Əfqanıstanın şərq hissəsində şiddətli yağışların yaratdığı güclü daşqınlar və sel nəticəsində 40-dan çox şəxs həyatını itirib, onlarla insan xəsarət alıb və itkin düşənlər var.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidməti məlumat yayıb.
Təbii fəlakət yaşayış evlərinə, ictimai binalara, eləcə də ticarət obyektlərinə ciddi ziyan vurub. Dağıntıların miqyasının qiymətləndirilməsi prosesi davam etdirilir.
BMT-nin humanitar təşkilatları tərəfdaşları ilə birlikdə zərərçəkmiş sakinlərin ehtiyaclarını öyrənir və müvafiq tədbirlər planı hazırlayır.
İlk növbədə insanların müvəqqəti sığınacaq, qida, tibbi xidmət, ilkin tələbat malları və psixososial dəstək ilə təmin olunması nəzərdə tutulur.
Fəlakət zonalarına səyyar həkim briqadaları cəlb edilib. Səhiyyə müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib, əlavə dərman ehtiyatlarının, müalicəvi qidaların və ərzaq məhsullarının çatdırılması həyata keçirilir.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi yerli hakimiyyət orqanları və tərəfdaşlarla birgə əhaliyə yardım göstərir. Dağılmış yollar və çətin dağlıq relyef xilasetmə və humanitar əməliyyatların icrasını mürəkkəbləşdirir./oxu.az