Rusiya mediasında, sosial şəbəkələrində, xüsusilə Teleqram kanallarında Azərbaycana qarşı mənfi informasiya axınının yenidən intensivləşməsi diqqət çəkir. Müxtəlif platformalarda oxşar tezislərin və ritorikanın eyni vaxtda yayılması isə bu prosesin təsadüfi deyil, sistemli xarakter daşıdığı barədə qənaəti gücləndirir.
Diqqətçəkən məqam odur ki, bu kampaniya Azərbaycan-Rusiya münasibətlərində normallaşma mesajlarının verildiyi dövrə təsadüf edir.

İnformasiya müharibəsi müasir geosiyasətin əsas alətlərindən biridir
Müasir beynəlxalq münasibətlərdə informasiya müharibəsi artıq klassik hərbi qarşıdurmalar qədər əhəmiyyətli alət hesab olunur. Dövlətlər yalnız iqtisadi və hərbi resurslarla deyil, həm də media, sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə rəqabət aparırlar. Bu baxımdan, hər hansı ölkəyə dair mənfi narrativlərin formalaşdırılması və onların geniş auditoriyaya çatdırılması geosiyasi təsir mexanizminin bir hissəsi kimi çıxış edir.
Görünən odur ki, Rusiya mediasında Azərbaycana dair mənfi fonun güclənməsi prosesi xaotik xarakter daşımır, mərkəzləşdirilmiş qaydada, istiqamətverici tezislər əsasında həyata keçirilir. Müxtəlif platformalarda oxşar mövzuların sinxron şəkildə gündəmə gətirilməsi informasiya siyasətinin koordinasiya olunmuş xarakter daşıdığını ortaya qoyur.
Sosial şəbəkələr və Teleqram kanalları bu prosesdə xüsusi rol oynayır. Ənənəvi media ilə müqayisədə bu platformalarda məlumatın yayılma sürəti daha yüksəkdir və emosional məzmun auditoriyaya daha tez təsir edir. Məhz buna görə də son illər bir çox ölkələr informasiya təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi qiymətləndirməyə başlayıblar.

Azərbaycanlı icmasına qarşı ksenofobiya
Rusiya cəmiyyətində milyonlarla miqrant və müxtəlif etnik icmalar yaşayır. Azərbaycan əsilli vətəndaşlar da uzun illərdir Rusiyanın iqtisadiyyatında, ticarətində və xidmət sektorunda fəal iştirak edirlər. Son günlər bəzi media resurslarında və sosial platformalarda azərbaycanlıların ümumiləşdirilmiş şəkildə mənfi kontekstdə təqdim edilməsi isə xüsusi həssaslıq doğurur. Əslində Rusiyada şovinizm, ksenofibiya, milli ayrı-seçkiliyin geniş yayıldığı bir vəziyyətdə belə bir yanaşma təəccüb doğurmamalıdır. Son günlər Rusiya mediasında, sosial mediasında bu ölkədə yaşayan, oranın vətəndaşı olan, onun inkişafına töhfə verən azərbaycanlılar “mütəşəkkil cinayətkar qruplaşma” kimi qələmə verilir, onların haqqında təhqiramiz ifadələr işlədilir. Bu, Rusiya cəmiyyətində özünə əsaslı yer etmiş faşist təfəkkürünün ifadəsidir. Aydın görünür ki, Rusiya cəmiyyəti milli, dini ayrı-seçkilik ruhunda idarə olunur.
Ötən il iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində Səfərov qardaşlarının evinə basqın etməsi, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını amansızcasına qətlə yetirməsi, bir neçə nəfərin həbs olunması, bundan başqa, həmin ilin iyulunda Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlunun saxlanılması, cinayət işi başlanması, məhkəmə qərarı ilə uzun müddətli həbsə məhkum edilməsini Rusiyanın həm rəsmi qurumlarında, həm də ümumilikdə Rusiya cəmiyyətində ksenofobiya və ayrı-seçkiliyin bariz nümunəsi hesab etmək olar. Acınacaqlı hal budur ki, bu proses artıq davamlı xarakter alıb. Son illər ərzində Azərbaycanın Rusiyadakı diaspor fəalları, eləcə də ayrı-ayrı iş adamları və digər şəxslər barədə əsassız həbslər həyata keçirilib, bir neçə nəfər Rusiya vətəndaşlığından məhrum edilib, deportasiya olunub.
Baş verənlərin analizi və faktlar belə qənaətə gəlməyə əsas verir ki, Rusiya tərəfinin atdığı bu addımlar çox vaxt hüquqi əsaslara söykənmir, həmin şəxslər yalnız etnik mənsubiyyətinə görə belə hallarla üzləşirlər.
Ümumiyyətlə, nəzərə alınmalıdır ki, konkret hüquq pozuntuları ilə bağlı araşdırmalar aparılması normal hüquqi prosesdir, lakin bütöv bir etnik icmanın kollektiv şəkildə kriminal obrazda təqdim olunması həm ölkələr, həm də xalqlar arasında münasibətlərə ciddi zərər verə bilər.
Azərbaycan-Rusiya münasibətlərinin tarixi və sosial miqyası nəzərə alınanda belə ritorikanın uzunmüddətli nəticələri xüsusilə diqqətlə qiymətləndirilməlidir. İki ölkə arasında yalnız siyasi və iqtisadi əlaqələr deyil, həm də geniş humanitar və ailə bağları mövcuddur. Buna görə də informasiya məkanında formalaşdırılan mənfi stereotiplər yalnız diplomatik münasibətlərə deyil, insan münasibətlərinə də təsir göstərə bilər.
Bu kontekstdə Rusiya mediasında, sosial şəbəkələrində, eləcə də ayrı-ayrı şəxslərin açıqlamalarında Azərbaycan əleyhinə aparılan kampaniyalar, səsləndirilən iftiralar, təhqirlər yaddaşlardan silinməyib. Eyni prosesin son günlər yenidən başlanması həm medianın, həm də ayrı-ayrı şəxslərin eyni mərkəzdən göstəriş aldığını söyləməyə əsas verir.

