Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib.
Medianews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Elgün Sədyar oğlu Soltanovun ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Elgün Soltanovun külli miqdarda dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarı çıxarılıb və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Elgün Soltanov Özbəkistan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.