Medianews.az
SEO artıq kifayət etmir: Xəbər saytları üçün GEO dövrü başlayır -
254 baxış

SEO artıq kifayət etmir: Xəbər saytları üçün GEO dövrü başlayır - MÜSAHİBƏ

İllərdir internetdə daha tez görünməyin əsas yolu Google-da ilk sıralarda yer almaq hesab olunurdu. Şirkətlər, media qurumları və onlayn platformalar bunun üçün SEO (Search Engine Optimization) strategiyalarına külli miqdarda vəsait xərcləyir, axtarış sistemlərinin alqoritmlərinə uyğun məzmun hazırlayırdılar. Ancaq son iki ildə internetdə yeni bir vərdiş formalaşmağa başlayıb: istifadəçilər artıq məlumat axtarmaq üçün tək Google-a deyil, bəlkə daha çox ChatGPT, Gemini, Perplexity kimi süni intellekt əsaslı platformalara üz tuturlar. Bu yeni istiqamət beynəlxalq aləmdə GEO (Generative Engine Optimization) adlanır.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-ın GEO-nun SEO-dan fərqi, xəbər saytları üçün əhəmiyyəti, süni intellekt sistemlərinin xəbər saytlarını hansı meyarlarla seçməsi, süni intellekt platformalarında görünə bilmək üçün Azərbaycan mediasında ehtiyac duyulan dəyişikliklər və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

- Elvin bəy, GEO SEO-dan nə ilə fərqlənir və xəbər saytları üçün niyə vacib hesab olunur?

- Ənənəvi SEO platformaya istifadəçi trafiki cəlb etmək üçün açar sözlərə və texniki struktura fokuslandığı halda, GEO istifadəçinin sualına süni intellekt platforması tərəfindən verilən yekun cavabın daxilində resurs olaraq yer almağı hədəfləyir. Xəbər mediası üçün bu yeni modelə uyğunlaşma ona görə kritik hesab oluna bilər ki, süni intellekt platformaları istifadəçinin sualına birbaşa cavab verdikdə ənənəvi axtarış sistemlərindən gələn klik trafiki kəskin azala və informasiyanın ilkin mənbəyi kimi görünmək yalnız GEO strategiyası ilə mümkün ola bilər.

- Bəs, ChatGPT, Gemini, Perplexity kimi süni intellekt sistemləri istifadəçinin sualına cavab hazırlayarkən xəbər saytlarını hansı meyarlarla seçir? 

- Generativ süni intellekt modelləri cavab hazırlayarkən mənbənin təcrübə, ekspertlik və etibarlılıq dərəcəsini ölçən E-E-A-T standartlarını əsas götürərək sahə üzrə ixtisaslaşmış platformalara üstünlük verməyə meyillidir. Eyni zamanda, mətnin nə dərəcədə aydın, manipulyasiyadan uzaq, cədvəl və siyahılarla zəngin struktura malik olması, həmçinin Perplexity və Gemini kimi modellər üçün xəbərin operativliyi və real zamanlı yenilənməsi əsas seçim meyarları sırasındadır.

- Saytların Google-da ilk sıralara çıxması onların avtomatik olaraq süni intellekt cavablarında da ilk sıralarda görünməsinə gətirir, yoxsa süni intellekt fərqli seçim mexanizmlərindən istifadə edir? Eyni mövzu üzrə bir neçə xəbərin arasında süni intellekt hansıları daha etibarlı hesab edir, hansılara üstünlük verir?

- Google alqoritmlərindən fərqli olaraq, süni intellekt yalnız domen yaşı və backlink profilinə baxmır, mətnin daxili məntiqini və istifadəçinin spesifik sualına nə dərəcədə dolğun cavab verdiyini analiz edir. Bu səbəbdən axtarış sistemində daha geridə olan bir sayt süni intellekt tərəfindən əsas mənbə kimi seçilə bilər. Eyni mövzu üzrə fərqli xəbərlər arasında süni intellekt rəsmi sənədlərə, araşdırmalara və birbaşa mənbələrə keçid verən, klik aldatmacası (clickbait) daşımayan və məsələni neytral tərəfdən işıqlandıran materialları daha etibarlı hesab edə bilər.

- Azərbaycan mediası süni intellekt platformalarında daha çox görünmək üçün hansı dəyişiklikləri etməlidir?

- Azərbaycanın media resurslarının süni intellekt platformalarında daha çox görünməsi üçün sayt kodlarında Schema Markup (JSON-LD) strukturlaşdırılmış məlumat sisteminin düzgün qurulması, xəbərlərdə sual-cavab bloklarının və tezislərin artırılması faydalı ola bilər. Bundan əlavə, qlobal dil modellərinin yerli resursları daha rahat emal edə bilməsi üçün qrammatik baxımdan düzgün, semantik zəngin məzmunun yaradılması və rəqəmsal reputasiyanı gücləndirmək üçün materialların sahə ekspertlərinin imzası ilə təqdim olunması effektiv addımlardan hesab olunur.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun