Medianews.az
Azərbaycanda rusların sayı:
270 baxış

Azərbaycanda rusların sayı: nə qədər olub, indi nə qədərdir?

Azərbaycanda nə qədər rus yaşayır?

Medianews.az qeyd edir ki, bu sualın dəqiq cavabı 2029-cu ilin payızında keçiriləcək əhalinin siyahıyaalınmasından sonra bilinəcək.

Siyahıyaalınmada əhalinin milli (etnik) mənsubiyyəti haqqında da məlumatlar toplanır.

Rusların Azərbaycanda məskunlaşması XIX əsrin əvvəllərinə təsadüf edir. İmperiyanın Cənubi Qafqazda möhkəmlənməsindən sonra müxtəlif rus icmalarının regiona köçürülməsinə başlanıb.

İlk köçürülənlər əsasən dini təqiblərə məruz qalan molokanlar, duxoborlar, subbotniklər, baptistlər və digər dini icmalar olublar. 1832-ci ildən sonra onlar Azərbaycanın müxtəlif bölgələrində, əsasən kənd yerlərində məskunlaşdırılıblar.

XX əsrin əvvəllərində Azərbaycanda bu icmalardan ibarət 46 rus kəndi olub. Həmin yaşayış məntəqələrinin bir hissəsi zamanla dəyişsə də, İsmayıllı rayonunun İvanovka kəndi bu günədək rus molokanlarının tarixi yaşayış məntəqəsi kimi tanınır.

Rus icmasının formalaşmasının ikinci mərhələsi XIX əsrin sonlarında Bakının iri sənaye və neft mərkəzinə çevrilməsi ilə bağlıdır. Neft sənayesinin inkişafı nəticəsində Rusiyanın müxtəlif bölgələrindən mühəndislər, fəhlələr, sahibkarlar və digər mütəxəssislər Bakıya gəliblər.

Üçüncü mərhələ sovet dövrünə təsadüf edir. Həmin illərdə Bakı SSRİ-nin mühüm sənaye və hərbi mərkəzlərindən biri olub. Azərbaycandakı sovet hərbi hissələrində xidmət keçən zabit ailələri əsasən şəhərlərdə məskunlaşıblar.

SSRİ dövründə keçirilən əhalinin siyahıyaalınmaları rusların bir müddət Azərbaycanda ikinci ən böyük etnik qrup olduğundan xəbər verir.

1926-cı il siyahıyaalınmasına görə, Azərbaycanda 220 min 672 rus yaşayıb və onlar respublika əhalisinin 9,5 faizini təşkil ediblər.

1939-cu ildə keçirilən siyahıyaalınma zamanı rusların sayı 528 min 318 nəfərə çatıb. Bu, ən yüksək göstəricidir. Həmin vaxt ruslar Azərbaycan əhalisinin 16,5 faizini təşkil edib.

1959-cu il siyahıyaalınmasında Azərbaycanda 501 min 13 rus qeydə alınıb. Onların respublika əhalisində xüsusi çəkisi 13,6 faiz olub.

1970-ci ildə rusların sayı 510 min 437 nəfərə çatıb, lakin əhalinin ümumi sayında onların payı 10 faizə enib.

1979-cu il siyahıyaalınmasına əsasən, Azərbaycanda 475 min 255 rus yaşayıb və onlar respublika əhalisinin 7,9 faizini təşkil ediblər.

1989-cu ildə, SSRİ-nin dağılması ərəfəsində keçirilən sonuncu ümumittifaq siyahıyaalınması Azərbaycanda 392 min 304 rusun yaşadığını göstərib. Həmin dövrdə rusların respublika əhalisində payı 5,6 faiz təşkil edib.

Beləliklə, Azərbaycanda rus icmasının sayı 1939-cu ildə ən yüksək həddə çatıb, lakin sonrakı onilliklərdə həm ümumi demoqrafik dəyişikliklər, həm də miqrasiya prosesləri nəticəsində onların xüsusi çəkisi tədricən azalıb.

Rus əhalisinin Azərbaycandan köçü yalnız müstəqillik illərinə bağlı deyil. Bu proses hələ 1980-ci illərdə başlayıb.

1989-cu ilin siyahıyaalınmasına görə, Azərbaycandakı 392,3 min rusun 295,5 mini Bakıda məskunlaşıb.

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması, siyasi qeyri-sabitlik, iqtisadi böhran və regionda baş verən münaqişələr miqrasiya prosesini daha da sürətləndirib.

Müstəqillik dövründə keçirilən siyahıyaalmalar rus icmasının sayında azalma tendensiyasının davam etdiyini göstərir.

1999-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticələrinə görə, Azərbaycanda 141 min 687 rus yaşayıb. Bu göstərici ölkə əhalisinin 1,8 faizinə bərabər olub.

2009-cu il siyahıyaalınmasına əsasən, Azərbaycanda yaşayan rusların sayı 119 min 306 nəfər təşkil edib. Onların ölkə əhalisində xüsusi çəkisi 1,3 faizə enib.

2019-cu ildə keçirilən növbəti siyahıyaalınma zamanı Azərbaycanda 71 min 259 etnik rusun yaşadığı müəyyənləşib. Bu göstərici ölkə əhalisinin 0,7 faizini təşkil edib.

Rus icmasının sayının azalmasına miqrasiya ilə yanaşı, təbii demoqrafik proseslər də təsir edib. İcma daxilində yaşlı nəslin xüsusi çəkisinin yüksək olması, doğum səviyyəsinin aşağı olması və cins strukturundakı fərqlər bu prosesə təsir edən amillər sırasında yer alıb.

1999-cu il siyahıyaalınmasının nəticələrinə görə, rus icmasında qadınların sayı kişilərdən xeyli çox olub. Eyni zamanda rus əhalisinin orta yaşı ölkədə yaşayan digər xalqlarla müqayisədə daha yüksək göstərici ilə seçilib.

Hazırda Azərbaycanda yaşayan rusların böyük hissəsi Bakı şəhərində məskunlaşıb. Sumqayıt, Gəncə şəhərləri, Xaçmaz və İsmayıllı rayonlarında da rus icmasının nümayəndələri yaşayır.

Ruslar bu gün də Azərbaycanın ən böyük etnik azlıqlarından biri olaraq qalır. Ölkəmizdə rus dilində təhsil müəssisələri, mədəniyyət ocaqları, media quruluşları, eləcə də pravoslav dini icmaları fəaliyyət göstərir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun