Medianews.az
Əvvəlki dad-tam qalmayıb? – Doğrudanmı belədir? –
404 baxış

Əvvəlki dad-tam qalmayıb? – Doğrudanmı belədir? – Ekspert rəyləri

Yaşlı adamların məşhur bir gileyi var: deyirlər meyvə-tərəvəzdə əvvəlki dad-tam qalmayıb. Doğrudanmı belədir? Məsələn, 40 il öncə ilə müqayisədə pomidorun, xiyarın, kartofun, qarğıdalının, lobyanın, yaxud başqa bir bağ-bostan məhsulunun keyfiyyəti aşağı düşüb, ya adam yaşlandıqca ağız dadı dəyişir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Medianews.az-a bildirib ki, dünyada ən sürətlə dəyişən varlıq insandır, xüsusilə də insanın duyğu orqanları, hissiyyatı çox sürətlə dəyişir: “Vaxtilə yer üzündə elə insanlar olub ki, qulağını yerə qoymaqla haradansa atlıların gəldiyini hiss edə biliblər. İndi o insanlar qalmayıb.

Mən də yaşlı bir adam kimi o qənaətdəyəm ki, insan və onun dadbilmə duyğusu tamam dəyişib. Bəziləri deyir ki, nənəm təndir bişirəndə ətri haralara gedib çıxırdı... Əslində çörəyin ətri indi də var, sadəcə biz onu duyub-qavraya bilmirik. Ona görə mən “əvvəlki dad-tam qalmayıb” fikri ilə razı deyiləm.

Düzdür, meyvələrin, bitkilərin sortları dəyişir. Məsələn, vaxtilə “yumru yemiş” və ya “kolxoz yemişi” dediyimiz yemişi iki dilimdən artıq yemək olmurdu – o qədər şirin idi ki, adamın dodaqlarının qırağı çatlayırdı. Yəni sortlar da dəyişir. Amma əsas məsələ bunda deyil. Ən çox dəyişən insanın özüdür. Bu baxımdan meyvə-tərəvəzin dad-tamı ilə bağlı iradlarda həqiqət payı var, amma insan ilk növbədə özünün dəyişdiyini qəbul etməlidir.

Qulağını yerə qoyub atlıların gəldiyini hiss edən insanlarla əlaqədar bayaq söylədiyim misal da bunu sübut edir. Elə cəhətlər var ki, bütövlükdə insan nəslində zamanla itir. Çünki vaxtilə həmin xüsusiyyətlərə tələbat var idi və onlar mövcud idi. İndi isə tamamilə fərqli bir zamandır və fərqli cəhətlərə ehtiyac var. Hazırda süni intellektlə bağlı yeni bir insan nəsli formalaşmaqdadır. Keçmiş nəsillərin xüsusiyyətləri gələcək nəsillərə yəqin ki, çox ekzotik görünəcək”.

Terapevt Günay Lətifova Medianews.az-a bildirib ki, meyvə-tərəvəzlərdə dad-tamın qalmadığı fikri ilə razıdır: “Təbii ki, yaşlandıqca insanların dad reseptorlarında geriləmə də olur. Amma meyvə-tərəvəzə o qədər yad maddə, gübrə vururlar ki, meyvədə, tərəvəzdə dad deyilən bir şey qalmayıb.

Reseptorların zəifləməsi, insanın özünün ağız tamının getməsi, üstəlik də qidalara hədsiz dərəcədə kənar maddələrin qatılması az qala insanları dad-tam zövqündən məhrum edib. Qidalar, o cümlədən meyvə-tərəvəz təbiilikdən çıxıb. Buna görə də çoxunu süni hesab etmək mümkündür. Süni qida isə əsl dadı verə bilməz”.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun