Bakıda nə vaxtsa baş verə biləcək zəlzələ ehtimalı paytaxtda tikilən yeni yaşayış binalarının təhlükəsizliyi ilə bağlı müzakirələri gündəmə gətirir. Xüsusilə son illərdə inşa edilən bəzi sosial yaşayış kompleksləri ilə bağlı keyfiyyət problemləri və sakin şikayətləri narahatlığı artırır. Mütəxəssislər bildirirlər ki, binanın zəlzələyə davamlılığı təkcə görünüş və qiymətlə deyil, istifadə olunan materiallar və tikinti standartları ilə müəyyən olunur. Bakıda tikilən yeni binalar mümkün güclü yeraltı təkanlara nə dərəcədə tab gətirə bilər və bu tikililərə nəzarət kifayət qədər aparılırmı? Mənzil alarkən və ya yaşayış binası seçərkən vətəndaşlar hansı məqamlara xüsusi diqqət yetirməlidirlər?
Bu barədə Medianews.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, yeni tikili binaların seysmik baxımdan davamlılığı və dayanıqlığı ilə bağlı əslində ciddi problem yoxdur.

Bu problem daha çox köhnə tikililərə aiddir. Çünki ölkədə istismar müddəti bitmiş kifayət qədər çox yaşayış binası mövcuddur:
“Vətəndaşlar yeni tikililərlə bağlı narahat olmamalıdırlar. Belə ki, 2006-cı ildən etibarən ölkədə inşa olunan bütün yaşayış kompleksləri dövlət nəzarəti altındadır. Fövqəladə Hallar Nazirliyi həmin binaların dayanıqlığını yoxladıqdan sonra onlar istismara qəbul edilir. Təxminən 70-ə yaxın bina var ki, istismara qəbul aktı almayıb. Həmin binalarda isə yaşayış var. Yəni çıxarış yoxdur. Əsas ehtiyat edilməli olan binalar da məhz bunlardır. Digər binalarda isə, yəni istismara qəbul aktı olan binalarda heç bir problem ola bilməz. Ola bilər ki, nə vaxtsa binada hansısa qüsur aşkarlansın, lakin müvafiq dövlət qurumları binanın dayanıqlığını yoxlamadan və test etmədən onu istismara qəbul etmirlər", – deyə ekspert bildirib.
E.Azadov qeyd edib ki, təkcə Bakı şəhərində istismar müddəti bitmiş 20 mindən çox çoxmənzilli yaşayış binası var. Bunların böyük əksəriyyəti 5 mərtəbəli binalardır və bu, daha qlobal problemdir:
“İstismar müddəti bitmiş bu binalarda sakinlər hələ də yaşayırlar. Məsələn, 1-ci mikrorayon Nazirlər Kabinetinin 2007-ci ilin aprel ayında qəbul etdiyi 83 nömrəli qərara əsasən yaşayış üçün aşınmış, qismən qəzalı hesab olunur. Eyni vəziyyət digər mikrorayonlarda və müxtəlif rayonlardakı bəzi 5 mərtəbəli binalarda da mövcuddur. Yəni əsas problem məhz istismar müddəti bitmiş binalardır. Bu məsələ uzun illərdir gündəmdə olsa da, hələ də öz həllini tapmayıb”.
Oğuz Ayvaz,
Medianews.az