Medianews.az
Azərbaycanın tanınmış idman icmalçısının PROQNOZU
200 baxış

Azərbaycanın tanınmış idman icmalçısının PROQNOZU

İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən 23-cü dünya futbol çempionatı finişə yol alıb. Yarımfinal (Fransa – İspaniya, İngiltərə – Argentina) 14-15 iyula, üçüncü yer oyunu və final 19 iyula təyin olunub.

Yarımfinalçıların hər biri titul sahibidir. İngiltərə 1966-cı ildə, Argentina 1978, 1986 və 2022-ci illərdə, Fransa 1998 və 2018-ci illərdə, İspaniya 2010-cu ildə dünya çempionu olub.

Əvvəlki 22 çempionatın daha 4 qalibi var. 1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya zəfər əldə edib.

İtaliya 23-cü dünya çempionatına çıxa bilməyib, Uruqvay qrupda qalıb, Almaniya 1/16 finalda, Braziliya 1/8 finalda ələnib.

Beləliklə, 2026-cı ilin dünya çempionatı əvvəlki çempionlardan birinin qələbəsi ilə bitəcək. Bəs kimin? Argentina dördüncü, Fransa üçüncü, yoxsa İngiltərə və ya İspaniya ikinci çempionluğa sevinəcək?

Tanınmış idman icmalçısı Rasim Mövsümzadə Medianews.az-ın sorğusunu belə cavablandırıb:

“Yarımfinalçılardan Argentina komandasının yenidən dünya çempionu titulunu qazanmaq ehtimalının daha yüksək olduğunu düşünürəm. Çünki heyətində bəlkə də bəşər tarixinin ən şanslı insanı çıxış edir. 1986-cı il mundialında Dieqo Maradonanın əli ilə vurduğu məşhur qoldan sonra futbol leksikonuna "Tanrının əli" ifadəsi daxil olmuşdusa, bu gün Lionel Messi üçün yarı zarafat, yarı ciddi "Tanrının ən sevimli bəndəsi" demək də yerinə düşər. Üstəlik, Argentina millisinin bəxti onda gətirib ki, yarımfinala qədər FIFA reytinqinin ilk 10-luğunda yer alan komandaların heç biri ilə üz-üzə gəlməyib. Yeri gəlmişkən, bu mövzuda bir argentinalı jurnalist dostumla danışarkən mənə belə də dedi: “Ümumiyyətlə, argentinalılar çox şanslı insanlardır”.

Bu mundialda göstərdiyi oyuna görə isə Fransa millisini çempionluğa daha layiq hesab etmək mümkündür. DÇ-2022-nin finalında Kilian Mbappe ilə yanaşı oyundaşları da eyni əzmkarlığı göstərsəydilər indi o, Peleyə məxsus üçqat dünya çempionu rekorduna şərik çıxa bilərdi.

Avropa çempionu İspaniya millisi ənənəvi olaraq topa nəzarət edir, oyunun tempini müəyyənləşdirir və rəqibi uzun müddət müdafiədə saxlamağı bacarır. Buna baxmayaraq, son zərbə mərhələsində və qol vəziyyətləri yaratmaqda bəzən ciddi çətinlik yaşayır.

İngiltərə komandası da 1966-cı ildə bizim Tofiq Bəhramovun tarixə düşən qərarı ilə qazandığı dünya çempionluğunu təkrarlayacaq gücdə olduğu təəssüratını yaratmır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun