Medianews.az
QƏRİBƏ VİDEO: Messi nəyi nəzərdə tutur? –
175 baxış

QƏRİBƏ VİDEO: Messi nəyi nəzərdə tutur? – Argentina millisinin başına nə gəlib?

Bu il dünya futbol çempionatının finalında Argentina millisi İspaniyaya uduzandan sonra sosial şəbəkələrdə bir video sürətlə yayılmağa başlayıb.

Medianews.az xəbər verir ki, videoda Argentina milli komandasının final matçına çıxmasına azca qalmış kapitan Lionel Messinin futbolçuları sakitləşdirməyə çalışdığı görünür.

Messi komanda yoldaşlarına deyir: "Sakit olun, uşaqlar, yalnız oyunu düşünün. Başqa heç nəyi fikirləşməyin. Sakit olun, hər şeyi unudun, hər şeyi unudun. Yalnız oyunu düşünün".

Məhz bu sözlər və kapitanın səsinin tonu azarkeşlərin diqqətini cəlb edib. Bir çox izləyici futbolçuların əvvəlki oyunlardakından fərqli olaraq gərgin, narahat və enerjisiz göründüyünü qeyd edib.

“X” sosial şəbəkəsində istifadəçilərdən biri yazıb: "Mən konspirativ nəzəriyyələrə inanmayan adamam. Amma Messinin bu çıxışı çox qəribə görünür və vəziyyətə uyğun gəlmir. Futbolçuların simasında narahatlıq var, enerji isə çox aşağıdır. Bu, çempionat boyu gördüyümüz Argentina deyil".

Başqa bir istifadəçi isə videonu belə şərh edib: “Hamı Messinin dediyi sözlərə diqqət yetirir. Halbuki daha qəribəsi futbolçuların üz ifadələri və bədən dilidir. Onlar sanki artıq məğlub olmuş komanda təsiri bağışlayırlar. Elə bil komandanın böyük hissəsinin başına artıq nəsə gəlib”.

Müzakirələr zamanı Argentina millisinin baş məşqçisi Lionel Skaloninin finaldan sonra səsləndirdiyi fikirlər də yenidən xatırlanıb. Skaloni oyundan əvvəl müəyyən hadisələrin baş verdiyini desə də, "turnirə hörmət əlaməti olaraq" təfərrüatları açıqlamaqdan imtina etmişdi. Bu açıqlama müxtəlif fərziyyələrin yaranmasına əlavə zəmin yaradıb.

Sosial şəbəkələrdə hətta finalın guya danışılmış oyun olması ilə bağlı əsassız iddialar da ortaya atılıb. Lakin bu versiyaların heç biri sübutlarla təsdiqlənməyib və rəsmi mənbələr tərəfindən doğrulanmayıb.

Hadisəyə Argentinanın tanınmış jurnalisti Eduardo Feynman da münasibət bildirib. Onun sözlərinə görə, finaldan əvvəl stadionda ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının olduğu və onların Argentina Futbol Federasiyaları Assosiasiyasının prezidenti Klaudio Tapianı həbs etməyə hazırlaşdığı barədə şayiə yayılıb.

Feynman iddia edib ki, bu söz-söhbət Argentina heyətində narahatlıq yaradıb və şayiələr futbolçulara da çatıb.

"Düşünürəm ki, yaxın vaxtlarda bəzi məqamlar üzə çıxacaq" deyən jurnalist əlavə edib ki, Tapianın adı həm Argentinada, həm də ABŞ-də aparılan bəzi istintaq işlərində keçir.

Bu versiyaya görə, Messinin "hər şeyi unudun" çağırışı məhz finaldan əvvəl yayılan həmin şayiələrlə bağlı olub və futbolçuların diqqətini yalnız oyuna yönəltmək məqsədi daşıyıb.

Amma indiyədək nə Messi, nə Skaloni, nə də Argentina nümayəndə heyətinin digər təmsilçiləri kapitanın "hər şeyi unudun" deyəndə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Buna görə də video sosial şəbəkələrdə müzakirələrə və müxtəlif fərziyyələrə səbəb olmaqda davam edir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun