ABŞ-nin Alabama ştatında federal hakim bir məhkumun azot qazı ilə edamının icrasını dayandırıb.
Medianews.az xəbər verir ki, məhkəmə bu üsulun Konstitusiyada qadağan olunan “qəddar və qeyri-adi cəza” hesab oluna biləcəyini əsas gətirib.
Federal hakim Emili Marks 49 yaşlı məhkum Ceffri Linin azot qazı ilə edamına icazə verməyib. Hakim qərarında bildirib ki, qadağa yalnız bu edam üsuluna şamil olunur. Məhkumun ölüm hökmü digər qanuni üsullarla – ölümcül inyeksiya və ya elektrik stulu vasitəsilə icra edilə bilər.
Qeyd edək ki, Alabama ştatında azot qazı ilə edam üsulu 2024-cü ildən tətbiq olunur. Bu zaman məhkuma xüsusi maska taxılır və azot qazı verilir. Nəticədə oksigen çatışmazlığı ölümə səbəb olur.
ABŞ-də indiyədək 8 nəfər bu üsulla edam edilib. Ceffri Li isə azot qazı ilə edam olunacaq 9-cu məhkum ola bilərdi.