Bir tərəfdən şirkətlər bacarıqlı işçi tapa bilməməkdən şikayətlənir, digər tərəfdən minlərlə insan aylarla iş axtarır. Bu ziddiyyət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində ingiliscə “skill mismatch” adlandırılan problemi aktuallaşdırır. “Skill mismatch” termini işəgötürənlərin tələb etdiyi bacarıqlarla işçi qüvvəsinin sahib olduğu bilik və bacarıqlar arasındakı uyğunsuzluğu ifadə edir.
Azərbaycanın əmək bazarında bu problem nə dərəcədə qabarıqdır?
Bizdə işəgötürənlərin tələb etdiyi bacarıqlarla işçi qüvvəsinin malik olduğu bilik və bacarıqlar arasında uyğunsuzluğa çox rast gəlinirmi?

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycanda əmək bazarının tələbi ilə təklifin keyfiyyəti və strukturu arasında fərqlər, bacarıqların uyğunsuzluğu, təklifin tələbə cavab verməməsi kimi hallar radikal şəkildə ortaya çıxır.
Onun sözlərinə görə, burada müxtəlif amillər sadalana bilər: “Birincisi sosioloji faktor olaraq məqsədsizlik kimi xarakterizə oluna bilər. Çox təəssüf ki, bir sıra hallarda insanlar universitetlərə qəbul olarkən peşə, bacarıq, bilik əldə etməkdən çox cəmiyyətin hansısa tələbini, yaxınların, valideynlərin gözləntilərini doğrulmaq aspektindən məsələyə yanaşırlar. Bu da universitet dövründə təhsilə vaxt ayırmaq istəyini zəiflədir, nəticədə daha aşağı keyfiyyətli kvalifikasiyaya gətirir, sonrakı mərhələdə isə əmək bazarında tamamilə fərqli istiqamətlərdə iş axtarmaq meylini doğurur.
Düşünürəm ki, ilk növbədə təhsil sisteminə yanlış yanaşmasının aradan qalxması üçün ciddi maarifləndirmə aparılmalıdır və orta-uzun müddətli dövrdə əmək bazarının tələbinə uyğun, seçimlərin edilməsi təşviq olunmalıdır”.

İqtisadçının fikrincə, burada ikinci problem kimi təhsil sisteminə qəbul mexanizmi qeyd oluna bilər: “İnsanlar universitetlərə daxil olarkən 15 ixtisas yaza bilirlər və bilik səviyyəsindən asılı olaraq bu ixtisaslardan birinə qəbul olurlar. Əksər halda abituriyentlər istədikləri ixtisaslara deyil, bal məhdudiyyəti səbəbindən məcburən seçdikləri ikinci dərəcəli ixtisaslara düşürlər. Belə bir situasiya isə əvvəlcədən məqsədsizliklə müşayiət olunan təhsil prosesini daha keyfiyyətsiz bir mərhələyə çevirir.
Bundan əlavə təhsil sektorunda iştirakçı subyektlər öz fəaliyyətlərini əmək bazarının tələblərinə uyğunlaşdırmağa elə də maraqlı görünmürlər: “Burada daha çox biznes maraqları ön plana çıxır. Təəssüf ki, təhsil ekosistemimiz ictimaiyyətin qeyri-rasional şəkildə formalaşdırdığı təhsil tələbini rasional şəkildə idarə edib yönləndirə bilmir. Nəticədə maarifsizlikdən, məlumatsızlıqdan və şəxsi iddialardan qaynaqlanan bu tələb əmək bazarında əksini tapmır və ciddi problemlərin yaranmasına səbəb olur.
Elə bir vəziyyət yaranıb ki, əldə edilmiş beynəlxalq bir sertifikat vətəndaşlara peşə və bacarıqların artırılması baxımından 4-6 illik universitet təcrübəsi ilə müqayisədə daha çox fayda gətirə bilir”.

R.Həsənov qeyd edir ki, digər bir çatışmazlıq gənclərin nəzəri təhsilə əmək bazarını tanımamış üstünlük verməsidir: “Halbuki bəzi inkişaf etmiş ölkələrdə insanlar öncə iş həyatında öz seçimlərini dəqiqləşdirir, daha sonra həmin istiqamətdə ali təhsil almağa üstünlük verirlər. Məsələn, Almaniya təcrübəsində adətən orta təhsili bitirmiş şəxslər əmək bazarına bu və ya digər şəkildə inteqrasiya olunur, öyrənir, burada özlərini tapırlar. Özlərini tapdıqdan, hansı sahəni sevdiklərini dəqiqləşdirdikdən sonra onlar həmin sahə üzrə ali təhsil alaraq daha keyfiyyətli kadra çevrilirlər. Bu artıq şüurlu, savadlı, məqsədli şəkildə təhsil almaq deməkdir.
Azərbaycanda isə uşaqlar gənc yaşlarında hansısa bir seçimə meyillənir, həm də əksər halda bu zaman kənar təsirlərə məruz qalırlar. Özlərinin həyatla, gələcək əmək bazarının tələbi ilə bağlı proqnozlar haqqında məlumatsızlığı, bir çox halda öz məqsədlərini, istəklərini dəqiqləşdirə bilməməsi və s. səbəblərdən istəmədikləri ixtisaslar üzrə təhsil almalı olurlar. Son nəticədə onların böyük əksəriyyəti öz ixtisasları üzrə işləmir.
Düşünürəm ki, gələcəkdə Azərbaycanda daha çox Almaniya təcrübəsinə əsaslanan yanaşmalara üstünlük verilməsi mühüm keyfiyyət dəyişikliyinə gətirib çıxara bilər. Yəni burada kifayət qədər fərqli faktorlar var. Həmin faktorlar kombinə olunmuş şəkildə idarə olunmaqla həllini tapa bilər”.
Nailə Qasımova,