativsiz vasitəçilik etmək istəyən Rusiyanın artıq əvvəlki geosiyasi mövqeyə malik olmadığını birmənalı şəkildə təsbit etmək olar. Başqa sözlə, Rusiya Güney Qafqazda öz əvvəlki geosiyasi mövqeyini itirib və Rusiyanın regiondan tamamilə sıxışdırılıb çıxarılması prosesi, demək olar ki, final mərhələsindədir.

Belə bir şəraitdə Rusiyanın siyasəti ən azı regiondan və regional proseslərdən kənarda qalmamaq, hər hansı bir formada iştirak etmək, regional layihələrə qoşulmaq görüntüsü yaratmağa yönəlib. Bu baxımdan 3+3 platforması Rusiya üçün yeni təsir mexanizminə çevrilə bilər.

Rusiya 3+3 platformasında israr etməklə İranla birlikdə ABŞ və Avropanı institusional baxımdan Güney Qafqazdan kənarda saxlamaq məqsədi güdür. Həm Rusiya və həm də İran uzun müddət “Güney Qafqazın problemlərini region ölkələri özü həll etməlidir, region ölkəsi olmayan digər dövlətlər regional proseslərə müdaxilə etməməlidir” prinsipindən çıxış edib. 3+3 formatı bu prinsipin tezisinin yeni diplomatik ifadəsidir və institusional mexanizmi, eyni zamanda kollektiv Qərbin regionda institusional iştirakını məhdudlaşdırmaq cəhdi kimi nəzərdən keçirilə bilər. İranın Güney Qafqaz proseslərində Rusiya ilə bir platformada iştirakı regionun tamamilə Qərbin geosiyasi məkanına keçməsinin qarşısını alan əlavə amil olmaqla yanaşı, bu prosesdə Moskva ilə Tehranın öz fəaliyyətlərini əlaqələndirmə mexanizmi ola bilər.

Rusiya 3+3 platformasında israr etməklə həm də Ukraynaya təcavüzdən sonra yaranmış beynəlxalq diplomatik təcridi yumşaltmaq məqsədi güdür. Bu təcrid nəticəsində Rusiyanın bir çox beynəlxalq platformalarda iştirak imkanları həddindən artıq məhdudlaşdırılıb. Məhz buna görə də Rusiya hakimiyyəti yeni çoxtərəfli mexanizmlərə xüsusi maraq göstərir. Bu baxımdan 3+3 formatı Rusiyanın hələ də regional diplomatiyanın ayrılmaz hissəsi olduğunu nümayiş etdirmək, kollektiv Qərbə, həm də daxili auditoriyaya “Rusiya təcrid olunmayıb” mesajını verməyə çalışır.

Rusiya 3+3 platformasında israrı həmçinin bir sıra digər amillərlə əlaqədardır. Bu amillər sırasına Türkiyə və Azərbaycanın artmaqda olan beynəlxalq çəkisini və orta güc kimi formalaşmasını, gələcək təhlükəsizlik arxitekturasının necə formalaşmasını aid etmək olar. Belə ki, Rusiya artıq Türkiyə və Azərbaycanın artmaqda olan beynəlxalq çəkisini və orta güc kimi formalaşmasını reallıq kimi qəbul edir və 3+3 formatında bu dövlətlərlə institusional əməkdaşlığa üstünlük verir.

Rusiyanın 3+3 platformasında israrında Güney Qafqazın yeni təhlükəsizlik arxitekturası uğrunda mübarizəsi də nəzərə alınmalıdır. Burada gələcək regional təhlükəsizlik sisteminin necə qurulacağı mühüm amil kimi nəzərdə tutulur. Regional təhlükəsizlik mexanizmlərinin 3+3 platforması çərçivəsində formalaşması Rusiyanı və İranı bu mexanizmin zəruri iştirakçılarına çevirəcək; bu halda Rusiya və İran regional təhlükəsizlik mexanizmlərinə nəzarət rıçaqları əldə edə bilər. Təhlükəsizlik mexanizmlərinin bu platformadan kənar formalaşacağı halda Rusiyanın və İranın regiona təsir imkanları daha da azalacaq və minimuma enəcək.

Beləliklə, 3+3 formatına göstərdiyi xüsusi maraq geosiyasi zərurətdən və məcburiyyətdən irəli gələn, Rusiyanın dəyişən geosiyasi reallığa uyğunlaşmaq, yeni regional düzəndə yerini itirməmək məqsədinə nail olmaq cəhdindən başqa bir şey deyil.

Qulamhüseyn Əlibəyli,
siyasi təhlilçi  

Bizə qoşulun