Geosiyasi rəqabət və informasiya gündəmi
Beynəlxalq münasibətlər nəzəriyyəsində qəbul olunan yanaşmalardan biri ondan ibarətdir ki, informasiya məkanı çox vaxt geosiyasi proseslərin davamı kimi çıxış edir. Dövlətlər arasında fikir ayrılıqları, regional rəqabət və ya strateji maraqların toqquşması yalnız diplomatik bəyanatlarda deyil, media gündəmində də öz əksini tapır. Bu baxımdan Rusiya mediasında və sosial platformalarında Azərbaycana dair mənfi məzmunun artması ayrıca hadisə kimi deyil, daha geniş regional kontekstdə qiymətləndirilə bilər.
Son illərdə Cənubi Qafqazda yaranmış yeni siyasi reallıq region ölkələrinin daha müstəqil qərarlar qəbul etməsinə, çoxtərəfli əməkdaşlıq formatlarının genişlənməsinə və nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyətinin artmasına səbəb olub. Azərbaycan enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və regional diplomatiyada rolunu gücləndirdikcə, ölkə ətrafında informasiya mübarizəsinin də intensivləşməsi müşahidə olunur. Bu, yalnız Rusiya ilə məhdudlaşmayan, ümumilikdə müasir geosiyasi rəqabətin xüsusiyyətlərindən biridir.

Diplomatik ritorika, ikiüzlü siyasət
Əslində, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Rusiya ilə münasibətlərin normallaşması mesajını verirdi. Prezident İlham Əliyev Rusiya ilə münasibətlər haqqında sualı cavablandırarkən bildirdi ki, Rusiya ilə münasibətlərimizə dəyər veririk.
“Biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Onlar həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, həm də yarana biləcək yenilərini əhatə edir. Əlbəttə, burada nəqliyyat, ticarət və humanitar əməkdaşlıq mühüm rol oynayır”, - deyə dövlət başçını vurğuladı.
Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiyaya səfərə yollanıb. Qeyd etmək yerinə düşər ki, iki ölkə arasında mövcud gərginlik fonunda bu səfərin baş tutması mümkün olmurdu.
Həm Azərbaycan Prezidentinin fikirləri, həm xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri Rusiya ilə ikitərəfli münasibətlərə dair Azərbaycanın xoş niyyətinin nümayişidir.
Təəssüf ki, Rusiya tərəfi Azərbaycanın xoş niyyətini dəyərləndirmir və vəziyyəti yenidən gərginləşdirmək yolunu tutub.
Rusiyanın rəsmi dairələrindən müəyyən pozitiv bəyanatlar, siqnallar səslənsə də, sosial şəbəkələrdə, Teleqram kanallarında antiAzərbaycan ritorikasının yenidən vüsət alması iki ölkə arasında münasibətlərə kəskin mənfi təsir göstərir. Xüsusən o halda ki, göstərişin eyni mərkəzdən, rəsmi strukturlardan gəldiyi aydın görünür. Bu vəziyyətdə Rusiya tərəfinin yürütdüyü ikiüzlü siyasət də bir yandan təəssüf doğurur.
Bu platformalarda yayılan məlumatlar qısa müddətdə milyonlarla istifadəçiyə çatır, emosional məzmun isə faktiki məlumatlardan daha sürətlə yayılır. Məhz buna görə son illərdə dezinformasiya, manipulyativ məlumatların dövriyyəsi və koordinasiyalı informasiya kampaniyaları bir çox ölkələrin milli təhlükəsizlik strategiyalarında ayrıca risk kimi qiymətləndirilir.
Müasir informasiya müharibəsində əsas məqsəd təkcə hansısa xəbəri yaymaq deyil. Məqsəd uzunmüddətli narrativ formalaşdırmaq, auditoriyanın müəyyən ölkə və ya xalq haqqında təsəvvürünü dəyişmək, ictimai rəyə təsir göstərməkdir. Buna görə də ayrı-ayrı xəbərlərdən daha çox, onların ümumi istiqaməti və təkrarlanma tezliyi təhlil predmetinə çevrilir.
Beləliklə, bu, həm də ikiüzlülüyün, sözdə bir, əməldə isə fərqli yanaşmanın təzahürüdür. Bir tərəfdən ikitərəfli münasibətlər barədə pozitiv fikirlər səsləndirilir, digər tərəfdən isə əlaqələri mərkəzlə şübhə doğurmayan və birbaşa Kremldən idarə olunduqlarını bilənın şəxslərə tezislər verilir və onların Azərbaycana qarşı təhqiramiz, ksenofob, faşist təfəkkürünə əsaslanan hücumları təşkil olunur. Görünür, Dumaya seçkilər ərəfəsində ictimai narazılığın artması, habelə son zamanlar Ukrayna ilə müharibədə ciddi uğursuzluqlar, Ukrayna Ordusunun sarsıdıcı zərbələri Rusiya hakimiyyətini yeni düşmən obrazı yaratmağa və mövcud problemləri bununla ört-basdır etməyə məcbur edir. Faktlar da göstərir ki, Rusiyada vəziyyət getdikcə gərginləşir. Qərbin sanksiyaları ölkə iqtisadiyyatını çökdürdür, Ukraynanın ardıcıl zərbələri ölkədə yanacaq böhranına səbəb olub.

Cənubi Qafqaz artıq əvvəlki deyil
Prezident İlham Əliyevin Şuşa Forumunda səsləndirdiyi "Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib" fikri regionda baş verən dəyişikliklərin mahiyyətini ifadə edən əsas tezislərdən biri kimi qiymətləndirilə bilər.
Son illərdə regionun siyasi xəritəsi, iqtisadi əməkdaşlıq formatları və təhlükəsizlik arxitekturası əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan artıq yalnız regional deyil, Avropa və Asiya arasında mühüm enerji və logistika tərəfdaşlarından biri kimi çıxış edir. Orta Dəhlizin inkişafı, enerji ixrac marşrutlarının genişlənməsi və beynəlxalq iqtisadi layihələr ölkənin geosiyasi çəkisini artırıb.
Belə şəraitdə region dövlətləri ilə münasibətlərin əvvəlki yanaşmalar əsasında qurulması getdikcə daha çətin görünür. Yeni reallıq qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan siyasəti zəruri edir.
Rusiya Cənubi Qafqazda formalaşmış yeni reallığı ya görmür, ya da görür, lakin qəbul etmək istəmir. Moskva artıq köhnə metodlardan imtina edərək region ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışmalıdır. Rusiya öz iradəsini diqtə etməyə çalışmaqla, siyasətini ancaq öz maraqları çərçivəsində qurmaqla, daxildə digər xalqlara qarşı nifrət, ayrı-seçkilik, dözümsüzlük aşılamaqla yalnız özünə ziyan edəcək./APA