Türkiyəli müğənni Zeynəb Bastık karyerasının ilk illərində sosial mediada uzun müddət linç kampaniyasına məruz qaldığını və bunun psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, müğənni "Fizy" platformasında Kaan Ölkərin təqdim etdiyi "Popcast" proqramında çıxışı zamanı bildirib ki, həmin dövr onun üçün olduqca çətin keçib.
Bastık deyib ki, komandası ilə birlikdə qarşılarına yalnız daha yaxşı işlər görmək məqsədi qoyublar: "Əgər dayansaq, bizi yaxalayacaqlar. Buna görə də dayanmadan irəliləməli idik. Bütün diqqətimizi işləməyə yönəltdik və bu enerjimiz bizə uğur gətirdi. Tolqa Akış bu karyera üçün çox əziyyət çəkdi. Geriyə baxanda isə bu qədər qaçmaqdan bir qədər yorulduğumu hiss edirəm".
Zeynəb Bastık hesab edir ki, ona qarşı məqsədli şəkildə linç kampaniyası aparılıb: "Mənə olan nifrəti artırmaq üçün yalan xəbərlər yayılırdı. İndi isə özümü yaxşı hiss edirəm. Bunun üçün müntəzəm terapiyanın da böyük rolu olub. Özümə deyirəm ki, insanlar həmişə danışacaq. Məni mən və məni sevənlər tanıyır. Yazılanlara inanmaq istəyən onsuz da inanacaq. Buna görə də artıq həmin mühitdən uzaqlaşmışam. Mənim haqqımda yazılanları oxumuram. Dörd ildir "X" platformasında adımı axtarmıram".
Müğənni məşhur olmağın göründüyü qədər asan olmadığını vurğulayıb. Onun sözlərinə görə, həyatında "Artıq bu işi bacarmıram" deyərək ağladığı anlar da olub: "Azadlıq məsələsində çətinlik çəkirdim. İndi daha rahatam, daha çox sosiallaşa bilirəm. Amma ilk vaxtlar insanların mənim haqqımda nə düşündüyünü həddindən artıq önəmsəyirdim və hər kəs tərəfindən sevilməyə çalışırdım".
Zeynəb Bastık sevgilisi Serkay Tütüncü ilə münasibətlərindən də danışıb. O bildirib ki, münasibətləri həm ehtiraslı, həm də etibar üzərində qurulub: "Çox sakit və hüzurlu münasibətimiz var. Mən özümü ən rahat evimdə hiss edirəm. Serkay ilə birlikdə yaşadığımız həyata başlamışıq və artıq o, mənim evimə çevrilib. İnsan öz evində rahat deyilsə, heç yerdə rahat ola bilməz".
Zeynəb Bastık gələcəkdə ana olmaq arzusunu da bir daha dilə gətirib: "Mən bir gün ana olmaq istəyirəm. Düşünürəm ki, həyat hekayəmin ən böyük tamamlayıcı hissəsi məhz ana olmaq olacaq".
21.07.2026, 07:05
210
baxış
Zara Editor