İyulun 19-u bütün dünya futbol azarkeşlərinin diqqəti Argentina-İspaniya oyununa yönələcək. Bununla da futbol üzrə 23-cü dünya çempionatı başa çatacaq. Hamı səbirsizliklə 24-cü çempionatı gözləyəcək.
İndi isə hamı, xüsusilə Argentina və İspaniya azarkeşləri final oyununu gözləyir. Bu oyunda kimisi Argentinanı, kimisi də İspaniyanı favorit görür. Qrup mərhələsindəki oyunlardan fərqli olaraq burda iki qrup azarkeşdən biri haqlı çıxacaq. Kimisi emosional (arzu əsasında), kimisi də soyuqqanlı (oyunçuların peşəkarlığı, təcrübəsi əsasında) proqnoz verir. Kimin haqlı olacağını isə zaman və ya oyun göstərər.
Mən oyunun nəticəsi ilə bağlı proqnoz vermək fikrindən uzağam. Etiraf edim ki, bu, tapmaca tapmaqdan fərqlənməyəcək. Ancaq bəzi statistik göstəricilər əsasında bəzi fikirlərimi bildirmək istəyirəm. Bəzi göstəricilər Argentinanın, bəzi göstəricilər isə İspaniyanın lehinədir.
Birinci ondan başlayaq ki, bu komandalar tarixdə 14 dəfə qarşılaşıblar və nəticələr bərabər olub. Hər birinə 6 qələbə və 2 heç-heçə. Bu görüşlərin cəmisi biri dünya çempionatı çərçivəsində olub. 1966-cı ildə Argentina İspaniya üzərində 2:1 hesabı ilə qələbə çalıb. Digər oyunlar yoldaşlıq görüşləri və iki oyun “Copa Hispanidad” (Argentina və İspaniya milli futbol komandaları arasında 1972-1988-ci illərdə təşkil olunmuş yoldaşlıq xarakterli beynəlxalq futbol turniri) çərçivəsində baş tutub. Vurulan topların sayına görə İspaniya (18) Argentinanı (14) üstələyir. Deməli, qarşılaşmalar kiminsə üstünlüyü barədə fikir söyləməyə imkan vermir.
Digər göstəricilərə baxaq. 19 dəfə dünya çempionatında iştirak etmiş Argentina 6, 17 çempionatda iştirak etmiş İspaniya 1 dəfə finala çıxıb. Argentina bunun yarısında, yəni 3-də qələbə qazanıb. İspaniya da öz növbəsində yeganə şansı əldən verməyib.
Bazar günü Argentina 7-ci, İspaniya isə 2-ci dəfə final oyununa çıxacaq. İspaniyanın final oyunu təcrübəsinin az olması da qiymət verməyə imkan vermir. Bu məsələdə Argentina İspaniyadan daha təcrübəlidir.
Argentinanın qələbə şansını artıran bir amil var. Hamımızın bildiyi bu amili sınaqdan çıxmış qanunauyğunluq da adlandırmaq olar. Bu qanunauyğunluq ondan ibarətdir ki, Avropa qitəsində keçirilən dünya çempionatının qalibi bir qayda olaraq avropalı, Amerika qitəsində keçirilən çempionatın qalibi isə amerikalı olur. İndiyədək keçirilmiş 22 çempionatda bu qanunauyğunluq cəmisi 2 dəfə pozulub. 1958-ci ildə İsveçdə keçirilmiş dünya çempionatının qalibi Braziliya, 2014-cü ildə Braziliyada keçirilmiş çempionatın qalibi Almaniya olub. Məsələ bundadır ki, qaliblərdən fərqli olaraq bir qanunauyğunluq heç zaman pozulmayıb. Amerikada “Avropa komandalarının finalı”, Avropada da “Amerika komandalarının finalı” heç vaxt olmayıb. Bu baxımdan Amerika qitəsində baş tutan çempionatda finala İngiltərənin yox, Argentinanın çıxması təəccüblü olmamalıdır.
Ancaq bir statistika var ki, bu, finalda Argentinanın məğlubiyyətə uğramaq riskini artırır. Bu, məsələyə astroloji yanaşmadır. Məsələ ondadır ki, hər 4 ildən bir keçirilən dünya çempionatı Çin təqvimi ilə At, İt və Pələng illərinə təsadüf edir. Hər 12 ildən bir bu heyvan adları təkrarlanır. Argentinanın 6 dəfə finalda olduğu illərin 2-si Pələng, 4-ü isə At ilinin payına düşüb. Pələng ilində bu komanda hər iki finaldan (1986, 2022) qaliblə çıxıb.
Ancaq At ilində vəziyyət əksinədir. At ilində 4 oyunun 3-ündə (1930, 1990, 2014) məğlub olub. Cəmisi 1 dəfə - 1978-ci ildə Niderlanda qalib gəlib.
İspaniya isə yeganə çempionluğunu Pələng ilində (2010) qazanıb. Deməli, Pələng ili hər iki komanda üçün uğurludur. Amma At ilinin Argentina üçün uğursuz olduğunu söyləmək olar. At ilində yeganə şanslı olduğu 1978-ci ildə isə qələbəni əlavə vaxtda qazanıb.
İndi növbəti final At ilinə təsadüf edir. Bu ilin İspaniya üçün uğurlu olub-olmamasını ancaq iyulun 19-da biləcəyik.
Hər iki komandanın lehinə və əleyhinə işləyən şərtlər var. Çempionatın keçirildiyi yer Argentinanın xeyrinə, çempionatın keçirildiyi il isə əleyhinə işləyir. Ona görə də Argentina qələbə çalmaqla “At ili lənəti”ndən qurtara bilər. Messini həmişə Maradona ilə eyniləşdirirlər. Ancaq bir məsələni unutmaq olmaz ki, 1986-cı ildə çempion olan Maradona 1990-cı ildə finaldan məğlub ayrıldı. Görəsən, 2022-ci ildə çempion olan Messini də Maradonanın taleyi gözləyirmi, yoxsa ikinci dəfə dalbadal kuboku başı üzərinə qaldırmaq şansı olacaq?
Qeyd edim ki, mundial tarixində bir ölkənin 2 dəfə dalbadal çempion olması təcrübəsi var. İtaliya 1934 və 1938-ci illərdə, Braziliya 1958 və 1962-ci illərdə buna nail olublar.
Bazar günü torpaq (Amerika) zamana (At ili) qarşı, sönməkdə olan ulduz (Messi) parlamaqda olan ulduza (Yamal) qarşı oynayacaq. Yazılanlar sadəcə pozulması mümkün olan qanunauyğunluqlardır. Hər şey oyunçuların ruh yüksəkliyindən, dəqiqliyindən və şanslarından asılı olacaq.
Samir Əliyev