Medianews.az
Dünya futbolundan ölkə prezidentliyinə -
116 baxış

Dünya futbolundan ölkə prezidentliyinə - Kimlər var?

Dünya siyasətçiləri arasında gənclik illərində futbolçu olmuş şəxslər az deyil. Onlardan bəzisi hətta dövlət başçısı səviyyəsinə qədər yüksələ bilib.

Vaxtilə beynəlxalq miqyasda peşəkar futbolçu kimi tanınan şəxslərdən isə indiyədək yalnız iki nəfər ölkə prezidenti postuna əyləşib: Corc Vea və Mixail Kavelaşvili.

Medianews.az xəbər verir ki, 2018-2024-cü illərdə Liberiyaya prezidentlik etmiş Corc Vea Afrika futbolunun ulduzlarından olub. O, hücumçu kimi 18 il yaşıl meydanlarda parlaq karyera qurub, üç dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib.

1966-cı il təvəllüdlü Corc Vea Avropanın “Monako”, “Paris Sen-Jermen”, “Milan”, “Mançester Siti” və “Çelsi” kimi klublarında çıxış edib. 1995-ci ildə FİFA onu dünyanın ən yaxşı futbolçusu seçib və “Qızıl top”la mükafatlandırıb. Corc Vea indiyədək Afrika futbolçuları, eyni zamanda dünyanın keçmiş və indiki dövlət başçıları arasında bu mükafatı almış yeganə şəxsdir.

Corc Vea 1988-1992-ci illərdə “Monako” klubunda 100-dən çox oyuna çıxaraq Fransa kubokunu qazanıb. Daha sonra “Paris Sen-Jermen (1992-1995) ilə Fransa Liqa çempionu olub. UEFA Çempionlar Liqasında bombardir adını qazanıb.

Karyerasının ən parlaq dövrünü – 1995-2000-ci illəri İtaliyada keçirən Vea “Milan”la iki dəfə İtaliya A seriyasının çempionu olub. Onun bütün meydançanı qaçaraq "Verona" klubunun qapısından keçirdiyi qol futbol tarixinə düşüb.

2000-ci ildə “Çelsi”də oynayan Vea İngiltərə kubokunu qazanıb. Elə həmin il “Mançester Siti”də, sonra 2001-ci ilədək qısa müddət Marsel klubunda çıxış edib. Futbolçu karyerasını "Əl-Cəzirə" klubunda bitirib.

Ölkəsinin milli komandasını təkbaşına maliyyələşdirən Corc Vea yığmanın kapitanı olub və 1996-cı ildə Liberiya millisini tarixində ilk dəfə Afrika Millətlər Kubokunun final mərhələsinə aparıb.

Gürcüstanın hazırkı prezidenti, 1971-ci il təvəllüdlü Mixeil Kavelaşvili peşəkar futbolçu karyerasına 1980-ci illərin ikinci yarısında “Dinamo Tbilisi” klubundan başlayıb. “Dinamo Tbilisi”nin hücumçusu kimi 1995-ci ilədək 132 oyunda 80 qol vurub və 5 dəfə Gürcüstan çempionu olub. Milli komandada 46 oyun keçirib, 9 qol vurub.

Kavelaşvili 1995-1997-ci illərdə İngiltərə Premyer Liqasında “Mançester Siti” klubunun formasını geyinib, 28 oyunda 3 qol vurub, debüt oyununda əzəli rəqib “Mançester Yunayted”in qapısından top keçirməsi ilə yadda qalıb.

“Mançester Siti”dən sonra o, 10 ilə yaxın - 2006-cı ilədək İsveçrə Super Liqasının aparıcı klublarında (“Qrasshopper”, “Sürix”, “Luzern”, “Sion”, “Aarau” və “Bazel”) çıxış edib.

Son mövsümünü “Bazel”də keçirən və futbolçu karyerasına nöqtə qoyduğu il (2006) İsveçrədə məşqçilik lisenziyası alan Kavelaşvili bir müddət idman layihələri ilə məşğul olandan sonra siyasətə atılıb, 2024-cü ilin dekabrından Gürcüstanın prezidentidir.

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun