Medianews.az
Saatları yenidən irəli-geri çəkəkmi? - Azərbaycanda yay vaxtına qayıtmağa ehtiyac var? –
189 baxış

Saatları yenidən irəli-geri çəkəkmi? - Azərbaycanda yay vaxtına qayıtmağa ehtiyac var? – RƏYLƏR

Saata baxın. Neçədir? Hesab edək ki, saat 11-dir. Əgər Azərbaycanda yay vaxtına keçid ləğv olunmasaydı, indi saat 12 olardı. Səhər indikindən 1 saat tez durar, hava indikindən 1 saat gec qaralar, gecə indikindən 1 saat tez yatmalı olardıq.

Yay-qış vaxtına keçid Azərbaycanda 1981-2016-cı illərdə müəyyən fasilə ilə tətbiq olunub. Proses hələ SSRİ dönəmində başlayıb, SSRİ-nin süqutuna yaxın – 1991-ci ilin fevralında dayanıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bir neçə il sonra yenidən yay-qış vaxtına keçidin tətbiqinə başlanıb.

1997-ci il martın 17-də Nazirlər Kabinetinin verdiyi qərarla hər il martın son bazar günü əqrəblər bir saat qabağa çəkilib və yay vaxtı başlayıb, oktyabrın son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunub. 2016-cı il martın 17-də buna son qoyulması qərarı verilib.

Hökumət yay və qış vaxtlarına keçid praktikasının tətbiqinə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təklifi ilə son qoyub. Akademiya öz təklifini yay və qış vaxtlarına keçidin bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlər yaratması, eləcə də İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsi ilə əsaslandırıb.

Son 10 illik təcrübə nə göstərir: yay vaxtının ləğvi doğru qərar idimi? Yenidən yay vaxtına qayıtmağa ehtiyac varmı?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasnda tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əslində dünyanın bir çox ölkəsində saatları bir saat irəli-geri çəkməkdə əsas məqsəd günün işıqlı vaxtından daha səmərəli yararlanmaqdır: “Bu, iqtisadiyyatla bağlı bir məsələdir və daha çox enerjiyə qənaət olunmasına, insanların iş qabiliyyətinin düzgün bölüşdürülməsinə yönəlib. Amma görünən odur ki, Azərbaycanda geniş strukturlu bir iqtisadiyyat qurulmadığı və orta biznes kifayət qədər inkişaf etmədiyi üçün yay vaxtının tətbiqinə elə də zərurət yoxdur.

Ola bilər, gələcəkdə iqtisadiyyatımız elə səviyyəyə qalxar ki, günün işıqlı vaxtından optimal istifadə etmək məsələsi bizdə də aktuallıq qazana, zərurətə çevrilər. Məncə, yalnız o zaman yay vaxtının tətbiqini bərpa edib-etməmək üzərində düşünmək mümkündür”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Medianews.az-a deyib ki, son 10 ilin təcrübəsi Azərbaycanda yay vaxtına keçidin ləğvinin doğru qərar olduğunu təsdiqləyir: “Saatların ildə iki dəfə dəyişdirilməsinin aradan qalxması insanların gündəlik həyatını sadələşdirir, xüsusilə yuxu rejiminin pozulması, iş və təhsil qrafiklərinə uyğunlaşma kimi problemləri azaldır. Həmçinin informasiya texnologiyaları, nəqliyyat, bank və rabitə sistemlərində vaxt dəyişiklikləri ilə bağlı yaranan texniki risklər minimuma enir.

Son illər bir sıra ölkələr yay vaxtından ya imtina edib və ya onu yenidən nəzərdən keçirməyə başlayıb. Tədqiqatlar göstərir ki, yay vaxtının enerji qənaəti baxımından verdiyi üstünlüklər əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Müasir enerji istehlakı strukturu dəyişdiyi üçün saatların irəli-geri çəkilməsi elektrik enerjisinə nəzərəçarpacaq qənaətə gətirmir.

Yay vaxtının tətbiqinə tərəfdar çıxanlar deyirlər ki, axşam saatlarında gün işığının daha uzun olması istirahət, açıq havada fəaliyyət və bəzi xidmət sahələri üçün müəyyən üstünlüklər yaradır. Lakin bu üstünlüklər saatların ildə iki dəfə dəyişdirilməsinin yaratdığı narahatlıqlardan daha əhəmiyyətli deyil.

Mövcud şəraitdə Azərbaycanda yenidən yay vaxtına qayıtmağa ciddi ehtiyac yoxdur. Son 10 ildə ölkə vahid vaxt rejimi ilə işləyib və bu sistem həm vətəndaşlar, həm də dövlət və özəl sektor üçün sabit, rahat olub. Yeni elmi sübutlar və ya iqtisadi zərurət ortaya çıxmadığı halda mövcud vaxt rejiminin saxlanılması daha məqsədəuyğun hesab edilə bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun